Cavad Qaffar üçün uşaqlığın ən böyük əyləncələrindən biri rəsm çəkmək olub. Hətta xüsusi günlərində ən çox aldığı hədiyyələr məhz kağız, qələm, boya və karandaş olub. Məktəbdə əlinə türk karikatura jurnalı keçib və o, ondan bu sənət növü ilə maraqlanmağa başlayıb.
“Onsuz da mən rəsm çəkəndə, çəkdiyim insanların hekayələrini qururdum. Fikirləşdim ki, niyə də mən bu hekayələri balon şəklində öz rəsmlərimdə istifadə etməyim”, - deyə Cavad bizimlə bölüşüb.
Gənc karikaturaçı hal-hazırda sənətində heç bir mənfi cəhət görmür, bu cəhətləri görmür belə. Onun fikrincə, bu janrda heç bir qəlib yoxdur və insan istədiyi tərzdə istədiyi mesajı çatdırmaq imkanına malikdir. Buna görə də karikatura onu 10 ildir ki, ilk gün kimi cəlb edir.
Karikatura siyasətlə əl-ələ getməsinə baxmayaraq, Cavad bu mövzulara toxunmağı sevmir. O, daha çox tarixi və dini mövzulara müraciət etməyə üstünlük verir.
“Bu mövzuları insanların hisslərinə toxunmadan işləmək olduqca çətindir. Mütləq diplomat olmalı və mövzunun həssaslığını anlamalısan. Maraqlısı odur ki, məhz dini mövzularda işlədiyim karikaturalar daha çox reaksiya doğurur”, - deyə rəssam danışıb.
Cavad bir neçə il Türkiyədə tanınmış karikatura jurnalları ilə əməkdaşlıq edib. Onun imzası ilə çəkilmiş çizimlərə hələ də bir çox türk saytında rast gəlmək olar. İndi isə onun fikri yalnız bir məqsədə yönəlib. O, Azərbaycanda cizgi roman mədəniyyətinin formalaşmasını istəyir.
“Özümü komiks çizimlərində sınamaq istəyirəm. Azərbaycanda bu ideya yeni deyil. Artıq bir neçə təqdirəlayiq təşəbbüs olub, müəyyən addımlar atılıb. Amma bunlar rezonans doğurmayıb. İlk addımların da dərhal uğur qazanacağına zəmanət yoxdur. Amma bu mədəniyyətin formalaşmasında iştirak etmək, öz imzam altında cizgi romanlarını dərc etmək istərdim”, - deyə Cavad arzularından danışıb.
Əli qanla oynayan azərbaycanlı qız: "Yaşlılar məni satanist adlandırırlar">>
Azərbaycanın ən məşhur satirik jurnalı “Kirpi” 1952-ci ildə nəşr edilməyə başlayıb. Karikatura janrını ölkədə populyarlaşdırıb və bu sahədə yeni ənənələrin yaranmasına səbəb olub. Müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilib. İndi isə yeni nəslin rəsamları bu qürurlu işi davam etdirirlər.