BAKI, 10 avqust — Sputnik, İrina Alksnis. ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Amerika qoşunlarının Almaniyadan çıxarılması Rusiyanın qarşısının alınması strategiyasına uyğundur. Nazirin sərəncamında bəyan edilən bu mövqeni dəstəkləmək üçün yeganə bir arqumenti var: Birləşmiş Ştatlar əslində "daha çox qoşununu şərqə, Rusiya sərhədlərinə doğru çəkəcək". Dərd burasındadır ki, diqqətlə nəzərdən keçirsək, bu arqument yanlışdır və amerikalılar üçün son dərəcə xoş olmayan bir halı üzə çıxarır.
Almaniyanı təxminən 12 min hərbçi tərk edəcək. Onların əksəriyyəti – 6,4 min nəfər – ABŞ-a evə qayıdacaq. Qalanları İtaliya və Belçika da daxil olmaqla, digər Avropa ölkələrinə dislokasiya ediləcək. Polşaya isə – yəni düz Rusiya ilə sərhədə – yalnız min hərbçi göndəriləcək.
Bu rəqəmlər Esperin sözlərini elə də dəstəkləmir. Başqa cür ola da bilməzdi, çünki ABŞ-ın Almaniyadakı kontingenti ətrafında toqquşmaların NATO ilə Rusiya arasındakı qarşıdurmaya çox uzaq münasibəti var.
Hələ 2018-ci ilin iyununda "The Washington Post" Pentaqonun Avropada qoşunların irimiqyaslı dislokasiyasının dəyərini və nəticələrini təhlil etdiyi barədə yazıb. Qəzet iddia edib ki, Tramp həmin ilin əvvəlində bu ideyaya maraq göstərib. ABŞ Prezidentinin motivləri məhz müdafiəyə pul xərcləməkdən imtina edən NATO müttəfiqləri ilə bağlı olub. Bu, ilk növbədə Berlinə aid olub. Almaniya Şimali Atlantika Alyansının nizamnaməsinin tələbinə zidd olaraq illərdir ki, hərbi xərclərini ümumi daxili məhsulun 2 faizinə qədər artırmaqdan çəkinir.
Bir il əvvəl mövzu yenidən ictimailəşib. Həmin vaxt ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell ölkəsinin hərbi kontingentinin bir hissəsini Almaniyadan Polşaya çıxarmağa hazır olduğunu açıq şəkildə bəyan edib, çünki "almanların ticarət balansının profisitindən öz daxili məqsədləri üçün istifadə etdiyi bir vaxtda amerikalı vergi ödəyicisinin bundan sonra da Almaniyadakı 50 mindən çox amerikalıya görə pul ödəyəcəyini gözləmək təhqiramiz olardı".
Bu bəyanat Polşada ən qızğın və coşqun reaksiyaya səbəb olub. Ötən bir il ərzində polşalı siyasətçilər və media Almaniyanın əvəzinə məhz onların ölkəsinin Amerika hərbi qüvvələrinin Avropada cəmləşməsinin əsas yerinə çevriləcəyinə ümid edib. Məsələ hətta nüvə silahlarının dislokasiyası perspektivlərinin müzakirəsinə gəlib çatıb. Doğrudur, qeyd etmək lazımdır ki, bu danışıqlar boş yerdən peyda olmayıb, əksinə, hadisələrin bu cür inkişafına yol vermiş amerikalı rəsmilər tərəfindən təhrik edilib.
Ümumiyyətlə, faktları siyasi bəyanatlardan, planlardan və gözləntilərdən "təmizləsək", baş verənlərin mahiyyətini görərik.
Birləşmiş Ştatlar uzun illər boyu Almaniyanı dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi hərbi xərclərini kəskin şəkildə artırmağa məcbur etməyə çalışıb. Amerikalılar tərəfindən təhdidlər və təzyiqlər davam edib, amma onların səyləri nəticə verməyib: Vaşinqton Almaniya hakimiyyətini mövqeyindən tərpədə bilməyib.
Görünür, Donald Tramp, nəhayət ki, baş verənlərdən bezib və odur ki, indi ölkənin müdafiə naziri və digər rəsmilər dövlət başçısının Almaniyadan hərbçiləri çıxarmaqla bağlı qəbul etdiyi qərarı ört-basdır etməyə çalışırlar ki, Birləşmiş Ştatlar bu vəziyyətdə uduzmuş görünməsin.
Lakin Birləşmiş Ştatlar məhz uduzmuş görünür: Almanlardan arzu ediləni əldə etmək mümkün olmayıb. Bu, iqtisadiyyata əlavə investisiyalar gətirməyib.
