İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 dekabr — Sputnik. Bir neçə gün əvvəl iki orta məktəb şagirdinin - Tural Cabbarlı ilə Dilarə Sultanovanın piyada qismində vurularaq həlak olmasından sonra yol polisi vətəndaşlara bir daha çağırış edib. Özü də xüsusi olaraq, geyimə diqqət yetirməyi tövsiyə edib. Bu təlaş əbəs yerə deyil.
Cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr zamanı 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Aparılan təhlillər göstərir ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Sputnik Azərbaycan-a bildirib ki, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər.
V.Əsədov piyadalara yolda hərəkət zamanı qulaqlıqlardan istifadə etməməyi, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasını tövsiyə edir.
Hüquqşünas Səməd Vəkilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, piyadalara təhlükədən qorunmaq üçün hansısa geyim geyinmək təklif etmək absurd bir təklifdir, gülməlidir:
"Belə bir təklif heç bir qanuna sığan hal deyil. İnsanın geyim forması şəxsi həyatının bir parçasıdır. Bunu hansısa normaya çevirməyə cəhd etmək hüquqi baxımdan şəxsi həyata müdaxilə hesab edilə bilər. Heç bir halda hava şəraiti sürücülərə piyadaların vurulmasında üstünlük verə bilməz. Dünyanın hər yerində piyadalara daha çox üstünlük verilir. Bu mənada təhlükədən qorunmaq üçün edilən təklif hüquqla uyğunlaşmayan bir təklifdir".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyir ki, mental dəyərlərdən irəli gələn pis xüsusiyyətlərdən biri hamının tünd geyimlərdən istifadə etməsidir: "Bu da gecələr çox böyük təhlükə yaradır. Vətəndaşlar qara geyimdə olanda işıqlandırılmamış yollarda piyada vurulmaları daha çox baş verir. Xüsusən yağıntılı havalarda görüntü daha məhdud olur. Gecələr yola çıxan vətəndaşlar işıqqaytarıcı geyimlərdən istifadə etməlidirlər. Belə geyimlər hər yerdə satılır. Sadəcə olaraq, biz zövqümüzə uyğun bilmədiyimiz üçün almırıq. İdman geyimlərinin əksəriyyətində belə elementlər var. İşıqqaytarıcı geyim dedikdə "alışıb-yanan" geyimlər nəzərdə tutulmur. Təcili Yardım əməkdaşlarının, Yol Polisi əməkdaşlarının geyimlərində işıqqaytarıcı xətlərin olduğunu, yəqin ki, görmüsünüz. Söhbət bu cür elementlərdən gedir".
Ekspert qeyd edib ki, artıq dünyanın bir çox ölkələrində bu, qəbul edilib və hətta qanunvericilikdə də buna yer ayrılıb.
"Belə ki, piyadalar gecə saatlarında yola çıxan zaman əllərində işıqqaytarıcı hər hansı bir vasitə tutur və ya geyimlərində belə elementlərə üstünlük verirlər", - deyə E.Muradlı xatırladıb.
Yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol hərəkəti təhlükəsizliyi tələb edir ki, bütün yol hərəkəti iştirakçıları olan şəxslər, o cümlədən piyadalar yollarda ehtiyatlı davransınlar: "Bu gün hər-hansı bir piyada qadağan olunmuş hissədən yolu keçirsə, bu, potensial təhlükə deməkdir. Yol təhlükəsizliyi ilə bağlı konkret qaydalar var və piyadalar bu qaydalara əməl etməlidirlər".
DYP-nin piyadalara etdiyi təklifə gəldikdə isə, ekspert bunun səbəblərini son zamanlar artan piyada ölümləri ilə izah edib.
Bakını “iniltidən” qurtarmaq lazımdır - "Carfree" gəlməsə, vəziyyətimiz daha pis olacaq>>
Onun sözlərinə görə, son zamanlar baş verən qəzaların çoxu piyada ölümü ilə nəticələınir və belə qəzaların çoxu axşam saatlarında baş verir.
"Bəlli məsələdir ki, bu məsələdə məsuliyyət təkcə piyadaların üzərinə düşmür. Yollarda işıqlandırma məsələləri qaydasında olmalıdır. Bu istiqamətdə aidiyyəti qurumlar müəyyən iş görür. Avtomobillərin işıqlandırması qaydasında olmalıdır.
Təsəvvür edin: Axşam saatlarında yolların kənarında olan dekorativ kolların yanından piyada yola qaçır. Vurulduqdan sonra həmin piyadanın qara geyindiyi də məlum olur. Belə vəziyyətdə kimdir günahkar? Bu cür hallardan qorunmaq üçün piyadalar birmənalı şəkildə piyada keçidlərindən keçməlidirlər. Buna görə də piyadalara işıqqaytarıcı geyimlər geyinmək tövsiyə olunur.
Bu sırf təhlükəsizlik tədbiri üçün nəzərdə tutulan, tövsiyə xarakterli mesajdır. Bu, gecə saatlarında piyada qismində olan vətəndaşlara tövsiyədir. Bəzi şəxslər işdən gecə saatlarında qayıdırlar", - deyə o bildirib.
A.Allahverənov qeyd edib ki, bölgələrdə vəziyyət daha acınacaqlıdır. Kəndlərdə yollararası ərazilər işıqlandırılmır. Bu, potensial təhlükədir. Buna görə də piyadalara belə tövsiyə edilir.
"Bu, yollarda velosiped sürən şəxslərə də aiddir. Onlar da velosipedlərə işıqqaytarıcı elementlər vurmalıdırlar. Belə elementlər bütün mağazalarda satılır. Amma qeyd edim ki, bu, sadəcə təklifdir, tələb deyil", - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, işıqqaytarıcı geyimlər siqnal geyimləridir. Bir çox saytlarda bu cür geyimlər satılır. Və ən ucuz jiletin qiyməti 6 manatdan başlayır. Bununla yanaşı, müxtəlif saytlarda işıqqaytarıcı vasitələr də satılır.
Mütəxəssislər iddia edirlər ki, günün qaranlıq saatlarında, işıqlandırılmayan ərazilərdə piyadalar öz təhlükəsizliyini təmin etmək üçün bu vasitələrdən əldə etməlidir.