İlk baxışdan Rəşad Ələkbərovun əl işləri heç kimə anlaşılmayan metal yığını kimi görünə bilər. Amma bu layihənin yalnız “üz” tərəfidir. Astarını başa düşmək üçün işıq düzgün quraşdırılmalı və işə müəyyən nöqtədən baxılmalıdır. Belə olan halda, işıq-kölgə vasitəsilə gözümüzün önündə “bu metal yığınından” gözləyə bilməyəcəyimiz bir sənət əsəri canlanır.
O, bütün dünyada kölgə instalyasiyaları ilə məşğul olan 7-8 nəfərdən biridir. Bu rəssamlar bir-birlərini çox yaxşı tanıyır, bir-birlərinin işlərinə bələddirlər. Və iş elə gətirdi ki, Rəşad bu ilin iyulunda Tayvanda işıq-kölgə instalyasiyalarına həsr edilmiş böyük sərgidə iştirak dəvəti aldı və bu rəssamlarla şəxsən tanış ola bildi.
Bu ideya da təsadüfi olaraq təcrübə nəticəsində yaranıb. 2001-ci ildə müasir incəsənət sərgisində yer almaq təklifi alan rəssam büdcə qıt olduğundan əl altında olan materiallardan – məişətdə istifadə olunan boş qutular və köhnə disk kimi əşyalardan istifadə etmək qərarına gəlib. Təcrübə nəticəsində yaranan bir layihə rəssamın artıq 19 ildir peşəkar olaraq çalışdığı sənətə çevrilib.
O, öz, belə desək, heykəlləri arasında fərq qoymur. Layihə üzərində çalışdığı an onu narahat edən problemləri qabartmağa, bu məsələlərə yeni baxış bucağı təklif etməyə çalışır. Ola bilər ki, bir neçə aydan sonra işlədiyi mövzu aktuallığını itirsin. Amma rəssam bunun tamamilə normal olduğunu, özü üçün isə ən əsas məqamın yalnız qabağa getmək və növbəti işi haqqında düşünmək olduğunu düşünür.
Onun qeyri-adi heykəllərinin göz önündə necə canlandığını isə videomuzda izləyin.