İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 30 yanvar — Sputnik. Yanğın hadisəsi həmişə ciddi fəsadlara səbəb olur. Hətta yaşlı, təcrübəli insanların yaşadığı və işlədiyi yerlərdə belə, yanğın baş verəndə bəzən itkisiz ötüşmək mümkün olmur.
Məktəbəqədər təhsil müəssisələrində baş verəcək mümkün yanğın hadisəsinin faciə ilə nəticələnmə ehtimalı isə daha çoxdur. Belə müəssisələrdə hansı yanğın təhlüksəsizlik qaydalarına əməl edilməlidir?
Sputnik Azərbaycan azyaşlıların təlim və tərbiyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevlə müsahibəni təqdim edir.
- Uşaq bağçaları və məktəblər azyaşlıların daha çox cəmləndiyi məkan olduğundan bu obyektlərdə yanğınların baş verməsinin qarşısının alınması çox vacibdir və bu iş yüksək səviyyədə, məsuliyyətlə həyata keçirilməlidir. Amma çox təəssüf ki, bəzən uşaq bağcaları və məktəblərin rəhbərləri tərəfindən əmrlə yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi təyin olunan kadrların yanğın təhlükəsizliyi ilə bağlı təhsili olmur, yanğın-texniki minimum proqram üzrə bilikləri lazımi tələblərə cavab vermir.
Eyni zamanda bir neçə vəzifəni icra etdiklərinə görə bu sahə ilə ciddi məşğul ola bilmirlər. Halbuki yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər bu vəzifənin məsuliyyətini dərk etməli, yanğın təhlükəsizliyi qaydalarını dərindən öyrənməli və məktəbəqədər tərbiyə müəssisələrində, məktəblərdə həmin qaydalara əməl olunmasını təmin etməlidirlər.
- Təhsil müəssisələrində yanğın təhlükəsizliyi necə təmin edilməlidir?
- İlk növbədə qeyd edək ki, təhsil müəssisəsinin yanğın təhlükəsizliyinin təmin edilməsi müəssisə rəhbərinin əmri ilə müəssisə üzrə yanğın təhlükəsizliyinə cavabdeh şəxsin təyin olunması ilə başlayır. Adətən bu vəzifələr müəssisənin inzibati-təsərrüfat işləri üzrə müavininə həvalə edilir. Bu zaman müəssisənin rəhbəri müavinindən təkcə inzibati-təsərrüfat işlərini tələb etməklə bu sahəni ön plana çəkməməli və yanğın təhlükəsizliyinin təmin olunması üzrə məsələləri ikinci plana keçirməməlidir. Əksinə, müəssisədə yanğın təhlükəsizliyi ilə bağlı görülən bütün tədbirləri daimi olaraq nəzarətdə saxlamalıdır.
Yanğın təhlükəsizliyinin təmin olunması üzrə təyin olunmuş cavabdeh şəxs ilk növbədə yanğın-texniki minimum proqramı üzrə təhsil almalıdır. Ardından cavabdeh şəxs tərəfindən müəssisənin bütün işçiləri yanğın təhlükəsizliyi tədbirləri barədə təlimatlandırılmalıdır. Bu zaman təlimatlandırma jurnalında qeydlər aparılmalı və yanğın təhlükəsizliyi tələbləri üzrə biliklərin yoxlanılması protokolu tərtib olunmalıdır.
Şöbə rəisindən obyekt sahiblərinə: "Yanğın da müqaviləyə daxildir"
- Yanğın təhlüksəsizliyinə məsul şəxslərin işi nədən ibarətdir?
- İş prosesində cavabdeh şəxs tərəfindən yanğından müdafiə sistemlərinin, ilkin yanğınsöndürmə vasitələrinin və təxliyyə yollarının mövcudluğuna, onlardan istifadə mümkünlüyü və sazlığına mütəmadi nəzarət təmin edilməlidir.
Sahəsindən və yanğın təhlükəliliyindən asılı olaraq uşaq bağcaları və məktəblər odsöndürənlərlə təmin edilməli və odsöndürənlərin normativdə nəzərdə tutulduğu qaydada yerləşdirilməsinə diqqət yetirilməlidir.
