BAKI, 27 fevral — Sputnik. Prezidentin xüsusi təqaüdü ilə bağlı dəfələrlə yazılıb, bu barədə uzun-uzadı müzakirələr aparılıb. Bu barədə mən də dəfələrlə yazmışam. Hətta ötən il şəxsi "Facebook" hesabımda və bloqumda prezidentin xüsusi təqaüdü ilə bağlı geniş yazı yazsam da, rayonda yaşadığım üçün yazı diqqət çəkmədi, aldığım reaksiya məni qane etmədi. Yenidən bu mövzuya müraciət etməyimin səbəbinə yazının sonunda aydınlıq gətirəcəyəm. İndi isə söhbəti çox uzatmadan mətləbə keçirəm.
Qısa arayış: Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən, artıq 12-ci idir ki, bir il müddətində 50 nəfər yaşlı yazıçıya 300, 20 nəfər gənc yazıçıya isə 200 manat həcmində xüsusi təqaüd verilir. Prezidentin eyni gündə imzaladığı 2024 və 2025 nömrəli sərəncamlarla Rəssamlar və Bəstəkarlar İttifaqlarının üzvlərinə də təqaüd verilir.
İllərdir bu barədə müzakirələr getsə də, əlaqədar qurumlar reaksiya vermir və prezidentin xüsusi təqaüdü ilə bağlı məsələ hələ də mübahisəlidir. Məhz islahatların davam etdiyi bu dönəmdə bir neçə məqama təkrar nəzər salmağı vacib hesab edirəm.
Birinci məqam: Gəlin ondan başlayaq ki, bu ölkədə AYB, ARİ, ABİ kimi birbaşa dövlətə bağlı olan qurumların üzvü olmayan, amma ciddi yaradıcılıqla məşğul olan yüzlərlə insan var. Amma nə sirri-xudadırsa, prezidentin xüsusi təqaüdü sadəcə bu yaradıcı təşkilatların üzvlərinə şamil olunub.
Bu, açıq-aydın diskriminasiyadır. AYB, ARİ, ABİ üzvü olmayan yazıçı və şairlər, rəssamlar və bəstəkarlar bu ölkənin vətəndaşı deyilmi?
Nə üçün mənim vergilərimlə hansısa istedadsız yazıçıya, şairə, rəssama, bəstəkara sadəcə bu ittifaqların üzvü olduğu üçün təqaüd verilməlidir və bu istedadsızlar mənim ödədiyim verginin hesabına bir il kef etməlidirlər?
İkinci məqam: Proses şəffaf deyil. Ən azı, AYB bu işi şəffaf şəkildə həyata keçirmir. Ötən 12 ildə prezidentin xüsusi təqaüdünü alan şəxslərin siyahısı ictimaiyyətə açıqlanmayıb. Hər il siyahıların dəyişməsini nəzərə alsaq, deməli, bu ilə qədər təxminən 840 nəfər prezidentin xüsusi təqaüdünü alıb. Bu, yüz minlərlə manat dövlət vəsaiti deməkdir. Deməli, sadəcə vətəndaşların vergiləri ilə 840 nəfər naməlum insan təqaüd alır. (Hər il 5-10 nəfərin adı cəmiyyətə məlum olsa da, əksəriyyəti naməlumdur.)
Üçüncü məqam: AYB-nin apardığı yarıtmaz siyasət nəticəsində hər il onlarla istedadsız adamı tapıb AYB-yə üzv edib, təqaüd verirlər. AYB sədrinə, katiblərə və digər məsul vəzifələrdə çalışan şəxslərin yaxın qohum-əqrəbasına, məmur-yazıçıların, məmur-şairlərin katibələrinə, tapşırdıqları şəxslərə təqaüd verilir. Prezidentin sərəncamına əsasən, bu təqaüd onların yaradıcılıq fəaliyyətini təmin etmək üçün verilir. 840 nəfəri qoyaq bir kənara, AYB 80 nəfər yazıçı və şairin son 12 ildə yaradıcılığı ilə bağlı qazandığı uğurları sadalaya bilərmi? 20 ildir ki, ədəbi mətbuatı yaxından izləyirəm. Mətbuatda çap olunan imzaları aşağı-yuxarı tanıyıram. AYB rəhbərliyində olan ixtiyari məsul şəxs mediaya bu 840 nəfərin fəaliyyəti ilə bağlı açıqlama və ya hesabat verə bilərmi? Haradadır xalqın vergisi ilə təqaüd alan bu 840 nəfər yazıçı və şair?
