CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanun səkkiz saat deyir, sahibkar isə “istədiyim qədər”

© AFP 2024 / ANTHONY WALLACEЧиновник, фото из архива
Чиновник, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Dövlət Əmək Müfəttişliyinin işi iflic vəziyyətdədir. Onların kadr potensialı azdır. Kadrların biliyi azdır. Üstəlik sahibkarlıq subyektlərinə qanunla girişləri qadağan olduğundan, heç bir iş görə bilmirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Hər bir müəssisənin iş vaxtının rejimi əvvəldən müəyyən edilsə də, bəzən işçilərin iş vaxtından artıq işlədilməsi hallarına rast gəlinir. Danılmaz faktdır ki, bəzi idarə və təşkilatlarda, özəl sektorda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları var.

Наручные часы, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Prezident iş saatlarından danışdı, sahibkarlara xəbərdarlıq etdi

Bütün dünyada qəbul edilmiş qaydaya görə, işçi könüllü şəkildə iş vaxtından əlavə çalışdıqda, ona hər iş saatına görə ikiqat ödəmə olur. Azərbaycanda isə artıq iş saatlarına görə əməkhaqqının hesablanması çox vaxt adi qaydada aparılır. Bu da işəgötürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.

Dünən bu məsələyə toxunan Prezident İlham Əliyev sahibkarlara çağırış edib. Prezident bildirib ki, sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər: “Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır”.

Ofis işçisi iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdır

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əmək hüquqları işçi ilə işəgötürən arasında bağlanmış müqavilədən başlayır: “Əgər bu müqavilə yoxdursa, artıq digər hüquqlardan danışmağın yeri də yoxdur. Rəsmi statistikaya görə, ölkədə 5 milyona qədər insan əmək fəaliyyəti ilə məşğuldur. Onları yuvarlaqlaşdırsaq 1,5 milyonu ilə əmək müqaviləsi bağlanılıb. Onların da 900 mini dövlət sektorunda və dövlətin təsərrüfat subyektində çalışanlardır. Özəl sektorda əmək müqavilələrinin bağlanma göstəriciləri aşağı olaraq qalır. Bütün problemlər də buradan başlayır. Amma bu da o demək deyil ki, əmək müqaviləsi bağlanan yerlərdə iş saatından artıq işlədilmə hallarına yol verilmir. Amma nisbətən azdır. Əsas problem o sektordadır ki,  orada işçilərlə qeyri-rəsmi əmək münasibətləri mövcuddur. Yaxud da muzdlu iş olduğu halda mülki hüquqi müqavilələr bağlayıblar. Problem buradadır. Bunun həlli üçün qeyri-rəsmi əmək bazarının hüdudları məhdudlaşmalıdır. Prezident bununla bağlı xeyli aktlar imzalayıb. Məsələn, NK-də xüsusi komissiya yaradılıb. Əhaliyə Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyində Bakı şəhərində monitorinq keçirmək üçün xüsusi komissiya fəaliyyət göstərir. Ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əksəriyyəti əmək bazarında qeyri-rəsmi münasibətlərin aradan qaldırılmasına yönələn tədbirləri nəzərdə tutur”.

Бизнесмен, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sahibkarlar şikayətlərini dilə gətirdilər

“Artıq bunun ilkin nəticələri də var. Bu il iş yerlərində “maaşların ağardılması” prosesində nisbi yüksəliş qeydə alınıb. Bu da məhz həmin Vergi Məcəlləsinə edilən dəyişikliklərin nəticəsi olaraq baş verib. Amma problem hələ də qalır. Burada işçilərin hüquqları pozulur, onların əməyi istismar olunur. Qanunla iş vaxtından artıq işlərə yol verilməsə də, bu cür hallar hələ də var. Hansı ki, iş vaxtından artıq işçinin işləməsi qanunla tənzimlənir. Bu necə rəsmiləşdirilməli, necə əmək haqqı ödənilməlidir, bunlar qanunla tənzimlənir. Bunlar qanuni tərəfidir. Prezidenti narahat edən isə işin qanunla tənzimlənən hissəsi deyil, istismar hissəsidir. Hansı ki, bura tikinti, iaşə, investisiya layihələrini həyata keçirən dövlət qurumları da daxildir. Onlar işçilərlə əmək müqaviləsi bağlamırlar. Dövlət investisiya layihələrini həyata keçirən dövlət kommersiya qurumları qanunları pozur, işçilərlə əmək müqaviləsi bağlamırlar. Dövlət investisiya layihələrinə cəlb olunan kommersiya qurumları var ki, qanunu pozurlar. Halbuki, dövlət onlara buna görə sərt qadağalar qoya bilər. Dövlət Əmək Müfəttişliyinin işi iflic vəziyyətdədir. Onların kadr potensialı azdır. Kadrların biliyi azdır. Üstəlik sahibkarlıq subyektlərinə qanunla girişləri qadağan olduğundan, heç bir iş görə bilmirlər. Nəticədə də belə bir mənzərə yaranır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz: “Əmək qanunvericiliyində bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.  İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində də həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz”.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci ildən qəbul edilmiş qanundan sonra sahibkarlıq subyektlərinin yoxlanılması ancaq rəsmi şəkildə edilmiş müraciət əsasında aparıla bilər.

Xəbər lenti
0