İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. Əvvəllər insan əməyi hər bir sahədə lazım olurdusa, texnologiya inkişaf etdikcə tədricən işçi qüvvəsinə ehtiyac qalmır. Artıq dünyada əksər sahələr robotlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır.
Bu inkişaf peşə seçiminə də öz təsirini göstərir. Belə ki, əvvəllər "hörmətli" hesab edilən peşə və ixtisaslar indi məzunlar tərəfindən seçilmir, peşə və ixtisaslar məzunların seçiminə görə nüfuzlu və nüfuzsuz peşə və ixtisaslara bölünür.
Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, müəyyən ixtisaslarda abituriyentlər daha çox rəqabət aparır. Bəzi ixtisaslarda isə rəqabət demək olar ki, yoxdur. Buna səbəb kimi bazar iqtisadiyyatında bu ixtisaslara olan tələbatı göstərmək olar: "Məsələn, müəllimlik ixtisasının seçilən ixtisaslar arasında ilk yerdə olması sevindiricidir. Amma heç bir peşə bir başqa peşədən aşağı və ya yuxarı sinifləndirilə bilməz. Cəmiyyət bir bütündür və hər bir peşənin öz yeri var. Və eyni zamanda qeyd etmək lazımdır ki, hər hansı bir qurumun ixtisas və peşələri sinifləndirməsi də düzgün deyil".
Onun sözlərinə görə, ali təhsilin rəğbətlə qarşılanması, kollec və ya peşə təhsilinin aşağılanması dəstəklənən davranış deyil. Mütəxəssis əlavə edir ki, hansısa peşənin abituriyentlər tərəfindən daha çox seçilməsi həmin peşənin daha lazımlı olduğu demək deyil. Bu məsələdə dövlətin tənzimləməsi çox önəmlidir.
Dövlət başçısının qəzəbinə tuş gələn təhsil müəssisələri məlum oldu - SİYAHI
Belə ki, uzun müddətli strateji planlarda hansısa ixtisasa ehtiyac olduğu görülürsə, dövlət bu ixtisasları daha irəli çəkməlidir. Cəmiyyətdə bu ixtisasların təbliğatı aparılmalıdır. Məzunların bu istiqamətə yönləndirilməsi həyata keçirilməlidir. Ekspertin fikrincə, bu təkcə məzunların seçiminə buraxılsa, dövlət dəstəyi olmasa, 4-cü sənaye inqilabının tələbi olan DATA elmi, DATA-analitik, humanitar sahələr, şəxsi psixoloq, şəxsi mentorluq, yeni yaranan və yeni yaranmada olan peşələrə kadr çatışmazlığı olacaq: "Bu peşələrə ölkə miqyasında ehtiyac olanda isə ali məktəblərin həmin kadrları yetişdirmədiyi, vaxtında həmin ixtisaslar üzrə fakültələr açılmadığı üçün biz yenə də inkişafda olan ölkələri izləməli olacağıq.
Ekspert bildirib ki, bütün peşə və ixtisaslar üzə strateji plan hazırlanmalıdır.
Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2018-ci ildə Bakı Ali Neft Məktəbində "İnformasiya təhlükəsizliyi", Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" kimi yeni ixtisaslar yaradılıb.
Onun sözlərinə görə, 50 il bundan qabaq bir ali təhsil almaq, yəni 5 il oxumaq sonra 25-35 il ondan istifadə etməyə bəs edirdi: "İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. "Asan xidmət" çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiyasına əsaslanan yeni xidmətlər əmələ gələcək. Elektron hökumət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq. Amma burda yeni bir problem ortaya çıxacaq – nəyi öyrətmək?
Hesab edirəm ki, cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir. Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa, ali məktəblərdə o fənləri tədris edəcəklər".
K.Əsədovun fikrincə, ixtisaslar sıradan çıxmayacaq, amma biri digərinin içərisində əriyəcək: "Bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək. Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi.