Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 25 dekabr — Sputnik. Robert Prosineçki yenidən Azərbaycan millisinə rəhbərlik edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, 2014-2017-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olmuş xorvatiyalı mütəxəssis ilə yenidən danışıqlara start verilib.
Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərildikdən sonra AFFA (Azərbaycan Futbol Federasiyası Assosasiyası) intensiv axtarışa başlayıb. Yerli mətbuatda bu posta bir neçə namizədin adı hallansa da, federasiya Robert Prosineçki ilə danışıqlara start verib. Artıq qurumun nümayəndəsi sözügedən şəxslə görüşüb.
Bəs görəsən, danışıqlar hansı nəticəni verib? Bu haqda məlumat almaq üçün xorvat məşqçinin meneceri Yaşar Çalışır ilə əlaqə saxladıq. O, açıqlamasında yayılan xəbərlərin həqiqət olduğunu təsdiqlədi: "Konkret olaraq bildirim ki, şanslar yarı yarıyadır. Çünki Robert sizin yığma ilə yanaşı, digər yerlərdən də təklif alıb. Bunlar Avropa, Çin və Yaponiya klublarıdır. Türkiyənin "Kayserispor" klubu istəkli olsa da, hələlik maddi durumu yetərli deyil".
Menecer daha sonra Azərbaycan tərəfindən AFFA-nın baş katibi Elxan Məmmədovun birbaşa danışıq apardığını söylədi: "Onunla münasibətləri çox yüksək səviyyədə olduğuna görə əlavə şəxslərə ehtiyac yoxdur. Həmçinin, R.Prosineçki Azərbaycanı yaxşı tanıyır. O özü də Azərbaycanda işləmək istəyir. Vaxtı ilə orada fəaliyyət göstərən zaman nəinki özü, eləcə də ailəsi onunla birlikdə Bakıda qalıb".
Y.Çalışır onu da vurğulayıb ki, hələ R.Prosineçki cavab vermək istəmir. Bir müddət istirahətə ehtiyacı var. Yanvar ayının ikinci ongünlüyündə fikrini qətiləşdirəcək.
Millimiz sübut etdi: iki qol da vura bilir. Bəs niyə həmişə rəqib sevinir? - FOTO
Məbləğ məsələsinə gəldikdə isə menecer hələlik razılıq əldə olunmadığı üçün açıqlama vermək istəmədi: "Mətbuatda 2 milyon avro müqabilində razılaşma olduğunu yazırlar. Normal haldır. Prosineçki öz dəyərini bilən məşqçidir. Bu rəqəm 1,5 milyon da ola bilər, 4 milyon da".
Qeyd edək ki, Robert Prosineçkiyə 2014-2017-ci illər ərzində Azərbaycan milli yğma komandasına başçılıq etdiyi zaman hər ili üçün 1.3 milyon avro ödəniş olunub. Sonuncu dəfə Bosniya və Herseqovina yığmasında fəaliyyət göstərən 50 yaşlı mütəxəssisin aylıq qazancı 15 min, illik gəliri 180 min avro təşkil edib. Bosniyalıları 2020-ci il Avropa çempionatına çıxacağı halda xorvat mütəxəssis, 300-400 min avro mükafat qazanmalı idi.