Yanğına qarşı cavabdeh şəxs tərəfindən istismara qəbul edilən odsöndürənlərin ilkin və rübdə bir dəfədən az olmayaraq yoxlanılması həyata keçirilməlidir. Xüsusi razılığı (lisenziya) olan təşkilatın cəlb edilməsi ilə odsöndürən balonların istismara yararlığı hər il yoxlanılmalı və tələb olunduğu təqdirdə tərkibinin yenisi ilə əvəz olunması işləri həyata keçirilməlidir.
Yanğına qarşı cavabdeh şəxs tərəfindən tələblərə uyğun olaraq yanğın dolablarındakı vasitələrlə dəstləşdirilməsi və müvafiq qaydada işarələnməsi yerinə yetirilməlidir. Həmçinin yanğın kranlarının və küçədə yerləşən hidrantların əlverişli şəraitdə olması təmin edilməlidir. Müstəqil və ya xüsusi razılığı (lisenziya) olan təşkilatların cəlb olunması ilə yaz və payız fəslində yanğın su xətlərində və hidrantlarda suyun təzyiqi yoxlanılmalıdır.
FHN əməkdaşları intihar etmək istəyən qadını belə xilas etdilər - VİDEO
Hidrant və yanğın su hovuzlarının yanında, eləcə də onlara aparan yollarda müvafiq göstərici nişanlar quraşdırılmalıdır. Nişanların üzrərində su mənbəyinə qədər olan məsafə rəqəmlə dəqiq göstərilməlidir.
- Təhsil müəssisələrində təxliyyə planı necə tətbiq edilir və harada yerləşdirilməlidir?
- Uşaq bağcalarında və məktəblərdə təxliyyə planları olmalıdır. Təxliyyə planının mövcudluğu, planda göstərilmiş yerin faktiki vəziyyətə uyğunluğu, planın işıqlı və gözəçarpan yerdə yerləşdirilməsi təmin edilməlidir.
Bina və qurğuların xarici yanğın pilləkənləri və dam örtüklərinin məhəccərləri saz vəziyyətdə saxlanmalı və müayinə yolu ilə konstruksiyanın bütövlüyü nəticələrinə dair aktın tərtib olunması ilə ildə bir dəfədən az olmayaraq yoxlanılmalıdır.
Şaquli yanğın pilləkənlərinin aşağı hissəsindən yer səviyyəsinədək məsafə 1,5 metrdən çox olmamalıdır.
Uşaqlar tərəfindən istifadə edilən pilləkənlərin məhəccərlərinin hündürlüyü 1,2 metrdən, əqli inkişafı zəif olan uşaqlar üçün məktəbəqədər müəssisələrdə 1,8 metr olmalıdır.
Çardaqlarda hər hansı materialların, əşyaların yığılması yolverilməzdir, eləcə də burada istehsalat yerləşgələrinin, emalatxanaların quraşdırılması qadağandır. Daxili yerləşgələrdən çardağa olan lyüklar və qapılar odadavamlı olmalı, lyükun ölçüləri 0,6 x 0,8 m-dən, qapının ölçüləri isə - 0,75 x 1,5 m-dən az olmamalıdır.
- Elnur müəllim, çox zaman yanğın hadisələri binaların dam örtüyündən başlayır. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?
- Binanın dam örtüyünün yanar konstruksiyaları odadavamlı məhlulla hopdurulmalıdır. Bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olan təşkilatlar cəlb olunmalıdır.
Paytaxtın köhnə bazarlarından birindəki yanğın barədə yeni xəbər var - VİDEO
Bütün bina boyu çardaqdakı keçidin hündürlüyü 1,6 metrdən, eni isə 1,2 metrdən az olmamalıdır.
Zirzəmi mərtəbələrdə məktəbəqədər uşaq müəssisələrinin, internat məktəblərinin və digər uşaq müəssisələrinin yataq korpuslarının yerləşdirilməsinə yol verilmir.
