İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Bakının digər qəsəbələri kimi Pirşağı qəsəbəsinin də yolları acınacaqlı vəziyyətdə idi. Qışda yağış suları, çirkabla dolu olan kələ-kötür yollar yayda toz-dumanı ilə sakinləri narahat edirdi. Pirşağı da bəzi ərazilər (32-34-cü dalan) var ki, bu gün də bərbad vəziyyətdədir.
Ancaq bir müddət əvvəl ölkə başçısı vətəndaşlarının rahatlığının təmin edilməsi məqsədilə Bakı və Bakı ətrafı qəsəbələrin küçə və yolların təmir edilməsi ilə bağlı tapşırıq verdi. Ötən il Binəqədi, Kürdəxanı yolları müəyyən qədər təmir edildi. Bu il isə Pirşağı qəsəbəsinin yollarının təmir edilməsinə başlanılıb.
Kənd sakinləri deyir ki, kəndin yolları qış aylarında daha acınacaqlı olur.
Pirşağı sakini Əbülfət Ağayevin sözlərinə görə, bəzi küçələr var ki, yağış yağanda keçmək çətinliyi yaranır: "Maşınla belə, o yollardan ehtiyatla keçirdik ki, hansısa "lyuk" açıq olar, düşərik. Əlbəttə ki, kəndin yollarının təmir edilməsi bizi sevindirir. Yaxşı olar ki, bağ yollarına da diqqət ayrılsın. İndi pandemiya dövrüdür, hamı bağlardadır. Yollar da kələ-kötür, toz-duman. Əziyyət çəkirik".
Digər sakin Vahid Məmmədov isə yay fəsli ilə bağda qalır. Deyir ki, onu da narahat edən məsələ yolun acınacaqlı olmasıdır: "Deyirlər, bütün küçə və yollar təmir ediləcək. İnşallah belə olar. Buranın torpağı narındır, toz-dumanı adamın ciyərlərinə hopur".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, ötən il Kürdəxanı qəsəbəsinin bütün küçə və yolları təmir edilib. Bu il Pirşağı qəsəbəsində təmir işləri aparılacaq.
A.Nəcəfli əlavə edib ki, görülən işlər ölkə başçısının tapşırığına əsasən həyata keçirilir: "Bilirsiniz ki, ölkə başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər görülməsi barədə tapşırığı var. Və bütün işlər ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən həyata keçirilir”.
A.Nəcəfli əlavə edib ki, hazırda AAYDA 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verib: "Ümumilikdə Pirşağı qəsəbəsinin 92.7 km uzunluğa malik 93 adda küçə və yolunda təmir-bərpa işləri aparılacaq. 600 min kv.m-dən çox küçə və yolun təmir edilməsi planlaşdırılır".
Qurumun mətbuat katibi həmçinin əlavə edib ki, artıq Bakıxanov və İ.Şıxlı küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələr adlanan ərazilərdə təmir işləri yekunlaşıb.
Hazırda qəsəbənin Elbəy Rzaquliyev küçəsi təmir edilir. Küçənin uzunluğu 2,5 kilometrdir.
"Təmir-tikinti işləri çərçivəsində deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür", – deyə o qeyd edib.