BAKI, 16 mart — Sputnik. "Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır. Yəni, bu işlər rəsmiləşdirilmişdir. Burada, əlbəttə ki, çox ciddi monitorinq tədbirləri keçirilməlidir. Bu, məsələ ilə bağlı sizə müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın. Əlbəttə ki, burada maarifləndirmə də xüsusi rol oynayır".
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.
"Mən də bir neçə dəfə vətəndaşlara müraciət edərək demişdim ki, əgər hansısa sahibkar onlara bu formada işləmək təklif edirsə, buna razı olmasınlar, dərhal müvafiq yerli və mərkəzi icra orqanlarını məlumatlandırsınlar. Çünki əgər qeyri-rəsmi işləyəcəklərsə, sabah onların nə pensiyası, nə də sosial sığortası olacaq, xüsusilə nəzərə alsaq ki, bu ildən başlayaraq ölkə ərazisində icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq olunur.
Mənə verilən məlumata görə, həm pilot şəhərlərdə, həm də bu il başlanmış bu işə əhali tərəfindən çox böyük dəstək, böyük maraq var. Ona görə belə təkliflərdən vətəndaşlar özləri imtina etməlidirlər. Amma bəzi hallarda çarəsiz qalırlar. Bəzi hallarda məcbur olub sahibkarların qanunsuz təkliflərinə razılıq verir, qeyri-formal işləyirlər.
Ona görə maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Eyni zamanda, göstəriş vermişəm ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız. Bilirəm ki, bu istiqamətdə işlər aparılır", - deyə Prezident qeyd edib.
Sahil Babayev: Cənab Prezident, qeyri-formal məşğulluqla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Sizin təsdiq etdiyiniz müxtəlif fərman və sərəncamlar çərçivəsində qeyri-formal məşğulluğun azaldılması üçün ən ciddi stimullar yaradılıb. Məsələn, vergi güzəştləri tətbiq olunub, eyni zamanda, inzibati tədbirlər gücləndirilib. Bu tədbirlərin müsbət dinamikası ötən il çox ciddi şəkildə özünü göstərdi. Təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artdı. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım oldu. Bu çox ciddi tədbirlər nəticəsində əməkhaqqı fondu birbaşa 42 faiz artdı. Bu, əməkhaqqı fondunda 42 faiz leqallaşma deməkdir. Bu, həm iqtisadiyyata, həm pensiya-sosial təminatına, həm də kölgə iqtisadiyyatının azaldılmasına ciddi dəstəkdir. Bu müsbət dinamika davam edir. Mən bu günə olan statistikaya əsasən deyə bilərəm ki, yanvarın 1-i ilə bu gün arasında əmək müqavilələrinin sayında 19 min 400 artım var.
Prezident İlham Əliyev: Əlavə?
Sahil Babayev: Bəli, əlavə olaraq. Əməkhaqqı fondunda da 5 faizlik artım var. Cənab Prezident, özəl sektorda bu müsbət dinamika davam etdiyi təqdirdə, bunun həm iqtisadi səmərəsi çox geniş olacaqdır, eyni zamanda da vətəndaşların sosial təminatı güclənəcəkdir.
Bu istiqamətdə təbliğatla bağlı çoxsaylı videoçarxlar çəkilib, çoxsaylı pres-relizlər təqdim olunub. Şəhərin müxtəlif yerlərində bannerlər yerləşdirilib. Ötən il 50-dən artıq tədbir keçirilib, builki proqramımızda isə 100-dən çox tədbirin təşkili nəzərdə tutulur. Müxtəlif rayonlardan, regionlardan işəgötürənlər, həmkarlar ittifaqlarının nümayəndələri dəvət olunaraq onlarla ciddi təbliğat işləri aparılacaq. Paralel olaraq “Çağrı” mərkəzimiz tam gücü ilə işləyir. Ötən il 280 min müraciət qəbul etmişik. Ehtimal edirik ki, bu il bizim “Çağrı” mərkəzimiz 400 mindən çox müraciət qəbul edəcək. Biz müraciət və şikayətlərə, ilk növbədə, ətraflı izahat veririk. Pozuntularla bağlı işəgötürənlərə xəbərdarlıqlar göndəririk. Xəbərdarlıqlara riayət etməyənlərə cərimələr tətbiq edirik.
