BAKI, 10 dekabr — Sputnik. "Qarabağ" futbol klubu və Azərbaycan millisinin hücumçusu Mahir Emreli turnir çərçivəsində bəzi oyunlarının Bakıda keçiriləcəyi AVRO-2020 haqqında suallarımızı cavablandırdı.
- Öncə Avropa çempionatının bəzi matçlarının Bakıda keçiriləcəyinə münasibətinizi bilmək istərdik. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz?
- AVRO-2020 oyunlarının Bakıda keçirilməsinə münasibətim çox gözəldir. Bu, bütün Azərbaycan xalqı üçün əlamətdar bir hadisədir. Bizim üçün, yəni idmançılar üçün isə bu, ikiqat mühüm bir hadisədir.
- Sizcə, belə bir yarışın Azərbaycanda keçirilməsi futbolumuza və ümumən ölkəmizə nə verə bilər?
- Azərbaycanda keçirilən digər mötəbər tədbirlər kimi, təbii ki, AVRO-2020 turnirinin də əhəmiyyəti böyükdür. Belə ki, ölkəmizə yarışı canlı izləmək üçün gələn xarici qonaqlar və idmançılar həm ölkəmizi daha yaxından tanıyacaqlar, həm də gözəl Bakımızı görəcəklər və öz olkələrində Bakımız haqqında ağız dolusu danışacaqlar. Bundan əminəm! Dünya futbolunun çox tanınmış simaları burada olacaq və artıq dünya futbol tarixində Azərbaycan adı da yer alacaq.
- Son illər Bakıya daim müxtəlif böyük beynəlxalq idman, mədəniyyət, siyasi tədbirlərin keçirilməsi həvalə edilir. Sizcə, bu etimad nədən irəli gəlir?
- Bunun bir səbəbi var. Təqdir edərsiniz ki, indiyə qədər Azərbaycanda keçirilən sadaladığınız bütün tədbirlər yüksək səviyyədə təşkil olunub. İstər "Avroviziya" olsun, istərsə də Avropa Oyunları, İslam Oyunları və digər beynəlxalq tədbirlər ölkəmizdə ən yüksək səviyyədə keçirilib. Bütün dünya bu tədbirləri heyranlıqla izləyib. AVRO-2020 turnirinin də yüksək səviyyədə təşkil olunacağına şübhəmiz yoxdur.
- Yəqin ki, özünüz də ev sahibi olacağımız çempionatda iştirak etmək istəyirdiniz. Sizcə, millimizə uğur qazanmağa nə mane oldu? Axı yığmamızın AVRO-ya vəsiqə qazanmaq üçün 2 şansı var idi: Millətlər Liqası və Avropa Təsnifat Mərhələsi vasitəsi ilə…
- Əlbəttə, bu çempionatda çıxış etmək istərdik. Sadəcə gözləmirdik ki, qrupumuza Kosovo yığması düşəcək. Onlar son zamanlar çox irəliləyiblər, güclü oyunçuları var, yaxşı komandadır. Əgər onlar o qrupda olmasaydılar, bəlkə də biz də uğur qazanaraq, indi azarkeşlərimizi sevindirirdik. Sadəcə qismət belə gətirdi: püşk bizə Kosovonu rəqib etdi.
- Bu yaxınlarda püşkatma mərasimi keçirildi. Bəzi oyunları Bakıda keçiriləcək A qrupunun tərkibi bəlli oldu: İtaliya, Türkiyə, İsveçrə, Uels. Püşkatmanı necə şərh edərdiniz? Hansı komandaya azarkeşlik edəcəksiniz?
- Bizi maraqlı bir çempionat gözləyir. Əlbəttə, Türkiyəyə azarkeşlik edəcəyik, hər birimiz qardaşlarımızı yalnız qoymamalıyıq. Bundan əlavə, Fransa, Almaniya, Portuqaliya qrupu çox maraqlı olacaq və bu qrupda oyunlar göz oxşayacaq – favoritlərin döyüşü olacağını deyə bilərəm. Digər qruplara gəldikdə isə, heç nə deyə bilmərəm, gözləyib görəcəyik. Favoritlərim Türkiyə və Almaniya milliləridir.
- Neytral xarici azarkeşi Bakıya AVRO-2020 oyununa dəvət edəsi olsanız, ona nə deyəcəksiniz? Niyə o, məhz bizim şəhərə gəlməlidir? Azərbaycan paytaxtını qonaqlar üçün xüsusi edən nə ola bilər?
- Deyərdim ki, “Gəlin Bakıya, gözünüz gözəlliklər görsün (gülür). AVRO-2020 üçün Bakıya gəlin”. İçərişəhərdən qədimilikdən müasirliyə boylanmaq, Alov qüllələri kimi müasir tikililəri bir arada görmək hər ölkəyə xas olan bir cəhət deyil, bunları görmək hər adama nəsib olmur. Deyərdim ki, "Dünyanı gəzmişəm deyən hər kəsin yolu Azərbaycandan keçməlidir”.