Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 27 avqust — Sputnik. Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 59356 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.
Cins nisbətinin pozulmasında selektiv abortların rolu nə qədərdir? Bu tendensiya davam edərsə, qarşıdakı illərdə bizi hansı faciələr gözləyir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-105-107 çərçivəsində olmalıdır. Son illər əhalinin gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-115) qalxmasını müşahidə edirik. 2000-ci ildə ölkə üzrə doğulan uşaqların sayı 116 994 olub, onlardan 53,6%-i (62590 nəfəri) oğlan, 46,5%-i (54 404 nəfəri) isə qız olub. 2018-ci ildə ölkə üzrə 138 982 uşaq dünyaya gəlib, onlardan 53,4%-i yəni 74 224 nəfəri oğlan, 46,6%-i, yəni 64 758 nəfəri qızdır. 2019-cu ildə doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Əlbəttə ki, statistik göstəricilərin belə davam etməsi gələcəkdə demoqrafik disbalansın yaranmasına gətirib çıxara bilər. Ümumiyyətlə, təhlillər göstərir ki, ailələr ilk uşaq qız olanda ikinci övladın mütləq oğlan olmasını arzulayırlar".
"İkincisi, müasir kontraseptiv vasitələrdən istifadə etməklə hər bir ailə uşaqların dünyaya gəlmə vaxtını qərarlaşdıra və arzu etdikləri sayda övlad sahibi ola bilərlər. Müasir kontraseptiv vasitələr hamiləliyin planlaşdırılmasının ən sağlam yoludur. Eyni zamanda, oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsi gündəmdə dayanan məsələlərdəndir. Qeyd etmək lazımdır ki, gender bərabərsizliyi ənənələrindən irəli gələn stereotiplər və patriarxal ənənələrin hələ də davam etməsi qız uşaqlarına ailədə və cəmiyyətdə mənfi münasibətin göstəricisidir. Selektiv abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər", - deyə həmsöhbətimiz bildirib.
A.Veysəlova deyir ki, ölkədə ilk dəfə 2012-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat” aparıb: "Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və ASAN Xidmətin dəstəyi ilə 2016-cı ildə ölkədə abortlarla bağlı onlayn sorğu keçirilərək, təhlil hazırlanıb. Vacib məsələlərdən biri də bu istiqamətdə vətəndaş cəmiyyətinin fəallıq göstərməsidir.