Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. Ölkədə aparılan islahatlar fonunda dövlətin əsas məqsədlərindən biri də onun fəaliyyətinə ictimai nəzarətin təmin olunmasıdır. Bunun üçün isə müvafiq zəmin məhz ictimai iştirakçılığın təmin edilməsidir. Dövlət fəaliyyəti üzərində nəzarət, eləcə də rəsmi strukturların fəaliyyətinin cəmiyyətin maraqlarına uyğunluğu baxımından ictimai iştirakçılıq mühüm əhəmiyyət kəsb edir.
Elə Prezident İlham Əliyev də yeni təyin etdiyi rayon icra başçılarını qəbul edərkən kadr islahatlarının yerli icra orqanlarında ictimai nəzarətə “qapı açmalı” olduğunu vurğulayıb. Ölkə başçısı bildirib ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır: “Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən, belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür”.
Qeyd edək ki, Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun 2014-cü ilin iyun ayından qüvvəyə minib. Sözügedən qanunda göstərilib ki, vətəndaşların dövlətin idarə olunmasında, dövlət və cəmiyyət həyatının müxtəlif sahələri ilə bağlı qərarların qəbulunda, təkliflərin hazırlanmasında iştirakı təmin edilməli, mərkəzi və yerli icra orqanlarında, eləcə də bələdiyyələrdə ictimai şuralar yaradılmalıdır. Həmin qanunun qəbulunun üzərindən beş il vaxt keçib.
Sputnik Azərbaycan bu müddət ərzində ictimai iştirakçılığın təmini istiqamətində hansı işlərin görüldüyünü araşdırıb.
Mərkəzi və yerli icra hakimiyyətlərində ictimai şuraların yaranması niyə gecikir?
“Əvvəl evin içi, sonra çölü” prinsipi ilə öncə paytaxtda yerləşən mərkəzi və yerli icra orqanlarında, eləcə də bələdiyyələrdə ictimai iştirakçılığın necə təmin edildiyini üzə çıxartmağa çalışdıq. Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, mərkəzi icra orqanları arasında ictimai iştirakçılıq yerli icra orqanlarına, eləcə də bələdiyyələrə nisbətən daha yaxşı təmin edilib. Mərkəzi icra orqanlarının hamısında ictimai şuralar yaradılmasa da, xeyli hissəsində ictimai iştirakçılıq təmin edilib.
Sputnik Azərbaycan-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, bu nazirliklər yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai şuralar yaradılıb. Mərkəzi icra orqanları arasında ictimai iştirakçılığı təmin edənlər arasında yeniləri də var. Məsələn, Təhsil Nazirliyindən bildiriblər ki, İctimai Şura bu ilin sentyabr ayından fəaliyyət göstərməyə başlayıb. Ədliyyə Nazirliyi yanında isə ictimai şura olmasa da, ictimai iştirakçılıq təmin edilir. Nazirlikdən bildiriblər ki, bu məqsədlə 2006-cı ildən İctimai Komitə yaradılıb. 1994-cü ildən isə Gənclər və İdman Nazirliyin yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, ictimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını təmin etməkdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib ki, nazirlik yanında İctimai Şura yaradılıb və fəaliyyət göstərir. Dövlət Miqrasiya Xidmətində də İctimai Şura yaradılıb və qurum şuranın fəaliyyətindən razıdır. Qurumun mətbuat katibi Elnur Kələntərov Sputnik Azərbaycan-a bildirib ki, İctimai Şura dövlət orqanı ilə vətəndaş cəmiyyəti arasında “körpü” rolunu oynayır: “Məhz elə bunun nəticəsidir ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura mütəmadi olaraq miqrantlarla görüşlər keçirir, miqrantların qəbullarını təşkil edir, onların təkliflərini, problemlərini öyrənir, daxil olmuş şikayətləri araşdırmaqla Xidmətlə əlaqəli şəkildə həll edir. İctimai Şura, həmçinin miqrantların miqrasiya sahəsində mövcud qanunvericilik aktları, qanunvericiliyə edilmiş dəyişikliklər, “miqrasiya qaydaları” barədə maarifləndirilməsi istiqamətində Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dəstək verir”.
Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi yanında isə ictimai şura yaradılmayıb. Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirlik yanında ictimai şurasının yaradılması istiqamətində iş aparılır.
Siyasi ekspert bələdiyyə seçkiləri öncəsi vəziyyəti şərh edir>>
İctimai iştirakçılığın yerli icra hakimiyyəti orqanlarında təmin edilməsi də gecikir. Paytaxtın bir neçə yerli icra hakimiyyəti orqanı istisna olmaqla yerdə qalanlarının yanında ictimai şuralar yaradılmayıb. Bakının Suraxanı Rayonu İcra Hakimiyyətinin mətbuat katibi Barxudar Barxudarov ictimai iştirakçılığın təmin olunmasının vacibliyini vurğulayır: “Bununla bağlı qanun da var. Yəqin ki, yaxın vaxtlarda icra hakimiyyəti yanında ictimai şuraya seçkilər keçiriləcək”.
Səbail Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Anar Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, ictimai şuranın yaradılması istiqamətində işlər görüləcək. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov isə həm meriyanın, həmçinin də yerli icra hakimiyyəti orqanları yanında ictimai iştirakçılığın təmini istiqamətində işlər aparıldığını bildirib. Amma Bakıda ictimai qurumların nəzarətinə imkan yaradan icra hakimiyyəti orqanları da var. Binəqədi, Qaradağ rayonları buna misaldır. Binəqədi Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuranın sədri Aslan Mehdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması vacibdir:
“Biz rayonda aparılacaq işlərlə bağlı öz təkliflərimizi veririk, hər hansı çatışmazlıq varsa, iclaslarımızda bu məsələləri müzakirə edərək rəhbərliyin diqqətinə çatdırırıq. Bir sözlə, icra hakimiyyətinin fəaliyyətinə ictimai nəzarət funksiyasını həyata keçiririk. Bizim rayon sakinləri ilə görüşlərimiz olur. Onların problemlərinin həlli istiqamətində də təkliflər irəli sürürük”.
