BAKI, 10 iyul — Sputnik, İrina Alksnis. Litva öz ərazisində RT-nin beş telekanalının yayımını qadağan edib. Bu, Latviya hakimiyyətinin analoji addımı atmasından bir həftə sonra baş verib. Növbədə isə Estoniyadır – ölkənin xarici işlər naziri eyni qərarın mümkünlüyünü istisna etməyib.
Bu üç "Baltika pələngi"nin ənənəvi anti-Rusiya konsensusunu və məhz Estoniya hakimiyyətinin Sputnik agentliyinin respublikada iş üçün əngəl yaratmaqda daha çox fəallıq nümayiş etdirdiyini nəzərə alsaq, Tallinin bu məsələdə fərqli mövqe tutacağı ehtimalı böyük deyil. Məlum olduğu kimi, Estoniyada arzu edilən nəticəni əldə etmək üçün əməkdaşlar cinayət məsuliyyəti ilə təhdid edilərək açıq şəkildə böhtanlara məruz qalıblar.
Lakin bu məsələdə ən maraqlı məqam Vilnüsün qərarının rəsmi əsaslandırılmasıdır. İddiaya görə, RT Qərbin sanksiyaları altında olan Dmitri Kiselyovun nəzarətindədir və bu, "onun" mediaresursuna qarşı tədbirlərin görülməsinə səbəb olub.
Məsələ heç bu bəyanatın həqiqətə uyğun olmamasında deyil. Litva hakimiyyətinin bu iddiasına cavab şərhlərində ona xatırladıblar ki, RT-nin ümumiyyətlə Dmitri Kiselyovun rəhbərlik etdiyi "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin (BİA) strukturuna aidiyyəti yoxdur.
Düz bir həftə əvvəl, Latviya Milli Mətbuat Şurası RT-nin yayımının qadağan olunmasını onun telekanallarının Dmitri Kiselyovun "faktiki idarəsi və təkbaşına nəzarəti altında olması" ilə izah edib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Latviya rəsmi qurumlarının məsələyə belə bir əsaslandırma gətirməsini qınayıb.
Həmin vaxt baş verənləri konkret icraçıların səhvi ilə izah etmək mümkün olardı: heç bir sistem səriştəsiz işçilərdən sığortalanmayıb. Ancaq Litvada eyni vəziyyətin təkrarlanması birmənalı şəkildə göstərir: heç bir təsadüfi səhv olmayıb və yoxdur.
Aydındır ki, RT-nin yayımının qadağan edilməsi siyasi qərardır. Amma həqiqətənmi onu hüquqi baxımdan daha "aydın" motivlə izah etmək mümkün deyildi? Əlbəttə, mümkün idi. Amma bunun üçün daha çox səy göstərmək, əziyyət çəkmək, qanunvericilikdə boşluqlar axtarmaq lazım olardı.
Nə vaxtsa məhz bu xüsusiyyət – qəbul edilən qərarların heç olmasa xarici qüsursuzluğunu təmin etmək üçün hüquqi baxımdan mürəkkəblik – Qərb demokratiyasının ən mühüm kartlarından biri idi. Bu, formal prosedurlara əməl olunmasına vaxt xərcləməyə meylli olmayan digər siyasi sistemlərin fonunda son dərəcə uğurlu görünürdü.
Ancaq o vaxtdan bəri çox şey dəyişib. RT-nin yayımına qadağa qoyulması məsələsində Baltikyanı respublikalar son illər tamamilə fərqli və daha güclü dövlətlər tərəfindən qoyulmuş bir yolla gedirlər.
Amerikalılar üçün içində naməlum toz olan sınaq şüşəsini göstərmək İraqın işğalını beynəlxalq ictimaiyyət qarşısında əsaslandırmaq üçün bəs etdi və həqiqət axtarışı lazım olmadı. Britaniyalılar Skripalların zəhərlənməsi ətrafında möhtəşəm şou nümayiş etdirdilər və onları bu məsələdəki boşluqlar qətiyyən narahat etmədi.
Belə hallar yalnız Rusiyaya qarşı deyil, hətta Çin, İran, Venesuela və digər ölkələrlə bağlı o qədər olub ki, onlar artıq nadir istisnalardan adi hala çevrilib. Bu fonda Litva və Latviya hakimiyyətlərinin RT-nin yayımına qadağa qoyması məsələsində mövqeyi tamamilə təbii görünür: əgər əsassız iddianı rəsmi mövqe kimi təqdim etmək mümkündürsə, onda özünü niyə yorasan?
Bu məsələdə hətta məntiq də var: anti-Rusiya baxışları olan tamaşaçını "Kiselyovun RT-yə nəzarət etməsi" iddiası qane edir. Qərb artıq Rusiyaya və ona simpatiyası olanlara qarşı resurslarını xərcləməyin mənasını görmür. Yəqin ki, onları inandırmaq və öz tərəfinə çəkmək vəzifəsinin uğursuz olduğunu görür.
Bu yanaşma Qərbin informasiya, siyasi, ideoloji və hətta mənəvi inhisarından irəli gəlir. Məhz buna görə də Qərb müəyyən məqamda öz siyasətini – həm ümumi, həm də rəqiblərinə münasibətdə – diqqətlə və yüksək peşəkarlıqla hazırlamağı lazım bilməyib. Nəticədə, özü bu inhisarın necə itirildiyini hiss etməyib.
İndi isə vəziyyət yeni mərhələyə qədəm qoyub. İndi həmin qüvvələr keyfiyyətli işləməyin və ciddi səylər göstərməyin mənasını görmürlər, çünki rəqibi onsuz da inandırmaq mümkün deyil.
Təəccüblüdür ki, onlar bu cür peşəkar, daha doğrusu, qeyri-peşəkar yanaşmanın Rusiya üzərində ideoloji və geosiyasi qələbəyə gətirib çıxaracağını düşünürlər.