Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Teatr canlı sənətdir. Amma koronavirus bu canlı sənətə də aman vermədi. Fəaliyyətlərini onlayna daşıyan teatrlarımız çətin vəziyyətdən üzüağ çıxmağa çalışır. Hazırda teatrlar fəaliyyətini necə qurur? Karantin dövründə hansı planlar, layihələr hazırlanır? Bu kimi suallara cavab almaq üçün Sputnik Azərbaycan-ın növbəti müsahibi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rejissoru, "Oyuq", "Küllücə" studiyalarının və "Oyun" teatrının rəhbəri, yazıçı Səidə Haqverdiyevadır.
- İki aya yaxındır, teatrdan uzaq qalmısınız. Bu müddət ərzində hansı yaradıcı işlərlə məşğul oldunuz?
- 10 ilə yaxındır ki, mən fasiləsiz çalışıram. Bu il digərlərindən fərqli olaraq çox gərgin oldu. Bildiyiniz kimi, teatrımızın nəzdində "Oyuq", "Küllücə" studiyaları və "Oyun" teatrı fəaliyyət göstərir. Hər üçünə mən rəhbərlik etdiyim üçün səhər saat 10-dan axşam saat 10-a qədər çalışdığım vaxtlar olurdu. Karantin elan olunandan sonra 10 gün ancaq istirahət etdim. Gözəl yeməklərdən daddım və heç bir iş görmədim. Gərgin işləyən adamlar evdə oturmağı sevmirlər. Vaxtımı dəyərləndirdim. Yarımçıq qalan film ssenarisini tamamladım. Bundan başqa, iki layihə hazırladım. Yeni mövsümdə bu layihələri həyata keçirmək niyyətim var. Teatr studiyamızla bağlı onu deyə bilərəm ki, çox tanınmayan Azərbaycan nağılları motivləri əsasında tamaşa hazırlamağı düşünürəm.
- Kukla Teatrının hansı planları yarımçıq qaldı?
- Kukla Teatrı hər il repertuarını yeniləyir. Teatrsevərlərə bir-birindən maraqlı tamaşalar təqdim edir. Çalışırıq ki, öz rejissorlarımızla yanaşı, digər rejissorları da teatrımıza dəvət edək. İstəyimiz onların yeni quruluşda tamaşalar təhvil verməsidir. Bu il Elşad Rəhimzadəni və Namiq Ağayevi dəvət etdik. Onların hazırladıqları tamaşa mart, aprel ayında təhvil verilməli idi. Hər iki rejissorun tamaşaları yarımçıq qaldı. Premyeraları məlum səbəbdən baş tutmadı. Ümid edirik ki, karantin bitən kimi adlarını çəkdiyim rejissorlar iş başına keçəcək və tamaşaları təqdim edəcəklər.
- Bir çoxları iddia edirlər ki, koronavirusun mənfi tərəfləri olduğu kimi, müsbət tərəfləri də var. Sizə görə müsbət tərəflər hansılardır?
- Əlbəttə, koronavirusun mənfi tərəfləri hamımıza bəllidir. İnsanlar əziyyət çəkdilər, həyatlarını itirdilər. Bütün dünyanı əhatə edən bu virus nə qocaya baxdı, nə cavana. Bununla yanaşı, müsbət tərəfləri də oldu. İnsanların bir-birlərinə can yandırmağı, yardım etmələrini müşahidə etdim. Uzun illər ancaq özümüzü düşünürdüksə, indi ətrafımızı da fikirləşməyə başladıq. İnsanlar itirmə qorxusunu anladılar. Evdə qaldıqca bir-birlərinə isinişdilər. Hətta küsülü olan ailələr belə barışdı.
- "Oyuq", "Küllücə" studiyaları və "Oyun" tetarında fəaliyyət göstərməyin çətin tərəfləri var. Evdə qalaraq bunu necə həyata keçirdiniz?
- Hər üç teatrla bağlı maraqlı layihələrimiz var idi. Eyni zamanda biz Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı keçiriləcək tədbirlərə dəvət almışdıq. Autizmlə bağlı bizim konsert proqramımız olmalı idi. Beynəlxalq Teatr Günü ilə bağlı Abdulla Şaiqin "Gözəl bahar" tamaşası nəzərdə tutulmuşdu. Çox heyf ki, dediklərim həyata keçmədi. "Oyuq" studiyası olaraq onlayn dərs keçməyə başladıq. Amma nəzərə alaq ki, səhnə başqa, onlayn başqa. Bacardığımız qədər uşaqlarla aktyor sənəti, texnikası, səhnə danışığı ilə bağlı onlayn dərslər keçirik. Teatr studiyası ilə həmçinin maraqlı layihələrə imza atdıq. "Evdə qal, kitab oxu", "Evdə qal, özünü qoru" və s. layihələr etdik. Bunların hamısı sosial şəbəkələrdəki səhifələrimizdə yayımlandı.
- Teatra qaytdıqdan sonra planda nələr var?
- Qayıtdıqdan sonra ilk işimiz "Oyuğ"un yarımçıq qalmış layihələrini tamamlamaq və təhvil vermək olacaq. İki tamaşamızdan başqa, studiyamızın fəalları Selcanxatun və İbrahim Laçının yeni aranjimanda yazdırdığı "Laçın" mahnısı var. Həmçinin Selcanxatunun "Cənab leytenant" mahnısına çəkilmiş klipləri təqdim edəcəyik. Studiyamız və "Məktəblinin dostu" layihəsinin birgə təşəbbüsü ilə Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə əlaqədar onun əsərləri əsasında uşaqlar pyes yazacaqlar. Artıq 70 məktəb sözügedən pyesləri bizə göndərib. Kukla Teatrı olaraq isə planda yeni tamaşaların hazırlanması və təhvilidir.