Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə işlər demək olar ki, 90 faiz yerinə yetirilib. Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunun açılışında bildirib.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan müstəqillik dövründə artıq üç böyük layihəni həyata keçirib: “Bu layihələr regional meqa layihələrdir. Hazırda reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın investisiya cazibədarlığını artıracaq. Biz ilk üç layihəmizi iqtisadi dövriyyəyə cəlb etməyi bacarmışıq. Bu layihəni də iqtisadi dövriyyəyə cəlb etməklə Azərbaycanın iqtisadiyyatının şaxələnməsini və dayanıqlılığını artırmış olacağıq”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz