BAKI, 23 mart — Sputnik. İyunun 5-7-də keçirilməsi planlaşdırılan "Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat "Formula-1"-in rəsmi saytında yer alıb.
Məlumata görə, Azərbaycan Qran-prisi 2020-ci il mövsümü üçün təxirə salınan sonuncu yarışdır. Bazar ertəsi Bakı şəhər halqasından bildirilib ki, bu qərar "Formula-1", FİA və Azərbaycan Respublikasının hökuməti ilə razılaşdırıldıqdan sonra verilib.
"Bu, COVID-19 qlobal pandemiyası ilə birbaşa əlaqəlidir və aidiyəti orqanlar tərəfindən bizə təqdim olunmuş mütəxəssis rəyləri əsasında qəbul olunub", - məlumatda deyilir.
Azərbaycan Qran-prisi cari il üzrə təxirə salınan 8-ci yarışdır. Bundan əvvəl Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Priləri təxirə düşüb.