Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 8 yan — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün İranın İmam Xomeyni adına beynəlxalq hava limanında Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olan bütün sərnişinlər həlak olub. Artıq baş verən bu olayla əlaqədar Ukrayna Tehran istiqamətinə uçuşları təxirə salıb.
Maraqlıdır, Azərbaycandan da bənzər addım atıla bilərmi?
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, qış cədvəli çərçivəsində “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir və hazırkı mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır.
"Hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi rabitə kanalları vasitəsilə cəmiyyəti məlumatlandıracaq", - deyə verilən məlumatda bildirilib.
Qeyd edək ki, baş verən olayla əlaqədar olaraq Ukraynadan başqa bir sıra ölkələr Tehran istiqamətində uçuşları dayandırıb. Sinqapur Hava Yolları, Tayvanın "EVA Air", Malayziya Hava Yolları, Vyetnam Hava Yolları da İran hava məkanında uçuşları dayandırdıqlarını açıqlayıb.
Avstraliyanın "Qantas" şirkəti də Yaxın Şərqdəki uçuşları İran və İraq üzərindən etməyəcəyini bildirib.
İranda içində 180 sərnişin olan təyyarə qəzaya uğrayıb - VİDEO
Qazaxıstanın ən böyük hava yolları şirkəti olan "Air Astana" Dubaya olan uçuş marşrutunu dəyişdirəcəyini, İran və İraq hava məkanından istifadə etməyəcəyini bəyan edib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi də Rusiya aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları həyata keçirməməyi tövsiyə edib.
Fransanın "Air France" hava yolları şirkəti İran və İraq hava məkanları üzərindən uçuşları dayandırıb.