BAKI, 13 mart — Sputnik, Teymur Tuşiyev. Azərbaycanda iyunun 5-7-də keçirilməsi nəzərdə tutulan "Formula 1" yarışının Bakı mərhələsi təxirə düşə bilər.
Sputnik Azərbaycan-a bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakıda bir sıra iri yarışların - "Formula-1" Azərbaycan Qran-Prisi, eləcə də martın 25-29-u keçirilməsi nəzərdə tutulan karate üzrə Avropa çempionatının, mayın 8-10-u üçün nəzərdə tutulan cüdo üzrə "Böyük Dəbilqə"nin təəxirə salınması məsələsi nəzərdən keçirilir.
Bundan başqa, Gənclər və İdman Nazirliyinin nəzdində olan idman qurğularının, olimpiya komplekslərinin və idman seksiyalarının fəaliyyətinin dayandırılacağı bildirilir. Eləcə də, Nazirlikdən Azərbaycanda idmanın bütün növləri və yaş kateqoriyaları üzrə çempionatların dayandırıldığını bildiriblər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ən son göstəricilərə görə, virus dünyada 127 ölkədə qeydə alınıb. Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda indiyə qədər kononavirusa 19 yoluxma faktı qeydə alınıb. Onlardan 3-ü sağalaraq evə buraxılıb, biri isə ötən gün vəfat edib. 500 nəfər isə karantindədir.