BAKI, 22 avqust — Sputnik, İrina Alksnis. ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı sanksiyaların qaytarılması barədə Təhlükəsizlik Şurasının üzvlərini xəbərdar etmək üçün BMT-nin mənzil-qərargahına şəxsən baş çəkəcək.
Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri həmçinin "Fox News" telekanalına müsahibə verərək hadisələrin gələcək inkişafını, Amerika rəhbərliyinin onu necə gördüyünü ətraflı ifadə edib.
Pompeonun sözlərinə görə, "bütün sanksiyalar bərpa olunacaq", "dünya isə daha təhlükəsiz olacaq", çünki "iranlıların Rusiyadan hava hücumundan müdafiə vasitələrini, Çindən tankları və Yaxın Şərqdə sülhə və sabitliyə təhlükə yaradacaq vasitələri əldə etmək imkanı olmayacaq". Əgər digər ölkələr (ilk növbədə, Rusiya və Çin) Birləşmiş Ştatların bərpa olunan məhdudiyyət rejiminə riayət etməkdən imtina etsələr, onda onların özlərini də restriksiyalar gözləyir. Dövlət Departamentinin rəhbəri bildirib ki, ABŞ "artıq bunu edib... ölkələr Amerikanın sanksiyalarını pozanda, biz hər bir ölkəni bunun üçün məsuliyyətə cəlb etmişik və biz BMT-nin daha geniş sanksiyaları ilə bağlı da eyni şeyi edəcəyik".
İran mövzusunun yenidən canlanması mühüm tarixin — 18 oktyabrın yaxınlaşması ilə bağlıdır.
"Nüvə sövdələşməsi" adlandırılan Birgə Hərtərəfli Fəaliyyət Planının ən vacib bəndlərindən birinin – silah embarqosunun qüvvədə olma müddəti məhz həmin gün bitir. Oktyabrın 18-dək İrana hərbi texnikanın göndərilməsi icazəli xarakter daşıyır və hər bir göndərilmə üçün BMT-nin xüsusi razılığı tələb olunur.
ABŞ nüvə sövdələşməsindən hələ 2018-ci ildə çıxıb, lakin silah embarqosunun fəaliyyətinin sona çatması onu sazişin digər iştirakçıları ilə işi yenidən fəallaşdırmağa məcbur edib – bu mövzu amerikalılar üçün çox vacibdir.
Məhz bu məsələdə onlar bir həftə əvvəl çox ağrılı uğursuzluğa düçar olublar. Vaşinqton embarqonun uzadılması haqqında qətnaməni BMT Təhlükəsizlik Şurasından keçirməyə çalışıb.
Məsələ heç də Rusiya və Çinin veto hüququndan istifadə etməsində deyil. Birləşmiş Ştatlar bu nəticəyə əvvəlcədən hazır idi. Onun üçün daha xoşagəlməz olan, prinsipcə, yalnız bir ölkənin — Dominikan Respublikasının onu dəstəkləməsi olub. Təhlükəsizlik Şurasının bütün digər üzvləri — həm daimi, həm də müvəqqəti — çəkinməyə üstünlük veriblər. Vaşinqton üçün bundan daha alçaldıcı, onun anti-İran mübtəlalığının hamını, hətta ən yaxın müttəfiqlərini də yorduğunu göstərən nəticə təsəvvür etmək çətin olardı.
Ancaq əlbəttə ki, bu, onun tutduğu mövqeyə heç bir təsir etməyib.
Əvvəlcə Donald Tramp Vladimir Putinin İran üzrə yüksək səviyyədə onlayn sammitin keçirilməsi ideyasını rədd edib. Rusiya prezidenti İran ətrafında vəziyyətin gərginləşməsinə imkan verməmək üçün sammitə dair təklif irəli sürsə də, ABŞ tərəfi bəyan edib ki, BMT Təhlükəsizlik Şurası "silah embarqosunun uzadılması ilə bağlı diskussiyalar üçün ən yaxşı yerdir" və ümumiyyətlə Moskvanın bu məsələnin müzakirəsi üçün "hüquqi əsasın olmadığını" dəfələrlə dilə gətirməsinə qəzəblənib.
Və budur, Mayk Pompeonun ifasında Vaşinqtonun heç bir zərrə qədər geri çəkilmək niyyətində olmadığını və qarşısına qoyduğu məqsədə nail olmaq üçün tədbirlər görməyə hazır olduğunu göstərən yeni addım.
ABŞ hakimiyyətinin maneələrə məhəl qoymayan, nəzərdə tutulan istiqamətdə irəliləməkdə davam etməsi və inadkarlığı təqdirə layiqdir. Problem ondadır ki, ABŞ indi, əsasən, yerində sayır. Qoyduqları səylərin və əldə etdikləri nəticələrin – bütövlükdə bu yanaşmanın effektivliyi sual altındadır.
Uzun illərdir ki Amerikanın xarici siyasəti "sınana qədər təzyiq etmək" prinsipini rəhbər tutub – sadəcə bu prinsip işlədiyinə görə. Və o qədər yaxşı işləyib ki, çox vaxt güc tətbiq etmək təhdidi kifayət edib.
Problem ondadır ki, bu yanaşmanın effektivliyi artıq çoxdandır şübhə doğurur. Amerikanın xarici siyasi uğursuzluqlarının siyahısı isə o qədər genişdir ki, itaət etməyənlərin hamısını cəzalandırmaq və onları arzuolunan davranışa məcbur etmək vədləri getdikcə əsasən narahatlıq yox, istehza, biganəlik və Amerikanın hər şeyi əldə etmək imkanlarının olmamasına dair əminlik doğurur.
Artıq sanksiyalar altında olan Rusiya və Çini sanksiyalarla qorxutmaq mümkün deyil. Üstəlik, tərəzinin digər gözündə silah-sursatın yenilənməsinə kəskin ehtiyac duyan və bunun üçün pul ödəməyə hazır olan İran dayanır. Amerikalıların hətta S-400 sistemlərini Rusiyadan alan Türkiyənin timsalında öz müttəfiqinin belə öhdəsindən gələ bilməməsi vəziyyətində məqsədlərinə çatmaq şansları nə qədərdir?
BMT-də səsvermə zamanı bitərəf qalmış Qərb ölkələri, o cümlədən ABŞ-ın yaxın müttəfiqi olan Böyük Britaniya İranın nəhəng silah bazarında böyük bir tikə qapmaqdan imtina etməz. Hətta okeanın o tayındakı tərəfdaşın narazılığı və təhdidləri onları öz mövqeyini dəyişməyə məcbur edə bilmir.