BAKI, 14 mart — Sputnik, Teymur Tuşiyev. İdman gimnastikası üzrə lisensiya xarakteri daşıyan Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Dünya Kubokunun təsnifat mərhələləri martın 12 və 13-də baş tutub. Final yarışları isə martın 14 və 15-də Milli Gimnastika Arenasında keçirilməli idi. Ancaq təşkilat komitəsi onun ləğvinə qərar verib.
Xatırladaq ki, ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakıda bir sıra iri yarışların - "Formula-1" Azərbaycan Qran-Prisi, eləcə də martın 25-29-u keçirilməsi nəzərdə tutulan karate üzrə Avropa çempionatının, mayın 8-10-u üçün nəzərdə tutulan cüdo üzrə "Böyük Dəbilqə"nin təxirə salınması məsələsi nəzərdən keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən bir ay müddətində ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərinin təxirə salınmasını, artıq təyin olunmuş tədbirlərin tarixinin dəyişdirilməsini qərara alıb.
Eləcə də ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla), dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.
Yalnız aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq.