BAKI, 11 fevral — Natalya Dembinskaya, Sputnik. ABŞ-ın Enerji Nazirliyinin son məlumatlarına görə, Rusiya ölkəyə qara qızılın ən böyük idxalçıları siyahısında ikinci yeri tutub və yalnız Kanadadan geri qalıb.
Uğurun dəyəri
Payızda ABŞ 70 il ərzində ilk dəfə olaraq qara qızılın xalis ixracatçısına çevrilib. ABŞ-ın Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesablamalarına görə, sentyabrda ölkə gündəlik idxalından 89 min barel çox xam neft və neft məhsullarını xaricə göndərib.
"Neft sənayesi qəflətən ortaya sürprizlər çıxara bilir — bu halda söhbət neftin qiymətlərini, istehsalı və ticarət axınlarını başı üzərinə qoymuş şist inqilabından gedir", - Amerikanın sabiq prezidenti Corc Buşun energetika üzrə keçmiş müşaviri və "Rapidan Energy" konsaltinq şirkətinin rəhbəri Bob Maknelli bildirib.
Rusiya "Şimal axını-2" qaz kəmərini özü tikib başa çatdıracaq – ekspert
Lakin o, şist sənayesində gələn il kəskin tənəzzülün izlənəcəyinə dair proqnozları qeyd etməyi unudub: quyular artıq quruyur, infrastruktura böyük pullar qoyulub və kapital çatışmazlığı müşahidə olunur. Sərmayədarlar isə şist şirkətlərinin artan iştahlarını doyuzdurmağa hazır deyillər: 10 il bazarın bu seqmentinin pulla təmin olunmasından sonra məlum oldu ki, bu, çox gəlirsiz bir sahədir — layihələrin əksəriyyəti gözlənilən mənfəəti gətirməyib.
"Evercore ISI" konsaltinq şirkətinin məlumatına görə, enerji şirkətləri 10 il ərzində qazandıqlarından 280 milyard dollar çox xərcləyiblər. 2007-ci ildən bəri amerikalı şist istehsalçılarının səhm indeksi 31 faiz düşüb.
"EIA"nın proqnozuna görə, 2020-ci ildə ABŞ-da neft istehsalının həcmi gündə yalnız 400 min barrel artacaq. Bu, 2017-cı ildən bəri ən zəif nəticədir. Energetika Nazirliyində ehtiyat edirlər ki, 2021-ci ildə şist neftinin hasilatının artımı 50 faizdən çox azalacaq. Bu, ilk növbədə, böyük Perm hövzəsinə aiddir.
Gələcək tənəzzül haqqında "Pioneer Natural Resources" və "Centennial Resource Development" şist şirkətləri də xəbərdarlıq ediblər.
Çoxdur, amma eynisi deyil
Belə bir vəziyyətdə xalis neft ixracatçısı statusuna keçidin təxirə salınması ilə yanaşı, nəzərə alınmalı başqa bir problem də ortaya çıxır: bir sıra neft emalı müəssisələrinin texnologiyası yalnız Perm hövzəsindən və Qərbi Texasdan gələn yüngül neftdən istifadə etməyə imkan vermir. Yüngül nefti emalçıların Venesueladan aldıqları ağır neftlə qarışdırmaq lazımdır.
Lukaşenkodan gözlənilməz mesaj – ABŞ-dan neft ala bilərik
Lakin Trampın Venesuelanın "PVSDA" dövlət şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Amerikanın neft emalı zavodlarında xammalla bağlı ciddi problemlər yaranıb. Məlum olub ki, tədarükləri heç nə ilə əvəz etmək mümkün deyil.
Ağır neftin emalı üçün nəzərdə tutulmuş Meksika körfəzi və Şərq sahilindəki neftayırma zavodları ən çətin vəziyyətdədirlər. Onların sırasında "Citgo Petroleum", "Valero Energy" və "Chevron" da var.
Kimyəvi tərkibi yaxın olan Səudiyyə Ərəbistanının nefti alternativ ola bilər. Lakin səudiyyəlilər Venesuelaya qarşı sanksiyalar səbəbindən hasilatı artırmaq niyyətində deyillər. Yeganə variant Rusiyadan "Urals" neftini almaqdır.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, ötən ilin aprelinə qədər "Urals"ın ABŞ-a tədarükü gündə 150 min barelə çatıb ki, bu hal 2011-2012-ci illərdə şist inqilabının başlamasından bəri müşahidə olunmayıb.
Avqust ayında isə ixracat son altı il ərzində ən yüksək səviyyəyə qalxıb. Federal Gömrük Xidmətinin məlumatına görə, bu ilin təkcə birinci yarısında amerikalılar Rusiyadan təxminən üç milyard dollar dəyərində neft (2018-ci ilin analoji dövründə - 1,6 milyard) alıblar.
Aşkar qalib
11 ay ərzində ABŞ-a ixrac 3,1 dəfə artaraq 4,28 milyon tona çatıb. Rusiya şirkətləri neftdən 1,95 milyard dollar qazanıb, neft məhsullarının satışı isə 3,8 milyard dollar gəlir gətirib.
“Cənub Qaz Dəhlizi” Azərbaycana hansı dividentlər vəd edir – ekspert şərh edir
ABŞ Energetika Nazirliyinin bildirdiyinə görə, oktyabr ayında Rusiya neft idxalçıları arasında 20,9 milyon barel tədarük etməklə Meksika və Səudiyyə Ərəbistanını üstələyib və ikinci yerə çıxıb. Yalnız Kanada daha yaxşı nəticəyə malikdir. "Caracas Capital" analitiklərinin bildirdiyinə görə, bu, Moskva üçün 2012-ci ildən bəri rekord göstəricidir.
Müqayisə üçün – hələ 2017-ci ildə Rusiya bu siyahıda yalnız altıncı idi. ABŞ-ın qara qızıl idxalının təxminən 40 faizi Kanadadan, 9,4 faizi Səudiyyə Ərəbistanından, 6,8 faizi Meksikadan, 6,8 faizi Venesueladan, 6,7 faizi İraqdan gəlir.
"The Washington Post" qəzetinin yazdığına görə, Venesuelaya qarşı neft embarqosunun tətbiq olunmasından bir il sonra amerikalı sərmayədarların ziyana uğradığı, Rusiyanın isə aşkar qalib olduğu aydındır.
"Üstəlik, neftin digər bazarlara çıxarılması, daşınması və satışına dair Moskva ilə Karakas arasındakı razılaşmalar Rusiya üçün inanılmaz dərəcədə gəlirli bir işə çevrilib", – qəzet yazıb.
Nəşrin ABŞ rəsmilərinin hesablamalarına istinadən yazdığına görə, "Rosneft" gündə 400 min barel Venesuela neftini alır ki, bu da bəzi məlumatlara əsasən, ayda təxminən 120 milyon dollar gətirən hasilatın yarısından çoxunu təşkil edir.