BAKI, 25 may - Sputnik, Teymur Tuşiyev. Azərbaycan millisinin və Almaniya çempionatının ikinci diviziyasının “Ersgebirge Aue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Bundesliqanın koronavirus pandemiyası ilə bağlı tövsiyəsini pozub.
Sputnik Azərbaycan bu barədə MDR-ə istinadən xəbər verir.
Nazarov II Bundesliqanın “Nürnberq” klubuna qarşı oyunda vurduğu qolu (1:1) qeyd edərkən öz klubunun texniki zonada dayanan əməkdaşını qucaqlayıb. Bu isə Almaniya futbol rəhbərliyinin tövsiyələrinə ziddir.
Almaniya çempionatının bərpasından əvvəl Bundesliqa rəhbərliyi futbolçulara vurduqları qolları qeyd edərkən bir-biri ilə qucaqlaşmamağı tövsiyə edib.
Nazarovun qucaqladığı əməkdaş isə klubun avtobusunun sürücüsü Tomas Romeyke olub.
İş burasındadır ki, “Nürnberq”lə oyundan əvvəl “Ersgebirge Aue”nin avtobusu minik avtomobili ilə toqquşub, Romeykenin sayəsində isə onlar ciddi xəsarətlərdən qurtula biliblər.
İndi Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ümid edir ki, Bundesliqa rəhbərliyi onu tövsiyələri pozduğuna görə cərimə etməyəcək.
“Ümid edirəm, Bundesliqa rəhbərliyi məni buna görə cərimə etməyəcək, axı Tomas bizim həyatımızı qurtardı. Əgər onun ani reaksiyası olmasa idi, hər şey tamam başqa cür ola bilərdi. Ona görə qol vuran kimi dərhal Tomasın yanına qaçdım. Bir qədər insanlıq göstərmək lazımdır”, - Nazarov deyib.
O, həmçinin qəzaya rəğmən sabahı gün oyuna çıxan komanda yoldaşlarına da təşəkkür edib. Nəşr güman edir ki, Nazarovu, çox güman ki, cəzalandırmayacaqlar. Çünki qucaqlaşma qadağası yalnız tövsiyə xarakteri daşıyır və Bundesliqa oyunlarının keçirilmə reqlamentində qeyd olunmayıb.
Əlavə edək ki, İkinci Bundesliqanın oyunlarının bərpasından sonra Nazarov artıq ikinci oyundur ki, dalbadal qollar vurur. Bundan əvvəl o, “Zandhauzen”lə oyunda yeganə qələbə qolunun müəllifi olub (1:0).