BAKI, 20 aprel — İrina Alksnis, Sputnik. Rusiya Özbəkistanın göndərdiyi humanitar yardımı minnətdarlıqla qəbul edib. Ümumilikdə, Rusiyaya beş milyon tibbi maska və tibbi tənzif verilib. Bu xəbər çox sayda acı və istehzalı şərhlərə səbəb olub: "Rusiya kimi böyük güc əsas tibbi mallara olan tələbatını özü təmin edə bilmir və qonşularının köməyindən yararlanmağa məcburdur".
Lakin bu ələ salmaların və zarafatların arxasında, adətən olduğu kimi, bütün bu baş verənlərin əsas məğzi nəzərdən kənarda qalıb. Onu başa düşmək üçün isə bəzi faktları xatırlamaq lazımdır.
Martın birinci yarısında Rusiya koronavirusun diaqnostikası üçün Özbəkistana təmənnasız olaraq bir neçə min test sistemi verib. Ümumiyyətlə, Orta Asiya respublikası belə yardımı almış yeganə ölkə olmayıb. Fevralın əvvəlindən Moskva daimi əsasda bir çox qonşularını testlərlə təmin edir.
Özbəkistan özü isə təkcə Rusiyaya kömək etməyib. İki ay bundan əvvəl Daşkənd o zaman epidemiyanın pikində olan Çinə humanitar yardım göndərib. Pekin onu qəbul edərək "güclü və təmənnasız dəstəyə görə" minnətdarlığını bildirib. Ay yarımdan sonra isə vəziyyət tam əksinə təkrarlanıb: martın sonunda artıq Çin Özbəkistana yardım göndərib.
Rusiya ilə Çin arasında da vəziyyət oxşardır: fevralda Rusiya Çinə iki milyon maska verib, bir neçə həftə əvvəl isə özü oradan yardım alıb. İş yardım yüklərinin mübadiləsi ilə qurtarmır. Əvvəlcə epidemiyalarla mübarizə üzrə rusiyalı mütəxəssislər Çinə yollanıblar, bu yaxınlarda isə Çin həkimləri Rusiyaya gediblər.
Qarşılıqlı yardım mübadiləsi qəribə görünə bilər, lakin onun arxasında ənənəvi humanitar mexanizmi əsaslı şəkildə yenidən nəzərdən keçirmək və transformasiya etmək cəhdi durur. Dünya siyasi sisteminin əsas "sarsıdıcıları" – Rusiya və Çin yenə də bu prosesin hərəkətverici qüvvəsi kimi çıxış edirlər.
Müasir dünyada humanitar yardım konsepsiyası kifayət qədər qəribə, bəzən isə riyakar və açıq-aşkar eybəcər bir görkəm alıb.
Birincisi, problemin ərazi cəhətdən məhdud, nöqtəvi xarakter daşıması yardımın göstərilməsi üçün əsas "ssenari"yə çevrilib: əgər hər hansı bir ölkə fəlakətlə (təbii və ya texnogen) üzləşirsə, eyni çətinliklərlə üzləşməmiş digər ölkələr kömək edə bilər. Hazırkı COVID-19 pandemiyası isə dünyanın unutmağa üstünlük verdiyi böhranlar – eyni problemin hamıda eyni vaxtda yaranması haqqında xatırlatma edir.
İkincisi isə, məlum olur ki, humanitar yardım ideyası başdan-ayağa çoxsaylı şərtlər və məhdudiyyətlərlə doludur. Kimsə zəifliyini və problemin öhdəsindən öz gücünə gələ bilmədiyini göstərməkdən qorxur – bu, əsasən bu və ya digər fövqəldövlət ambisiyaları olan ölkələrə aiddir. Bəziləri üçün isə yalnız müttəfiqlərin köməyi məqbuldur, ixtilafda olduqları ölkələrin yardımına dair təkliflərdə isə onlar müəyyən təhlükələr görürlər. Məsələn, 2016-cı ildə Rusiyanın yanğınsöndürən təyyarələri Portuqaliyada yanğınların söndürülməsində iştirak edib, iki ildən sonra isə eyni problemlə üzləşmiş Yunanıstan Moskvanın təklifinə məhəl qoymamağa üstünlük verib.
Bu vəziyyətdə Rusiya sözdə deyil, əməldə tamamilə fərqli bir yanaşmanın mümkün olduğunu göstərməyə çalışır.
Əvvəla, hətta ümumdünya böhran belə dövlətlərin öz ləyaqətini itirməsi üçün əsas deyil. Heç kəs demir ki, başqa ölkələrə yardım etmək üçün öz milli ehtiyaclarını qurban verməlisən. Amma əgər ehtiyatların imkan verirsə, onda ən azı hamıdan daha ağır vəziyyətdə olanlara kömək etmək düzgün və məntiqli olardı. Və bu zaman güvənə bilərsən ki, sən də dara düşəndə kimsə sənə köməyə gələcək.
Hamının eyni vaxtda dara düşdüyü pandemiya kimi çağırışlar humanitar işin beynəlxalq səviyyədə səmərəliliyini yüksəltməyə əsas səbəbdir. Çin, bütün iqtisadi qüdrətinə və istehsal çevikliyinə baxmayaraq, fevralda, yəni epidemiyanın ən kəskin mərhələsi zamanı kömək almaqdan çəkinməyib. Əvəzində, yaxşılaşma olan kimi Pekin digərlərinə fəal şəkildə yardım göstərməyə başlayıb.
İrəli sürülən və əməli surətdə həyata keçirilən qarşılıqlı humanitar dəstək ideyası dünya siyasi sisteminin əsaslarını sarsıdır. Təsadüfi deyil ki, bəzi dövlətlər daha ciddi itkilərə məruz qalmağa, lakin arzuolunmaz güclərin köməyini qəbul etməməyə üstünlük verirlər. Bununla da onlar hər bir ölkənin dəqiq təyin olunmuş yeri tutmağa məcbur olduğu və onu dəyişdirməyi belə düşünməyə cəsarət etmədiyi sərt bir iyerarxiyanı qoruyub saxlayırlar.
Məhz buna görə də Birləşmiş Ştatlar üçün Kubanın köməyi ağlasığmazdır, baxmayaraq ki, Kubanın fövqəladə hallar və səhiyyə sistemləri Amerika sistemlərindən üstünlüyünü artıq dəfələrlə sübut edib. Məhz buna görə də Özbəkistanın Rusiyaya humanitar yardımı ilə bağlı rişxənd səslənir: çünki dağılmaqda olan, lakin hələ də mövcud olan dünya nizamında belə hallar böyük dövlətin zəifliyinin təzahürü və onun alçaldılması kimi görülür.
Lakin nə Rusiya, nə də Çin belə düşünmürlər.
Əksinə, onlar üçün COVID-19-a qarşı kollektiv mübarizə yeni sistemin qurulması istiqamətində növbəti addımdır: absurd və iyerarxik oyunlar olmadan, tərəfdaşlara və bütün qaydalara hörmət şəraitində.