BAKI, 24 mart — Sputnik, Teymur Tuşiyev. Əgər azərbaycanlı idmançıların hazırlığı dayansa və onlar qüvvələrini bərpa edə bilməsələr, o zaman Azərbaycanın Milli Olimpiya Komitəsi atletlərin vaxtı dəyişdirilmədiyi halda Tokiodakı Oyunlarda iştirakının məqsədəuyğunluğu barədə məsələ qaldıracaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Bir müddət əvvəl Kanada və Avstraliya bəyan ediblər ki, əgər Beynəlxalq Olimpiya Komitəsi Oyunları əvvəldən təyin edilmiş vaxtda - iyulun 24-dən avqustun 9-dək - keçirməyi qərara alsa, o zaman 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcəklər. İmtina səbəbi isə koronavirus pandemiyası səbəbindən bu ölkələrin idmançılarının hazırlıqlarının yarıda qalmasıdır.
Sputnik Azərbaycan MOK-un mətbuat xidməti vasitəsilə təşkilatın vitse-prezidenti Çingiz Hüseynovla söhbət edərək, Oyunların təxirə salınmayacağı təqdirdə Azərbaycanın yarışlarda iştirakdan imtina edib-etməyəcəyi məsələsini soruşub.
"Təbii ki, Azərbaycanın Milli Komitəsi BOK-un Tokioda Oyunların keçirilməsi barədə qərarını gözləyəcək. Əgər bu Oyunlar təxirə salınsa, o zaman, əlbəttə ki, biz hansısa qərar qəbul etmək məcburiyyətində olmayacağıq", - Hüseynzadə deyib.
Əgər BOK Olimpiadanın təyin olunmuş vaxtda keçirilməsini qərara alsa, o zaman Azərbaycan MOK bizim idmançıların Tokiodakı Oyunlarda iştirakının məqsədəuyğun olub-olmaması barədə məsələ qaldıracaq. MOK-un vitse-prezidenti vurğulayıb ki, bu məsələ təkcə bu təşkilatın səlahiyyətində deyil, həm də Milli Paralimpiya Komitəsi və Azərbaycan hökuməti ilə birlikdə həll olunmalıdır.
"Azərbaycanlı idmançıların təyin olunmuş vaxtda Tokiodakı Olimpiya Oyunlarında iştirak etməməsini Azərbaycan MOK o zaman nəzərdən keçirəcək ki, bizim atletlərin hazırlığı yarıda qalsın və onlar itirdikləri qüvvələrini bərpa edə bilməsinlər", - Hüseynzadə qeyd edib.
Bununla yanaşı, MOK-un vitse-prezidenti Olimpiada təyin olunduğu vaxt keçirilərsə, Azərbaycanın orada iştirak edəcəyinə ümidvar olduğunu deyib.
"Mən azərbaycanlı idmançılara inanıram. İnanıram ki, onlar vaxtında hazırlaşacaq, kifayət qədər olimpiya lisenziyaları qazanacaqlar və əgər BOK oyunların təyin olunmuş vaxtda keçirilməsinə qərar versə, o zaman Azərbaycan, güman ki, orada iştirak etməyə cəhd göstərəcək. Bir daha təkrar edirəm ki, bu, Milli Olimpiya və Paralimpiya komitələri ilə Azərbaycan hökumətinin birgə razılığı əsasında olacaq", - Hüseynzadə əlavə edib.