İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 aprel — Sputnik. Ölkədə xüsusi karantin rejimi təbiq edildikdən sonra insanlarda psixoloji vəziyyətin gərginləşməsi müşahidə edilir. Bu, paytaxtın yollarında avtomobil idarə edən sürücülərdə özünü daha kəskin şəkildə büruzə edir. Qayda pozulması, sürətli idarə etmə, manevrlər və piyada vurulması ilə nəticələnən qəzaların sayında da artım müşahidə edilir.
Halbuki, yollar boşdur, yollarda avtomobil və piyadaların sayı azdır. Amma qəza baş verir. Niyə? Sputnik Azərbaycan sürücülərdə müşahidə dilən aqressivliyin səbəbini araşdırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər xüsusi karantin rejimi ilə əlaqədər bəzi sürücülər gərginlik keçirirlər. Evdə oturmaqdan bezirlər, yorulurlar. Bu, özünü daha çox qayda pozmağa meyilli olan sürücülərdə və bir az da gənc sürücülərdə daha çox büruzə edir: "Belə sürücülər günün müxtəlif saatlarında, xüsusən axşam vaxtlarında şəhərə çıxır və avtoxuliqanlıq edirlər. Bakı küçələrində sürətli hərəkətlər, təhlükəli manevrlər edənlər məhz belə sürücülərdir. Ancaq şəhərdə yolun boş olmasından, maşınların sayının az olmasından istifadə edərək qayda pozan, avtomobili istədiyi kimi idarə edən sürücülər də az deyil. Belə sürüclərə görə yollarda gərginlik, intizamsızlıq yaranır".
E. Muradlı vurğulayıb ki, indi yol polisi bütün gücünü postların yoxlanılmasına yönləndirib. Əsas diqqət postlarda olduğuna görə yollarda intizamsızlıq müşahidə edilir.
Onun sözlərinə görə, son günlər onlarla belə sürücü aşkarlanıb və həbs olunanlar, inzibati məsuliyyətə cəlb edilənlər var.
"Onların haqqında görüntülər sosial şəbəkələrdə və başqa informasiya şəbəkələrində yayıldıqca hər birinin barəsində tədbir görülür. Sürücülər başa düşməlidir ki, bu aqressiya, gərginlik sürücülərin birinci özlərinə ziyandır. Sükan arxasında hər bir sürücü səbrli və təmkinli olmalı, hadisələrə adekvat reaksiya verməlidir. Əgər kimsə onu qıcıqlandırırsa, digər bir neqativ hala yol verməyə dəvət edirsə, bundan çəkinmək lazımdır" - deyə ekspert bildirib.
Nəqliyyat eskperti Azər Allahverənov isə bldirib ki, sürücülərin hamısı aqressiv deyil.
"Bu gün yollarda hərəkətdə olanlar əsasən işə gedib gələnlər və nəqliyyat vasitəsi ilə müxtəlif xidmət göstərən şəxslərdir. Bura taksi xidmətləri, yük daşıma xidmətləri daxildir" - deyən Allahverənov bildirib ki, xüsusi karantin rejimi yollarda müəyyən qaydaların tətbiq edilməsini, xüsusən də məhdudiyyət qaydalarının tətbiq olunmasını tələb edən rejimdir. Bu yolda hərəkətdə olan nəqliyyat vasitələrinin axınının idarə olunmasında və hər hansı bir məhdudiyyətlərin, hər hansı bir çərçivələrin tətbiqi ilə nəticələnən bir qaydadır.
Mütəxəssisin fikrincə, vətəndaşlar bir ünvandan digər ünvana keçmək üçün bir neçə müvəqqəti qurulmuş postlardan keçmək məcburiyyətində qalır və bu postlarda həmin şəxslərin sənədlərini yoxlayırlar. Həmin şəxslərlə hər hansı bir izahedici işlər aparırlar. İnzibati protokol tərtib olunur. Və onlar karantin rejimini pozduqlarına görə müvafiq qaydada cərimələnir. Bu gün bu prosesləri yaşayan sürücülərin müəyyən bir qismi aqressiv ola bilər.
"Bir neçə gün əvvəl taksi xidməti göstərən sürücü ilə söhbətim oldu. O, Günəşlidən Nəsimi bazarına gəldiyinə görə təxminən 5 postdan keçməli olmuşdu. Həqiqətən çox aqressiv idi. Normalda həmin məsafəni 20-25 dəqiqəyə qət etsə də, həmin yolu 45 dəqiqəyə gəlmişdi. Bu da həmin postlarla əlaqəli idi. Bu proses sürücüləri müəyyən qədər aqressivləşdirə bilər" - deyə ekspert bildirib.
A.Allahverənov bildirib ki, kimliyindən asılı olmayaraq sürücülər bir qayda olaraq müəyyən olunmuş qaydalara uyğun davranmalı, xüsusi karantin rejiminin qaydalarına əməl etməli, lazımsız yerə, icazə olmadan çölə çıxmamalı və bu yaranmış vəziyyəti bir az anlayışlı, dözümlü qarşılamalıdırlar: "Psixoloji bir məqamdır və hesab edirəm ki, söhbət insanın özündən, ailəsindən gedirsə, psixoloji problemlərə bir qədər dözümlü olmalıdır və qoyulmuş qaydalara düzgün əməl etməlidir".