Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 31 mart — Sputnik. Koronavirus təhlükəsi yaranandan apteklərdə tibbi maskaların çatışmazlığı ilə yanaşı, qiymət artımı müşahidə olunur. Apteklərin çoxunda tibbi maska olmadığından, vətəndaşlar maska tapdıqda onu baha da olsa almaq məcburiyyətində qalırlar.
Hələ virusun yayılması xəbəri gəldiyi ilk günlərdə adi maskaların qiyməti 10 qəpikdən 20 qəpiyə qalxdı. Daha sonra yoxa çıxan bu maskalar 50, 70 qəpiyə, bəzi yerlərdə isə hətta 1 manata da satıldı. Sonradan apteklərdə qiymətlər 20 qəpiyə salınsa da, maska tapmaq yayda qar əldə etmək kimi möcüzəyə çevrilib.
İnsanlar haradansa maska tapmaq üçün onlarla aptekə baş çəkməli olur. Bəzi apteklər onlara ümumiyyətlə maska gətirilmədiyini, digərləri isə çox məhdud sayda gətirildiyini və dərhal satılıb qurtardığını bildirilər. Aptek işçilərinə müraciət edəndə isə "elə indicə satılıb qurtardı" deyirlər. Bəzi apteklər fürsətdən yararlanıb maskanı yenidən baha qiymətə satırlar.
Qeyd edək ki, sosial şəbəkələrdə bəzi apteklərdə tibbi və qoruyucu maskaların qiymətinin yüksək olduğunu əks etdirən görüntülər yayılıb. Bəzi apteklərdə N95 maskalarının bir ədədinin 40 manata satıldığını əks etdirən şəkillər də var.
Rusiyadan koronavirusla bağlı ümidverici xəbər – Artıq səhv olmayacaq
Sputnik Azərbaycan-ın əməkdaşının apardığı müşahidələr zamanı apteklərin mütləq əksəriyyətində tibbi maska satılmadığı öz təsdiqini tapıb. Bəzi apteklərdə isə ötən ay 5 manata satılan maskaların qiymətinin 15-22 manata qədər yüksəldiyi məlum olub. Apteklərdə satıcılar isə bunun depolardan tibbi maskaların baha satılması ilə əlaqələndiriblər. Maska satılmayan apteklər isə elə bizə də eyni cavabı verdilər: "Maska səhər gəlmişdi, satılıb qurtardı".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, maskaların qiymətinin süni bahalaşdırılmasından xəbərdardır: "Mənim də məlumatım var ki, bir sıra ərzaq məhsulları ilə yanaşı, tibbi maskaların qiyməti yenidən bahalaşıb. Prezident bununla bağlı irad bildirdi. Amma görünür yenidən işbazlar fəallaşıblar. Mənim təklifim odur ki, apteklərə Nazirlər Kabineti yanında Operativ Qərargahın nömrəsi yazılaraq vurulsun. Maskanı real qiymətindən dəfələrlə baha satan apteklər barədə vətəndaşlar Qərargaha məlumat verə bilsinlər. Qərargah həmin apteklər barədə şikayətləri aidiyyəti üzrə təqdim etsin. Bunu edənlər cəzalandırılsın!"
Qeyd edək ki, Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu apteklərdə tibbi maskaların çatışmazlığı məsələsinə toxunub. Millət vəkili bildirib ki, Azərbaycanda tibbi maskaların istehsalı ilə bağlı işlər görülür: "Seçicilərim mənə zəng vururlar ki, apteklərdə tibbi maskalar tapılmır. Araşdırdıq və bəlli oldu ki, apteklərə gün ərzində 50-100 arası maska verilir və o da tələbatı ödəmir. Aidiyyəti qurumlara səslənirəm ki, bununla bağlı tədbirlər görülsün. Prezident İlham Əliyev bütün lazımi tədbirləri görür, xahiş edirəm aidiyyəti qurumlar da maska çatışmazlığı məsələni diqqətdə saxlasınlar".
Məlumat üçün qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon İdarəsinin əməkdaşları apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçiriblər. Polis əməkdaşları qiymətlərlə maraqlanıb, əczaçılarla profilaktik söhbətlər aparıblar. Aptek rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub. Yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı inzibati qaydada tədbir görüləcəyi diqqətə çatdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşlar üçün karantin dövründə DİN-də "Qaynar Xətt" yaradılıb: "Respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb. Qeyd edilən məsələlərlə əlaqədar vətəndaşlar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərlər".