BAKI, 3 avqust — Sputnik. 7x7 həftənin yaddaqalan hadisələrini şərh edir
Pərdə arxasındakı bəla
Əksər ehtimallar “taclı bəla”nın tezliklə həyatımızdan çıxmayacağını deyir. Bəzi qənaətlər isə hətta belədir ki, koronavirus əbədi olaraq bizimlə qalacaq, onun ilin sonunadək yoxa çıxacağına dair proqnozlar nikbin yanaşmanın məhsuludur. Ötən həftə dünyada bu xəstəliyə yoluxanların sayı 18 milyonu ötdü. Rəqəmlər şərtidir, bütün xəstələri qeydə almaq, sadəcə, mümkün deyil. Məlum olmayan təkcə xəstələr, onların sayı deyil. Pandemiyanın hansısa güc mərkəzləri tərəfindən idarə olunduğuna, Yer kürəsində insan sayının kəskin azaldılmasına hesablanmış proqram olduğuna dair mülahizələrin inandırıcılıq gücü də getdikcə daha çox artır. ABŞ dövlət katibi Mayk Pompeonun Ümumdünya Səhiyyə Təşkilatının Çinə satılmasına dair açıqlaması pərdə arxasında nələrinsə baş verməsinin növbəti ifadəsidir.
Alzheymer
Ötən həftə Paşinyan Rusiya kanalına müsahibədə “Qarabağ xalqı”ndan, Ermənistanın “konstruktiv” mövqeyinə qarşı Azərbaycanın “güc tətbiqi”ndən və s. danışıb. Tovuz istiqamətində gözləmədiyi səviyyədə cavab alan Ermənistanın diplomatik müstəvidə də küncə sıxılmasından sonra Nikolun sərsəmləmələri daixili auditoriya qarşısında itirilmiş xalların geri qaytarılmasına hesablanmış cəhdlərdir.
Rusiya televiziyasına müsahibəsində Paşinyanın gileyi də aydın sezilir. KTMT-dən gözlədiyi dəstəyi ala bilməyən baş nazir təbii olaraq məyusdur və Kremli Ankara ilə üz-üzə qoyaraq Türkiyənin münaqişəyə təsirini neytrallaşdırmağa çalışır. Sitat: “Türkiyə və Azərbaycan Minsk qrupunu prosesdən qovmaq istəyir. Rusiya isə susur”.
Rusiyada isə Paşinyanı Sorosun adamı kimi qəbul edirlər. Daxili böhran, diplomatik sahədəki uğursuzluqlar deməyə əsas verir ki, Nikol da tezliklə sələflərinin ardınca gedəcək.
Genetik yaddaş
Okeanın o biri üzündə də erməni lobbisi üçün xoş deyil. ABŞ konqresində Azərbaycan əleyhinə düzəlişə nail ola bilməmələri bir yana, Azərbaycanın torpaqlarının işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqları ilə bağlı düzəlişin konqresə təqdim olunmasının yaratdığı “duş effekti”nin təsiri keçməmiş Los-Anceles polisi erməni lobbisinin yalanını ifşa edib. Ermənilər sosial media platformalarında azərbaycanlıların bu şəhərdə keçirilmiş aksiyalarda silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər.
Nə qədər də gülməli səslənir, deyilmi? ABŞ polisinin bu cür addım atması üçün hansı marağı ola bilər?! Erməni kimliyi, böhtançılıq, dezinformator genetik yaddaşı, deməli, dağları, dərələri, okeanları aşsan da, özünü göstərməlidir.
İslam kasıblığı
Birləşmiş Ərəb Əmirliklərində ərəb dünyasında ilk atom elektrik stansiyası – “Baraka” işə salınıb. Dünyanın neft ehtiyatlarının 10%-nə sahib olan, ən zəngin ölkələrdən birinə çevrilmiş BƏƏ-nin yalnız indi belə bir stansiyaya sahib olması islam dünyasının elm və texnologiyaya münasibəti, bugünkü dünyanın çağırışlarından nə qədər geri qaldığının göstəricisi sayıla bilər. Bu, hələ islam dünyasının ən qabaqcıl ölkələrindən biridir. Bəli, təəssüflər ki, bu gün dünyanın ən geridə qalmış ölkələri sırasında müsəlmanların yaşadıqları ölkələr üstünlük təşkil edir. Bir zamanlar elmin beşiyi sayılan islam ölkələrinin orta əsrlərdən sonra bu sahədəki tənəzzülü onların qabaqcıq Qərbdən asılılığını şərtləndirib.
Sosial lift
Azərbaycan isə yeni texnologiyaların tətbiqində, eləcə də elm və təhsil sahəsində islam dünyasının aqibəti ilə üzləşmək istəmir. Postneft dövründə bizi yalnız insan kapitalı xilas edəcək. Odur ki, ölkəmizdə təhsilin prioritet istiqamətlərdən biri elan edilməsi təsadüfi deyil. Ötən həftənin ən mühüm hadisələrindən biri yeni təhsil nazirinin təyin olunması idi. Yeni nazir Emin Əmrullayev həftə ərzində ən çox müzakirə olunan sima idi. İnsafən, deyək ki, onun haqqında neqativ fikrə rast gəlmək mümkün deyildi. “Background”u və imici E.Əmrullayevdən gözləntiləri də artırır – hamı onun təhsil sahəsində ciddi nəticələr əldə edəcəyinə inanır.
Və başqa bir məsələ - E.Əmrullayevin nazir təyin olunması idarəçilikdə sosial liftin işlədiyini də göstərir. Yəni ən yüksək postlara təyin olunmaq üçün “dayday” tələb olunmur, bilik və bacarıqlar, işgüzarlıq və müsbət imic lifti hərəkətə gətirə bilir.
SMM narkotacirlər
Sosial şəbəkələr bu gün biznes sahələrinin inkişafında əhəmiyyətli rol oynayır. Şirvan şəhərində narkotik satıcısı da bu imkanlardan istifadə etmək istəyib. Ancaq polis gəncə mane olub. Məlum olub ki, təqsirləndirilən şəxs S.Məmmədov müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib, eyni zamanda narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu qeyd edərək ticarəti genişləndirmək istəyib. Amma göründüyü kimi, alınmayıb...
Pul xoşbəxtlikdirmi?
Həftənin daha bir yaddaqalan hadisəsi kriminalla bağlıdır. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı N.Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Z.Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib. Məlumata görə, Z.Şirinovun sinəsinə dəyən bıçaq zərbəsi köynəyin cibindəki pula batdığından dərinə işləməyib və onun həyatını xilas edib. Deməli, pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.