BAKI, 29 mart — Sputnik. Niderland Çindən idxal olunan yüz minlərlə tibbi maskanı defekt aşkarlandığı üçün Çinə geri qaytarıb. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Niderlandlı rəsmilər qeyd ediblər ki, martın 21-i Çindən 1,3 milyon tibbi maska idxal olunub və onların bir qismi "COVİD-19" pandemiyasının yayılması ilə bağlı hospital və digər sağlamlıq mərkəzlərinə göndərilib.
Lakin sonradan məlum olub ki, tibbi maskalar lazımi kriteriyalara uyğun deyil. Belə ki, KN95 sertifikasiyana malik maskalar 95%-i qədər virus hissəciklərini filtrdən keçirməlidir. Lakin maskaların membran filtrlərində defekt olduğu üçün bu baş tutmur.
Aparılan testlər maskaların keyfiyyət normalarına uyğun olmadığını göstərib. Niderland Dövlət Televiziyasının məlumatına görə, 600000-ə yaxın maska geri qaytarılıb.
Qeyd edək ki, Niderlandda 9800 koronavirusa yoluxma, bu virusdan 632 ölüm halı qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 31 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.