CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zövqlərimizi, duyğularımızı, hisslərimizi idarə edən biri var: bir barmaq uzaqda

CC BY 2.0 / Marco Verch / LaptopДевушка за компьютером, фото из архива
Девушка за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələr heç bir ictimai çəkisi olmayan nataraz adamları qəhrəmanlara çevirdi və gərəksiz dərəcədə sərbəst, "demokratik", "azad" mühit yaratdı

BAKI, 24 mart — Sputnik. Texnologiya, internet, sosial şəbəkələr həyatımıza sürətlə daxil olub və biz necə bir bəlaya düçar olduğumuzdan xəbərsizik. Xüsusilə internet həyatımızı asanlaşdırdığı qədər də problemlər yaradır. Bilgi, informasiya əldə etmək asanlaşdığı qədər, insan həyatı çətinləşir. Fərqində deyilik. Çünki sosial şəbəkələr vasitəsi ilə sosiallaşdığımızı düşünürük.

Мужчина на скамейке, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Müdriklik səlahiyyəti

Əslində isə daha çox yadlaşırıq, tənhalaşırıq, asosiallaşırıq.

Sosial şəbəkələr insanlarla virtual ünsiyyətimizi asanlaşdırdığı qədər, real həyatda ünsiyyətimizə mane olur. Real insani münasibətlər ciddi zədələr alır, insanlar arasında soyuqluq, ögeylik, laqeydlik yaranır. İnsanlar getdikləri məkanları, yedikləri yeməkləri, ünsiyyətdə olduqları yaxınlarını, gördükləri işləri insanlarla paylaşmaq, bölüşmək, bəlkə də qıcıq yaratmaq instinkti ilə hərəkət edirlər. Təbii olaraq bütün bu paylaşımların arxasında "bəyən"ilmək ehtirası, təqdir edilmək arzusu, tərif həvəsi gizlənir. Çağımızı nəzər salsaq, bütün bunların hamısı olduqca təbii, gözlənilən və bəlkə də hesablanmış, dəqiq ölçülüb-biçilmiş prosesdir. Sosial şəbəkələr bütün sahələrə kifayət qədər ciddi təsir etdi və etməkdədir. Sosial şəbəkələr öz "qəhrəman"larını: psixoloqlarını, sosioloqlarını, həkimlərini, filosoflarını, şair və yazıçılarını, elm adamlarını, aktyorlarını, rejissorlarını yaratdı.

İndi hamı ellikcə maraqlı, ağıllı, gözəl, "cool" görünməyə çalışır. Sosial şəbəkələr fərdlərə lazımsız eqoizm bəxş etdi. Sosial şəbəkələr heç bir ictimai çəkisi olmayan nataraz adamları qəhrəmanlara çevirdi və gərəksiz dərəcədə sərbəst, "demokratik", "azad" mühit yaratdı.

Müasir insan sosial şəbəkənin əsirinə çevrilmiş asosiallaşan varlıqdır.

Sosial şəbəkələrin yaratdığı insan tipləri, normal həyatda qarşılaşdığımız "kimlik"lərindən fərqlidir. Çünki zaman-zaman ciddi hesab etdiyimiz adamların sosial şəbəkədəki siması bəzən həddindən artıq gülünc, bəzən isə çox faciəvidir.

Monitor arxasındakı həyatımız hərəkətsiz, soyuq və cansıxıcıdır. Real ünsiyyətdən qaçdıqca, hər şey yazıya, videoya, fotoya, səs yazısına çevrildikcə tənbəlləşir, vecsizləşirik. Hətta ən yaxınlarımızla, doğmalarımızla ünsiyyətimiz azalır, danışmaq, ünsiyyət problemə çevrilir. Müasir insan laqeyd bir varlığa çevrilir, kədəri də, sevinci də bəsitləşir. 

Sosial şəbəkələr ünsiyyət problemini daha da dərinləşdirir.

