BAKI, 14 mart — Sputnik. Cons Hopkins Universitetinin alimləri xərçəng hüceyrələrinin məhv edilməsi üçün yeni üsul tapıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə MedicalXpress yazır.
Məlum olub ki, qanda xolesterinin miqdarının azaldılması üçün nəzərdə tutulan statin preparatları şişi "acmağa" məcbur edir, nəticədə onun inkişafı dayanır.
Tədqiqatçılar PTEN genində mutasiyası olan hüceyrələrin məhv edilməsində hansının daha səmərəli olduğunu öyrənmək üçün Qida məhsulları və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti idarəsinin (FDA) təsdiq elədiyi 2.5 mindən çox preparatı analiz ediblər. PTEN geni şişlərin böyüməsinin qarşısını alan fermenti kodlaşdırır. Nəticələr göstərib ki, statinlər, xüsusilə də pitavastatin xərçənglə mübarizə aparmağa qadirdir.
Statinlər hüceyrə zülallarının hüceyrə membranları ilə əlaqələndirilməsinə cavabdeh olan geranilgeranil pirofosfat (GGPP) molekulunun yaranmasının qarşısını alır. GGPP xərçəng hüceyrələrinin artmasına yardım edir. Əgər pirofosfatın sintezinə cavabdeh olan fermentin təsiri azaldılsa, o zaman PTEN mutasiyalı xərçəng hüceyrələri hərəkət etməyi dayandırır və artım üçün gərəkli olan qida maddələrini sora bilmir. Bu isə onların "acından ölməyinə"səbəb olur.