Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 25 dekabr — Sputnik. Futbol üzrə Türkiyə yığması Avropa-2020 çempionatına start verilməmişdən qabaq Azərbaycan komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Sputnik Azərbaycan "TRT Spor"a istinadla xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş deyib.
Türkiyə və Azərbaycan yığması arasında yoldaşlıq görüşü hər iki ölkədə ölkə birinciliyi uğrunda matçlar başa çatandan sonra, 2020-ci ilin 26 mayında Antalyada (Türkiyə) keçiriləcək. AVRO-2020-nin startı ərəfəsində Şenol Günəşin yetirmələri ongünlük təlim-məşq toplanışı keçirəcəklər. Bu arada onların üç sınaq matçı olacaq. Azərbaycan yığması ilə görüşdən sonra türk komandası Xorvatiya (1 iyun) və İrlandiya (4 iyun) yığmaları ilə oynayacaq.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin "A" qrupunun üç matçı keçiriləcək. Bu matçlar Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun) və Türkiyə-İsveçrə (21 iyun) arasında olacaq. Həmçinin Azərbaycan paytaxtında iyulun 4-də AVRO-2020-nin dörddəbir matçlarından biri keçiriləcək.
Günəş qeyd edib ki, onun yetirmələrinin Avropa çempionatının qrup mərhələsində iki matçı Bakıda keçirəcəyindən çox məmnundur.
"Biz çox şadıq ki, Azərbaycanda oynayacağıq. Düşünürəm ki, biz qrup mərhələsində altı və ya dörd xalq toplayacağıq və bu da pley-off-a çıxmağımız üçün kifayətdir. Ümid edirəm ki, bizə yerli futbol fanatları tərəfindən böyük dəstək veriləcək", - deyə Günəş bildirib.