Cənab Prezident, məruzə edim ki, Sizin müvafiq fərman və sərəncamlarınızla minimum əməkhaqqı artdıqdan sonra bir ay ərzində təqribən 300 mindən çox şəxsin əməkhaqqı hələ də əvvəlki kimi qalmışdı. Onlarla ciddi təbliğat işləri apardıq, elektron xəbərdarlıq göndərdik, cərimələr barədə məlumat verdik. Nəticədə qısa müddət ərzində 300 min rəqəmi 50 mindən aşağı düşdü. Beləliklə 250 min insanın əmək müqavilələrində müvafiq düzəlişlər edildi. Bu işlər mütəmadi və davamlı olaraq aparılacaq. Əlbəttə, xəbərdarlıqlara məhəl qoymayan, bildirişləri nəzərə almayan işəgötürənlərlə bağlı ciddi tədbirlər görüləcək.
Prezident İlham Əliyev: Çox yaxşı. Bundan sonra da bu məsələyə xüsusi diqqət göstəriləcək. Elə etməliyik ki, bizim bu təşəbbüsümüz maksimum dərəcədə reallaşsın və qeyri-formal məşğulluq ən aşağı səviyyəyə düşsün. Hesab edirəm ki, kompleks tədbirlər nəticəsində biz buna nail olacağıq.
Bu il də DOST mərkəzlərinin tikilməsi nəzərdə tutulur. Keçən il biz iki mərkəzin açılışını etdik. Mən şəxsən açılışlarda iştirak etmişəm. Bu mərkəzlərdən biri keçən ilin may ayından fəaliyyətdədir, nə qədər müraciət olub? Bəyənmə əmsalı hansı səviyyədədir? Bu il neçə mərkəzin və nə vaxt tikilməsi nəzərdə tutulur? Məlumat verin.
Sahil Babayev: Cənab Prezident, may ayından etibarən fəaliyyət göstərən birinci mərkəzimiz və dekabrdan etibarən fəaliyyət göstərən ikinci mərkəzimiz üzrə bu günədək birlikdə 81 min müraciət qəbul edilib. Vətəndaşların məmnunluq səviyyəsi 95,8 faizdir. Sizin müvafiq fərman və sərəncamlarınızla yaradılmış DOST Agentliyi - DOST mexanizmi öz uğurunu təsdiq edir. Vətəndaşlar bu mexanizmdən çox razıdırlar. Hər bir rayondan bizə müraciətlər gəlir ki, bu şəbəkə sürətli şəkildə genişləndirilsin. Sizin dəstəyinizlə artıq 8 yeni mərkəz üzərində iş aparılır. Onlardan biri yaxın günlərdə açılış üçün hazır olacaqdır. Bu 8 mərkəzdən ikisi Bakıda, digərləri Abşeronda, Sumqayıtda, Qubada, Bərdədə, Şəkidə və Sabirabadda yaradılacaq. Regional DOST mərkəzlərində əlavə olaraq peşə hazırlığı mərkəzi komplekslərinin də yaradılması nəzərdə tutulur. Bu mərkəzlərdə müraciət edən işsiz və işaxtaran vətəndaşlarımızın peşə hazırlığı təmin olunacaq. DOST mərkəzi fəaliyyətə 90 xidmətlə başlamışdı. Sizin dəstəyinizlə xidmətlərin sayı əvvəlcə 126-ya, sonra isə 132-yə qədər artdı. Biz düşünürük ki, yeni məşğulluq xidmətləri də buraya əlavə edildikcə, bu mexanizm təkcə sosial təminat yönümlü deyil, eyni zamanda, məşğulluq və əmək münasibətləri baxımından da geniş nəticə əldə edəcəkdir. “Çağrı” mərkəzi də DOST mərkəzlərinə inteqrasiya olundu. Ona görə də, orada bizim ciddi şəkildə artımımız meydana çıxdı və qısa müddət ərzində artıq Azərbaycanda ən çox istifadə olunan “Çağrı” mərkəzlərindən birinə çevrildi.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu proqram doğrudan da bu sahədə dönüş nöqtəsi oldu. Hesab edirəm ki, bu sahədə göstərilən xidmətlərin təkmilləşdirilməsi inqilabi xarakter daşıyır. Təbii ki, vətəndaşların məmnunluğu da yüksək səviyyədədir. Ona görə mən soruşdum ki, bəyənmə əmsalı hansı səviyyədədir - 95 faiz, əlbəttə ki, yeni yaradılmış xidmət üçün çox yüksək nəticədir. Hesab edirəm ki, gələcəkdə bu mərkəzlərin həm regional xarakter daşıması, eyni zamanda, funksiyaların, xidmətlərin artırılması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi, səmərəsi daha da yüksələcək. Beləliklə, Azərbaycan bu sahədə də öz intellektual məhsulu ilə fərqlənəcək. Necə ki, bu gün “ASAN xidmət” mərkəzləri bizim intellektual brendimizdir və artıq digər ölkələr bu təcrübədən yararlanırlar, hesab edirəm ki, vaxt gələcək digər ölkələr də DOST mərkəzlərində göstərilən xidmətləri əsas götürərək belə sistemin yaradılmasına nail olacaqlar. Biz də istənilən tərəfdaşla bu istiqamətdə işləməyə hazırıq. Əgər sizə bu məsələ ilə bağlı hansı ölkələrdən müraciət olunarsa, əlbəttə ki, məsləhətləşmə əsasında müvafiq məlumatları verə bilərsiniz.
