BAKI, 25 mart — Sputnik. Rusiya SARS-CoV-2 koronavirus epidemiyası səbəbindən bütün ölkələri bölgələrdə silahlı münaqişələri dayandırmağa və humanitar pauza elan etməyə səsləyib.
Sputnik Azərbaycan bildidir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir.
Qurumun nümayəndələrinin sözlərinə görə, "qaynar nöqtələrdə" yaşayan insanlar lazımi dərman əldə edə, həkim yardımı ala bilmirlər, ona görə də münaqişələrin davam etdirilməsi "ümumbəşər humanitar fəlakətə gətirib çıxara bilər".
Bəyanat ilk növbədə öz hərbi qüvvələrini milli sərhədlərdən kənarda aparan dövlətlərə ünvanlanıb. Bundan əlavə, onun müəllifləri qeyd edirlər ki, hazırkı şəraitdə, iqtisadi qadağalar da daxil, birtərəfli məcburetmə tədbirlərinin tətbiqinə heç bir haqq qazandırmaq olmaz - çünki bunlar ölkələrin öz əhalisini qorumaq cəhdlərini çətinləşdirir.
Eyni zamanda bəyanatda antiterror əməliyyatlarının davam etdirilməsi təqdir olunur - terrorçuların nəzarət etdikləri ərazilərdə yaşayan insanlar daha böyük təhlükədədirlər. Bildirilir ki, BMT-nin Baş katibi Antoniu Quterreş də oxşar bəyanat verib.
Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 423 min nəfərdən çoxdur. 18,9 min nəfər ölüb, 108,6 min nəfər sağalıb.