BAKI, 8 yanvar — Sputnik. Bu gün AFFA-nın növbədənkənar Konfransı keçirilib.
Konfransda Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb:
1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi
2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi
3. Müvafiq müddətlərin müəyyənləşməsi
4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması
5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi
7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması
8. Digər dəyişikliklər
Dəyişikliklərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması nəzərdə tutulub. Bundan sonra üzvlərin sayı 11 yox, 13 olacaq. Həmçinin, AFFA-da bundan sonra dörd vitse-prezident fəaliyyət göstərəcək. I vitse-prezident vəzifəsi ləğv edilib. Əvəzində icraçı vitse-prezident vəzifəsi təsis olunub. Həmçinin, AFFA prezidenti və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcmi müəyyənləşdirilib. AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov təkliflərlə bağlı məsələlər qaldırıb və ona fikirlər bildirilib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.
Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını bildirib. Bununla da Konfrans işini başa vurub.