BAKI, 30 aprel — Sputnik. Azərbaycanda bu xəstəliyi heç sevməzlər. Nə həkimə gedərlər, nə də adını çəkərlər. İş işdən keçəndə də xəstəxanaya üz tutmağın heç bir mənası olmaz. Soruşanda da “o zəhrimardandır da” deyərlər.
Milli Onkologiya Mərkəzi
Onkoloji xəstəliklər üzrə ölkədə elə də yüksək göstəricilər olmasa da, hər il xəstələnənlərin sayı durmadan artır. Dünyanın hər yerində dəhşətli bir bəla kimi qəbul olunan xərçəngin müalicəsi yalnız və yalnız erkən diaqnostikaya bağlıdır. Əgər qarşılaşmamısansa, nə qədər ağır və dəhşətli olduğunu bilməzsən. Xərçəngə tutulan insanın getməli olduğu bir yer var: Milli Onkologiya Mərkəzi.
Karantin günlərində bir yaxın qohumu Mərkəzə aparmalı olduq, əslində ilk dəfə deyildi. Amma getməliydik. Gördüyümüz mənzərə psixoloji baxımdan elə də ürəkaçan olmadı.
Xəstənin ürəyi bulandı deyə, tez paket və yer verdilər
Yola çıxmaq üçün taksi xidmətindən yararlandıq. SMS ilə olduğumuz yeri tərk edib Mərkəzə çatanacan yollarda həm yoxlama, həm də tıxacla qarşılaşdıq. Bir xəstə, yanında da 2 nümayəndə yola düzəldik. Bu yol çox uzun gəldi, o tıxacda ilişib qaldıq, bu tıxacda gözləməli olduq, polis tez-tez yoxladı. Avtomobil çox olduğundan bir-iki kordonu rahat keçdik, amma Zabrat qəsəbəsində polis nəsə irad tutdu. “Niyə xəstənin yanında bir yox, iki adam gedir” dedi. Vəziyyəti izah etdik, xəstə var bir nəfər də çoxdur müşayiətçi kimi, xəstə var ikisi azlıq edər. Sən demə bir taksidə 3 nəfərin getməsinə məhdudiyyət varmış. Nəsə ötüşdük. Dərnəgül yolunda 40 dəqiqə tıxacda qalası olduq. 20 Yanvar dairəsində də çətinlik çəkdik, Mərkəzə hansısa ara yollarla yaxınlaşa bildik.
Mərkəzin diaqnostika şöbəsi küçə tərəfdən bağlı idi, məcbur olub baş girişdən içəri daxil olduq. Kimdə maska yox idisə, içəri buraxılmırdı. Növbədə 550-ci idik. Diaqnostika şöbəsinə daxil olmaqda da problem yarandı.
Eləsi var, heç huşu da yadında deyil, heç xəstə olduğunu da bilmir
Birtəhər toparlanıb tələb olunan mərtəbəyə liftlə qalxdıq. Burada insan nisbətən az idi. Heç gözləmədiyimiz halda çox operativ bir yanaşmanın şahidi oldum, həkim də yaxınlaşdı, tibb bacısı da. Tələb olunan müayinə edildi, yardım göstərildi. Düşünürdük axşamacan burada qalmalı olacağıq. Kimsə dedi, adətən insan sayı indikindən 5-6 dəfə çox olur, karantindir səbəbindən gələn də azdır. Prosedur bitəndən sonra arayış da verdilər, geri dönəndə yoxlada problemimiz olmasın deyə.
Milli Onkologiya Mərkəzində çox gözəl şərait var, təmizlikdir, peşəkar personal və tələb olunan avadanlıq da yerindədir. Nə qədər xəstə var, aman Allah. Özü hərəkət edə bilməyən, gözlərində bir ümidsizlik yaşanan xeyli insan gəlir bura. Eləsi var, heç huşu da başında deyil, heç xəstə olduğunu da bilmir. Deyirlər, narahat olma, həkim baxıb dərman yazacaq. Heç müalicəlik də deyil, amma həyat uğrunda çarpışır. Xərçəng çox dəhşətli bir xəstəlikdir, onun yanında koronavirus uşaq oyunudur. Bu məkanda koronavirusu yalnız xəstələrin taxdığı maskalar və əlində spirtli maye gəzdirən, dezinfeksiya olmağı məsləhət bilən işçilər xatırladır.
“O zəhrimardan” yaxa qurtarmağın yolu da yoxdur
Proseduru bitirib binadan çıxırıq, maskanı üzdən aşağı çəkib təmiz hava ilə nəfəs alırıq. Qapıda kefimizi taksi sürücüləri pozdu, bayaq 9 manata gəldiyimiz yol üçün 12 manat tələb etdilər. Yenidən servisdən maşın çağırmalı olduq. Bir “London” taksisi gəldi, maşina minib getdik. Nəsə bu taksi çox ara yollarla hərəkət etdi, qapalı məhəllələrə girdi, amma 1,5 saata getdiyimiz yolu 30 dəqiqəyə qət etdi. Deyir, 3 nəfərin bir yerdə getməsinə icazə yoxdur, məcburam gizli yollarla gedəm. Heç arayışa da ehtiyac qalmadı.
“O zəhrimardan” yaxa qurtarmağın yolu da yoxdur, sənə yapışdısa, əl çəkməyəcək. Həyat tərzindən tutmuş, düşüncəyə kimi hər məsələni redaktə etməlisən, bəlkə onda bir şəfa taparsan, yolun da Mərkəzə tərəf düşməyə.