Dördüncü məqam: AYB-nin 2000 nəfərə yaxın üzvü var. Bunların bir qismi AYB-də, müxtəlif mətbu orqanlarda, dövlət qurumlarında, hətta nazirliklərdə çalışır. Yəni bu yazıçı və şairlərin konkret olaraq xüsusi təqaüdə ehtiyacı yoxdur. Bu 2000-ə yaxın üzvdən ciddi ədəbi fəaliyyətlə məşğul olan heç 100 nəfər də tapa bilməzsiniz. Ölkədə ədəbiyyatın vəziyyəti hər kəsə məlumdur. AYB rəsmiləri 840 nəfərdən ciddi, beynəlxalq ədəbi uğuru olan heç olmasa 100 nəfərin siyahısını mətbuata verə bilərmi? Haradadır bizim vergimizlə təqaüd alan istedad sahibləri? Biz, ədəbiyyatı sevən və onun üçün əziyyət çəkən insanlar niyə bu təqaüd alan insanlardan xəbərsizik?
Bir daha və yenidən AYB rəsmilərindən, Mədəniyyət Nazirliyindən soruşuram:
- 12 il ərzində xüsusi təqaüd alan şəxslər kimlərdir və onlar hansı yaradıcı fəaliyyətlə məşğuldurlar?
- Nə üçün AYB-nin üzvü olmayan və ciddi ədəbi fəaliyyətlə məşğul olan şəxslərə bu təqaüd şamil olunmur?
- AYB-yə ötən il dövlət tərəfindən ayrılan 800 min manat vəsait haraya və necə xərcləndi? (Bu vəsaitin bir qisminin necə pay-püş edildiyini də yaxşı bilirəm.)
- AYB nə üçün günü-günə sataraq qurultay keçirmir, ölkədə gedən islahatlara adekvat davranmır?
Yenidən bu mövzuya qayıtmağımın əsas səbəbi AYB rəhbərliyini illərdir zəbt edən qocaman yazıçı və şairlərin bizim yazdıqlarımıza, etirazlarımıza laqeydliyidir.
Bu günə qədər birmənalı olaraq nə imtiyaz, nə də təqaüd arxasınca qaçmışam. Yazar, tərcüməçi, ssenarist və redaktor kimi fəaliyyət göstərib, vergimi ödəyib həyatıma davam etmişəm. Amma artıq bir ildən artıqdır ki, rəsmən işsizəm. Qazancım ayın yarısınacan yaşamağa belə yetmir.
Və düşünürəm: nə üçün haqqı olmayan bu insanlar bizim hüquqlarımızı pozub, haqqımızı yeyib yaşayırlar? 10 kitabın müəllifi, 20-dən artıq kitabın təcüməçisi, 100-dən çox kitabın redaktoruyam. Ədəbiyyat üçün gördüyüm işlər göz önündədir. Yüzlərlə naməlum təqaüdçüdən daha çox iş gördüyümü faktlarla, sənədlərlə sübut etməyim çətin deyil. Amma Yazıçılar Birliyinin üzvü olmadığım üçün dövlətin yazıçılar üçün nəzərdə tutduğu imtiyazlardan məhrumam, 15 ildən artıqdır kirayələrdə yaşayıram və rəsmi iş yerim yoxdur ki, heç olmasa, ipoteka kreditindən yararlanım.
Bu ədalətsiz, qeyri-adekvat təşkilata heç zaman üzv olmayacağıma görə, deməli, dövlətin qayğısından da məhrum olacağam, çünki ölkə rəhbərinin məlum sərəncamında “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması..." nəzərdə tutulub.
Bu gedişatın sonu necə olacaq, bilmirəm. İllərdir yazırıq, şikayət edirik, gileylənirik və heç nə qaydasına düşmür. Əvəzində haqqımızda yazdırmadıqları hədyanlar, atmadıqları böhtan qalmır.
Mən illərdir dövlətimin şair, yazıçı, tərcüməçi Cəlil Cavanşirə sahib çıxmasını, dəstək verməyini gözləyirəm, amma heyhat...
Artıq ömrümün tən yarısı arxada qalıb. Səhhətim, xüsusilə əsəblərim qaydasında deyil. Yaşayış yerim, işim və hər hansı yaradıcı təşkilata üzvlüyüm yoxdur. Birtəhər başımı girləyirəm. Günlərin birində başıma bir iş gəlsə, mənə sahib çıxmayan, arxa durmayan dövlət övladlarıma sahib çıxacaqmı?
Hər halda, heç kəsdən heç nə ummuram. Sadəcə yenidən bəzi mövzuları gündəmə gətirdim ki, bəlkə, kimlərinsə vicdanı oyandı...