Məni ən çox narahat edən ədəbiyyatın sosial şəbəkələrdə "əriməsi"dir. Birbaşa prosesin içərisində olduğum üçün, hər şey daha aydın və dərkediləndir. Zaman o zaman idi ki, şeir, hekayə və digər ədəbi məhsullar dərnəklərdə, ən pis halda çayxanalarda, məclislərdə müzakirə edilirdi. Biz kiçik, amma kifayət qədər peşəkar çevrələrdə yazdıqlarımızı müzakirəyə çıxarır, bu müzakirələr nəticəsində qüsurlarımızı görür, istedadımızın sərhədlərini müəyyənləşdirirdik. Hansısa şairin, yazıçının, jurnalistin yazısını dörd gözlə gözləyir, jurnalları, qəzetləri, kitabları "gözümüzə təpirdik". Oxucu az, amma daha keyfiyyətli idi. İndi yazmağı bacaran hər kəs sosial şəbəkələrdə "bəyən"ilmək arxasınca qaçır. Nəticədə oxucu zövqünün idarə etdiyi vecsiz qələm adamları meydan sulayırlar. Çünki şair yazacağı şeiri yox, ona yazılacaq şərhləri düşünür. Şəbəkədaşlar şairi, yazarı öz zövqləri ilə idarə edirlər. Çox təəssüf ki, istedadlı qələm adamları sosial şəbəkələrdə fenomen olmağı ciddi ədəbiyyat yaratmaqdan üstün tuturlar.

Sosial şəbəkə insan zövqlərini, duyğularını, hisslərini idarə edir.

Artıq qələm adamlarının yazdıqları sosial şəbəkələrin yaratdığı yeni insan modelinə hesablanır. Artıq oxucu yoxdur, "layker" var.

Mən neçə-neçə qələm dostlarımın sosial şəbəkə istifadəçiləri tərəfindən ələ salındığının, linç edildiyinin şahidi olmuşam. Çox təəssüf ki, artıq biz bəzən real kimliyi bilinməyən, intellekti, dünya görüşü bizə məlum olmayan insanların sosial şəbəkələrdə yazdıqlarına ciddi-ciddi yazılar həsr edir, əslində isə Don Kixot kimi yel dəyirmanları ilə döyüşürük. 

Журналист, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Bizə kim sahib çıxacaq?

Sosial şəbəkələrin aktiv istifadəçisi olduğum halda bu yazını niyə yazdım? Bu yazının sadaladığım problemlərdən qurtulmağımıza faydası olacaqmı?

Yazdım ki, ən azından sadaladığım bu problemləri bir daha özümə və sizə xatırladım. Sosial şəbəkələrdən uzaq qalmaq, sadaladığım problemlərdən xilas olmaq mənim üçün çətin görünmür. Tanıdığım ciddi insanlar var ki, sosial şəbəkələrdən kənarda çox rahat ömür-gün sürür, işinin, həyatının dadını çıxarır, dostlarla, ailəsi ilə normal vaxt keçirirlər. Bəlkə də, asılılıq dərəcəsinə çatdırmadan, sosial şəbəkələrdə olmaq ziyan gətirməz. Amma gördüyün bütün ciddi işlərin üstündən xətt çəkib sosial şəbəkələrin fenomeninə çevrilmək arzusu təhlükəlidir. Xüsusilə qələm adamlarının bu bəlaya yoluxması, kiçik bir dəstənin, kiçik bir qrupun əlində girinc qalması yaxşı heç nə vəd etmir. Bu gün sizi tənqid edən şəbəkə fenomenləri sabah sizi öz zövqü ilə hesablaşmağa, sizi istədiyi insana çevirməyə nail olacaqlar və bəlkə də buna nail olublar, biz fərqində deyilik. Ədəbiyyat isə kütlədən, bəsit və lağlağı zövqlərdən üstündür.

Bu məqamda dinlərin niyə yazıya ehtiyatla yanaşdığını anlayıram. Hamının əlinə qələm verib yazmağı öyrətmək, sonra isə istədiyini yazmağa şərait yaratmaq ilahi, səmavi söz üçün təhlükə idi.

Proses isə qarşısıalınmazdır. İnsanların sosial şəbəkələrə axınının qarşısını almaq olmaz, yəni onlar artıq "yaza bilirlər". Bu məqamda, yeganə yol şəxsiyyətin, həqiqi qələm adamının, ciddi söz sahibinin özünü xilas etməsidir. Kütləvi olan hər şeylə məsafəli davranmaq ərdəmdir, bəzən kütlədən qaçmaq da...

Xəbər lenti
0