Zirzəmi və yarımzirzəmi mərtəbələrdə asan alışan və yanar mayelərin, barıtın, partlayıcı maddələrin, pirotexniki məmulatların, yanar qazlar olan balonların, aerozol qablaşdırmada olan malların və digər yanğın-partlayış maddə və materialların saxlanmasına yol verilmir.
Bir ədəd təxliyyə çıxışı olan zirzəmi otaqlarında eyni zamanda 6 nəfərdən çox insanın otaqda daimi olmasına icazə verilmir.
Zirzəmi və ya yarımzirzəmi mərtəbə texniki mərtəbə kimi istifadə olunduqda, bu sahədə odadavamlı qapılarla təcrid edilmədən texniki otaqların yerləşdirilməsinə yol verilir.
Zirzəmi və ya yarımzirzəmi mərtəbədə yerləşdirilmiş anbar təyinatlı otaqlar olduğu təqdirdə, bu otaqlar avtomatik yanğınsöndürmə qurğusu ilə təchiz olunmalıdır.
Təxliyyə çıxışlarının və yollarının istismarı zamanı yanğın təhlükəsizliyi üzrə normativ sənədlərin tələblərinə (o cümlədən, təxliyyə çıxışları və yollarının işıqlandırılması, sayı, ölçü və həcmi-planlaşdırma həlləri, həmçinin təxliyyə yollarında yanğın təhlükəsizliyi nişanlarının mövcudluğu üzrə) əməl olunması təmin edilməlidir.
"Eurohome" və "Diqlas" olaylarının təkrar olunmaması üçün əməli addımlar atılıb
- Təhsil müəssiələrində və bağçalarda neçə təxliyyə çıxışı olmalıdır?
- Uşaqların yay istirahəti üçün nəzərdə tutulmuş binaların otaq və mərtəbələrində, məktəbəqədər uşaq müəssisələrinin binalarında ən azı iki təxliyyə çıxışı olmalıdır.
Təxliyyə çıxışlarının qapılarındakı kilidlər, onların içəridən açarsız, rahat şəkildə açılma mümkünlüyü təmin edilməlidir.
Uşaq təhsil müəssisələrinin təxliyyə yollarındakı xalça və digər döşəmə örtükləri döşəməyə etibarlı şəkildə bərkidilməlidir. Bu zaman təxliyyə yollarında yanar materialların tətbiqinin məhdudlaşdırıldığını unutmamaq lazımdır.
Otaqlarda, qruplarda və digər yerləşgələrdə mebelin, oyun komplekslərinin və hər hansı avadanlığın yerləşdirilməsi zamanı təxliyyə çıxışlarına və yollarına keçidlərin açıq olması təmin edilməlidir.
Sutkanın qaranlıq vaxtlarında elektrik təchizatı dayandırılarsa, 50 insan üçün 1 ədəd hesablanmaqla saz vəziyyətdə olan elektrik fənərləri nəzərdə tutulmalıdır. Qəza (təxliyyə) işıqlanması elektrik təchizatı kəsilən zaman avtomatik olaraq işə düşməlidir.
- Yanğınlar əsasən hansı səbəblərdən baş verir?
- Yanğınların təhlilinin nəticələri göstərir ki, yanğınlar ən çox elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması nəticəsində baş verir. Ona görə də artıq yüklənmələrə, qeyri-standart elektrik avadanlıqlarından və cihazlarından istifadə qadağandır.
Həftə icmalı: "EuroHome", Yurçeviç, bizim ansambl və iki amansız həqiqət
Elektrik lövhələri olan yerləşgələrin qapıları çıxış istiqamətində açılmalı və odadavamlı olmalıdır. Birbaşa qapı küçəyə açıldıqda, onun odadavamlı olması tələb olunmur.
Rütubətin əmələ gəlməməsi üçün elektrik lövhəsi yerləşgəsinin təbii havalandırılması, eləcə də elektrik işıqlandırması və +50C-dən aşağı olmayan temperaturu təmin edəcək isitmə nəzərdə tutulmalıdır.