BAKI, 8 yanvar — Sputnik. Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsi Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasının yeni təfərrüatları bəlli olub. Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, təyyarədə olan 176 sərnişinin hamısı qəzada həlak olub.
Məlumata görə, təyyarə hava limanından qalxandan qısa müddət sonra texniki problemlərdən yerə çırpılıb və ərazidə güclü yanğın başlayıb.
"Yanğın elə güclüdür ki, biz heç bir xilasetmə işini apara bilmirik", - İranın fövqəladə hallar xidmətinin rəisi Pirhüseyn Qulivənd yerli televiziya kanallarına deyib.
— QuickTake by Bloomberg (@QuickTake) January 8, 2020
Qeyd edək ki, hadisə yerindən videogörüntülər yayılıb.
İmam Xomeyni hava limanın təmsilçisi isə "İRNA" agentliyinə deyib ki, mühərrikdə baş vermiş yanğın təyyarənin düşməsinə səbəb olub.
Ukrayna Prezidenti Vladimir Zelenski qəzada heç kimin sağ qalmadığını deyib. İranın dövlət telekanalı və Ukraynanın Baş naziri Aleksey Qonçaruk isə təyyarədə 167 sərnişinin və 9 ekipaj üzvünün olduğunu bildiriblər.
Beynəlxalq Hava Yolları hələ ki, rəsmi açıqlama yaymayıb.
İranın fövqəladə hallar xidmətindən isə RİA Novosti-yə bildiriblər ki, qəzada ölənlərin çoxu İran vətəndaşları olub.