Bir məsələ də çox ciddi xarakter daşıyır. Neftin qiymətinin kəskin düşməsi nəticəsində təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır. Bu da təbiidir. Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir.
2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılmışdır. Bu işlərin yaradılmasının əsas səbəbi işsiz qalan vətəndaşları işlə təmin etməkdir. Mənim göstərişimlə bu proqramla əhatə olunan vətəndaşların sayı ildən-ilə artaraq, son məlumata görə, 38 min ödənişli iş yeri yaradılmalı idi. Bu məqsədlər üçün dövlət büdcəsində 10 milyonlarla manat vəsait nəzərdə tutulur. Göstəriş vermişdim ki, bu məsələyə çox ciddi nəzarət olunsun. Xüsusilə bölgələrdən gələn siqnallar bu nəzarətin tətbiqinə, əlbəttə ki, imkan yaratmışdı. Çünki bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi. Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. O da böyük məbləğ deyil, minimum əməkhaqqı səviyyəsindədir. İndi minimum əməkhaqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq.
Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız. Sizə qarşı təxribatlar törədildi, eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir. Hazırda vəziyyət nə yerdədir, bu il neçə min vətəndaş bu işlərlə təmin edilib və nəzarət mexanizmi nədən ibarətdir?
Sahil Babayev: Möhtərəm cənab Prezident. Siz çox doğru buyurdunuz, 38 min nəfərin işlə təmin olunması həm işsizlik, həm də məşğulluq baxımından insanlarımız üçün böyük dəstəkdir. Eyni zamanda, regionlarımızda əlavə işçi qüvvəsi resurslarının cəlb edilməsi də bir çox mövcud problemlərin həllinə dəstəkdir. Bununla bağlı yaradılmış DOST iş mərkəzi vasitəsilə ötən il 38 min işçi cəlb edildi.
Sizin tapşırığınızla biz monitorinqləri tətbiq etdik. Monitorinqlər nəticəsində, ümumilikdə, il ərzində 9 min kənarlaşma müəyyən edildi. Bununla bağlı biz həm yerli icra hakimiyyətlərinə, həm də aidiyyəti strukturlara məlumat verərək onları kənarlaşdırdıq. Ümumiyyətlə, 38 min əvəzinə 47 min təyinat oldu. Düzdür bunlardan bir qismi müəyyən obyektiv səbəblərdən, - vətəndaş başqa iş tapıb, oraya müraciət edirdi, - amma böyük əksəriyyəti məhz monitorinqlər nəticəsində kənarlaşmaların müəyyən edilməsi ilə bağlıdır. Bundan əlavə, ictimai şəffaflığın təmin edilməsi üçün hər rayon üzrə ictimai işlərə cəlb edilmiş şəxslərin adlı siyahısı internet portalına yerləşdirilib. Biz dəfələrlə həm mətbuata, həm də vətəndaşlara müraciət etmişik ki, burada ictimai şəffaflıq və ictimai nəzarət tam təmin edilir. İstənilən mənfi fakt haqqında bizə məlumat versinlər və onların əsasında da bu işlər davam etdirilsin. Sizin tərəfinizdən atılan qətiyyətli addımlardan sonra xeyli irəliləyiş var. Bir çox istiqamətlərdə həqiqətən də biz dinamikanın çox müsbət olduğunu görürük. Bəzi hallarda təmizləmə prosesi müəyyən qədər çətinliklə, lakin tam şəkildə gedir. Eyni zamanda, biz vətəndaşların kənarda qalmaması üçün də davamlılığı təmin etməyə çalışdıq. Çünki 38 min şəxsin dekabr ayında işdən azad olunması, yanvar ayında təkrar 38 min əmək müqaviləsinin imzalanması kifayət qədər vaxt apara, onların əməkhaqqını bir ay itirməsinə səbəb ola bilərdi. Ona görə davamlılığı təmin etdik. Mən xüsusi vurğulamaq istərdim ki, təyin etdiyiniz bir çox yeni icra başçıları tərəfindən ciddi monitorinq və inventarlaşdırma aparılıb. Bizə təqdim olunan siyahılardan haqsız şərtlər çıxarılıb.