Avropadakı hərbi kontingent kiçiləcək və bu, Rusiyanın öz nüfuzunu və gücünü artırması fonunda baş verəcək. Lakin qoşunların çıxarılması Almaniya üçün zəif "cəza"dır: Almaniya həqiqətən iş yerlərini və hərbi infrastruktura xidmət etməklə əldə edilən müəyyən qazancı itirəcək, lakin bu itkilər ölkənin Vaşinqtonun tələblərinə əməl etməsi halında üzləşəcəyi itkilərlə müqayisə edilə bilməz.
Qısaca, Polşaya əlavə min hərbçinin göndərilməsi ABŞ-a öz imicini qorumağa və Rusiyanın qarşısının alınması kursunu saxladığını bəyan etməyə imkan verən yeganə arqumentdir.
Yəqin ki, bütün bu hekayədə ən maraqlı sual Trampın niyə kontingenti Almaniyadan çıxarmağa dair qərar qəbul etməsidir. Axı ona pişiyi quyruğundan dartmağa heç nə mane olmurdu. Mənfi nəticələr də, görünür, az olacaqdı.
Belə görünür ki, cavabı Amerika Prezidentinin şəxsiyyətində və onun milli lider kimi qarşıya qoyduğu məqsədlərdə axtarmaq lazımdır. Bütün ekssentrikliyinə baxmayaraq Donald Tramp, əslində, Amerikanın yığılıb qalmış sistemli problemlərin həllinə istiqamətlənib – o cümlədən radikal tədbirlər yolu ilə.
Digər məsələlərlə yanaşı, Birləşmiş Ştatlar elə bir tələyə düşüb ki, onun iqtisadi maraqları və dünya fövqəldövləti kimi şöhrəti arasında birbaşa ziddiyyətlər yaranıb. Əslində, prezidentin narazılığı tamamilə ədalətlidir: Amerika yalnız Avropanın müdafiə funksiyalarını öz üzərinə götürməyib, həm də bu müdafiə üçün öz cibindən ödəyir, çünki köhnə dünyanın ən böyük və zəngin iqtisadiyyatları onun boynunda rahat şəkildə oturublar.
Şübhəsiz, onların heç birinin, o cümlədən Almaniyanın Rusiya tərəfindən özünə qarşı hərbi təhlükənin reallığına inanmaması burada öz rolunu oynayıb. Odur ki, amerikalılar Moskva ilə hərbi-siyasi oyunu davam etdirmək istəsələr, Avropa Vaşinqtonun tərəfində olmağa hazırdır, lakin Vaşinqton öz ambisiyaları üçün özü ödəməlidir.
ABŞ-ın qlobal fövqəldövlət statusu isə Amerika elitası üçün dəyərlidir və bunun üçün pul tökmək günah deyil – o cümlədən uğursuz layihələrə.
Yalnız bu mövqe Donald Trampa uyğun deyil. O, dəfələrlə və açıq şəkildə bəyan edib ki, dünya liderliyi Birləşmiş Ştatlara və onun iqtisadiyyatına konkret fayda gətirməlidir. Əgər bu baş vermirsə, onda supergüc olmaq faydasız və bahalı bir axmaqlıqdır, bu statusu dəstəkləməyə sərf olunan resursları isə daha mənalı sahələrə yönəltmək daha yaxşı olardı.
Hərbi kontingentin bir hissəsinin Almaniyadan çıxarılması haqqında qərar prinsipial məsələlərdə Trampın sözlərinin əməllərindən fərqlənmədiyinin növbəti nümunəsi oldu. O, Berlinin mövqe dəyişikliyinə nail ola bilməyəcəyini anlayaraq biznesmen kimi addım atdı və xərclərin azaldılması prosesinə başladı.
Hərbçilərin dislokasiyası ABŞ-dan xeyli xərc tələb edəcək, lakin istənilən halda bu, uzun illər ərzində onların Almaniyada qalmasına görə ödəniş etməkdən daha sərfəlidir. Buna görə də əminliklə demək olar ki, Donald Trampın qərarı iqtisadi cəhətdən səmərəlidir və ABŞ-ın milli maraqlarına uyğundur.
Paralel olaraq, bu qərar, əlbəttə ki, Birləşmiş Ştatların qlobal hegemonluğunun demontajını davam etdirir, onun zəifliyini, üzərinə götürdüyü maliyyə öhdəliklərinin yükünü çəkə bilmədiyini açıq şəkildə nümayiş etdirir.