CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özünüməşğulluqla bağlı prezidentdən sərt xəbərdarlıq

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib
Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir"

BAKI, 16 mart — Sputnik. "Mən göstəriş vermişəm ki, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilsin. Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dünya Bankının icraçı direktoru ilə Davosda keçirdiyim görüşdə bu məsələ müzakirə olundu. Dünya Bankı bizə həm maliyyə dəstəyi göstərəcəkdir, eyni zamanda, məsləhət xidmətlərini təmin edəcəkdir"

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.

"Siz mənə məruzə etmişdiniz ki, tələbat kifayət qədər böyükdür. Təqribən 50 minə yaxın müraciət olubdur. Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir.

Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir.

Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir. Bu il bu istiqamətdə hansı işlər görülüb və ilin sonuna qədər hansı işlər görüləcəkdir?" - deyə Prezident sual edib.

Sahil Babayev: Möhtərəm cənab Prezident, özünüməşğulluq proqramı həqiqətən də əhalidə çox böyük maraq oyadıbdır. Məşğulluq proqramında iştirak etmək niyyəti olan insanlar çoxdur. Siz rəqəmi qeyd etdiniz, 50 minə yaxın müraciət var. Ona görə də biz orada prioritetləşməni bu şəkildə qoyduq ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verək. Əgər 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə 7 min, 2019-cu ildə 10 min ailəni əhatə etdi. Bu il üçün biz 11 mini hədəf müəyyən etmişik.

Biz proqrama beynəlxalq təşkilatları da cəlb etmişik. Sizin müvafiq görüşünüzdən və tapşırığınızdan sonra Dünya Bankı ilə aparılan müzakirələr uğurla başa çatdı. Müqavilə layihəsi artıq yekun olaraq razılaşdırılıb və martın sonunda Dünya Bankının Direktorlar Şurasının təsdiqinə təqdim ediləcəkdir. Biz Dünya Bankının prosedurlarını nəzərə alaraq düşünürük ki, müqavilə may, yaxud iyun ayına qədər imzalanacaq. Lakin buna baxmayaraq, biz hazırlıq işlərini davam etdiririk. Artıq layihə icra qrupu da formalaşdırılıb və hazırlıq tədbirlərinə tam şəkildə başlanılıbdır. Bu il Dünya Bankının layihəsi çərçivəsində ən azı min ailənin maliyyələşdirilməsini planlaşdırırıq. Növbəti ildən artıq 5 min ailə Dünya Bankının layihəsi ilə maliyyələşəcəkdir.

Коровы на ферме, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fermerlər çıxılmaz vəziyyətdə - Bu bölgədə heyvandarlığın inkişafı sual altındadır

Biz BMT-nin İnkişaf Proqramı ilə 500 ailənin özünüməşğulluğunun təşkil edilməsi üzərində iş aparırıq. Artıq onlar bütün təlimləri keçiblər, bu ildən aktivlərlə təmin olunacaqlar. BMT-nin İnkişaf Proqramının verdiyi yeni təcrübəni, yeni yanaşmanı biz digər layihələrimizdə də tətbiq edəcəyik. Paralel olaraq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə biz “Sosial bağlar” layihəsi çərçivəsində hər il 250 ailəni də özünüməşğulluq proqramı vasitəsilə maliyyələşdiririk. Hər il 250 ailə üçün təqribən bir hektar ərazidə bağ salınıb ki, onların da davamlı gəlirliliyi təmin olunsun.

Əlbəttə, bu proqramın icrasının ən önəmli istiqaməti onun davamlılığı və səmərəliliyidir. Biz bununla bağlı monitorinq proqramını müəyyən etmişik. Hər rüb monitorinqlər keçirilir. İlk ilinin tamamından sonra biz monitorinqləri daha aktiv həyata keçirməyə çalışırıq. Çünki birinci ilin monitorinqləri çox yüksək - 85-90 faizin üzərində nəticələr göstərir. Amma səmərəliliyin daha düzgün, daha real qiymətləndirilməsi üçün ikinci ilin monitorinqləri önəm kəsb edir. Biz ictimai şəffaflığın təmin olunması üçün də müvafiq elektron portal yaratdıq. Hər bir insanın aldığı aktivlə birlikdə videoçəkilişi, fotoçəkilişi və aldığı aktivin keyfiyyətinə dair sənədlər orada açıqlanır. Hər bir monitorinqin nəticəsinə dair videolar da oraya qoyulacaqdır və orada açıqlanacaqdır. Əlbəttə, bu aktivlərlə bağlı adekvat addım atmayan insanlar haqqında müvafiq tədbirlər də görüləcəkdir.

Özünüməşğulluq proqramının dayanıqlılığının gücləndirilməsi üçün növbəti addım onun istiqamətlər üzrə bölgüsünün daha da təkmilləşdirilməsi idi. Çünki birinci ildə böyük istək məhz kənd təsərrüfatına, heyvandarlığa idisə, - bizim portfelimizin 82 faizi kənd təsərrüfatına aid idi, - artıq cari ildə bu, 67 faizə düşür. İndi istehsalat və xidmət sahələri də bu işə fəal qoşulmağa başlayıbdır. Bu da, şəhər ərazilərində əhalinin özünüməşğulluğu, kiçik və mikrobiznesin inkişafı baxımından çox önəmlidir.

Çox gözəl uğur hekayələrimiz də var. Məsələn, 2018-ci ildə yaradılmış bir keçi ferması artıq çox genişlənib, əlavə on nəfər işçisi də var. Kiçik şirniyyat sexləri var ki, ciddi şəkildə genişlənib. Yəni, uğur hekayələrimiz də var. Amma qeyd etdiyiniz kimi, uğursuz hallar da, sui-istifadə halları da var ki, onlara qarşı mübarizə aparılacaqdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Biz bu işləri elə təşkil etməliyik ki, səmərəlilik əmsalı ən yüksək həddə çatsın.

Xəbər lenti
0