Paytaxtda olduğu kimi, yerlərdəki icra hakimiyyətlərində də ictimai şuraların yaradılması gecikir. Bir neçə icra hakimiyyəti istisna olmaqla yerdə qalanlarında ictimai şuraların yaradılması məqsədilə elan belə verilməyib. Bölgələrdən Qax, Siyəzən, İsmayıllı, Qəbələ, Şəki rayon icra hakimiyyətləri yanında ictimai şuralar illərdir ki, yaradılıb. Göyçay Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirdilər ki, ictimai şuranın yaradılması nəzərdə tutulur. Digər rayon icra hakimiyyətlərindən isə ictimai şuraların yaradılması ilə bağlı heç bir məlumat olmadığını söylədilər.
Bələdiyyələr hələ siftə etməyib
Bələdiyyələrin isə ictimai şuralar yaratmaqla bağlı hələ heç bir təcrübəsi yoxdur. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyələr müstəqil yerli özünüidarəetmə orqanlarıdır. Buna görə də Mərkəzin onlara göstəriş vermək, işlərinə qarışmaq ixtiyarı yoxdur.
Bələdiyyələrin saxta vergi siyasəti - Heç nədən nə qədər pulumuzu alıblar>>
Bələdiyyələr yerli özünüidarəetmə orqanlarının elə özünün ictimai qurum olduğunu söyləyirlər. Bununla belə, aralarında ictimai nəzarəti təmin edənləri də var. Məsələn, Binəqədi rayon, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva deyir ki, bələdiyyənin fəaliyyətində şəffaflığın təmin olunması üçün 41 məhəllə komitəsi yaradılıb. Həmin komitələr bələdiyyələrin hesabatını dinləyir, sakinlərin təklif və iradlarını bələdiyyəyə çatdırırlar. Gələcəkdə ictimai şuranın yaradılması da reallaşa bilər.
İctimai şuraların yaradılması ilə iş bitmir
Ekspertlər isə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması üçün ictimai şuraların yaradılmasını işin bir hissəsi hesab edirlər. Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ictimai şuraların yaradılması ilə yanaşı, onların normal fəaliyyəti də əsas şərtdir. Həmsöhbətimiz deyir ki, formal olaraq ictimai şuranın yaradılması ictimai nəzarət baxımından heç bir effekt vermir: “Bu gün elə dövlət qurumları var ki, ictimai şura yaratmayıb, amma QHT-lərlə əməkdaşlıq edir. Məsələn, keçmiş Vergilər Nazirliyində Ekspert Şurası yaradılıb. Onlar qanuna dəyişiklik olanda, hər hansı prosedurun tətbiqindən öncə məsləhətləşirlər. Amma elə qurumlar da var ki, ictimai şuraların fəaliyyəti hiss olunmur. Çatışmayan məsələlərdən biri - QHT-lərin ictimai şuraların fəaliyyətində normal iştirakı üçün resurslarının olmamasıdır. QHT-lərin ictimai şuralarda daha məhsuldar işləməsi üçün işçi qüvvəsi və texniki bazası olmalıdır. Bunun üçün maliyyə vəsaiti lazımdır”.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov isə bəzi ictimai şuraların fəaliyyətinin hiss olunmadığını söyləyir. O bildirir ki, dövlət qurumları yanında yaradılan ictimai şuralar arasında məhsuldar iş sərgiləyənləri də var: “İctimai şuraların yaradılması, eləcə də onların fəaliyyəti dövlət qurumlarının ictimai qurumlara münasibətindən də asılıdır. Bəzən bu şuralar formal olaraq yaradılır. Bütün icra orqanları, qanunda olduğu kimi, ictimai şuraların fəaliyyətinə şərait yaratmalıdır. İctimai Şuralar dövlət qurumlarının işinə böyük töhfə verə bilər. Məsələn, Dövlət Miqrasiya Xidmətində “miqrasiya portalı”nın yaradılması təklifi ictimai şura tərəfindən irəli sürülmüşdü. Bu təklif reallaşaraq mobil versiyada tətbiq olundu. Bu gün ölkəmizə gələn əcnəbilər mobil tətbiq vasitəsilə lazımi məlumatları əldə edirlər”.
Ziyan həm cəmiyyətə dəyir, həm də dövlətə...
Apardığımız araşdırma zamanı bəlli oldu ki, ictimai şuraların yaradılması prosesinin yubanması ilə yanaşı, bu şuraların fəaliyyətində də müəyyən çatışmazlıqlar var. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi mərkəzi və yerli icra orqanları ictimai şuraları az qala günü kimi qəbul edir:
"Elə bilirlər ki, ictimai şura yaratsalar, onların fəaliyyətinə maneə yaradacaq. Halbuki, fəaliyyətində şəffaflıq olan dövlət orqanı ictimai şuraya bu cür münasibət sərgiləməməlidir.
İctimai şuralar vətəndaş mövqeyindən çıxış etməklə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının işinə böyük fayda verə bilər. İctimai əsaslarla işləyən şuraların fəaliyyəti ictimai nəzarəti həyata keçirməklə yanaşı, dövlət qurumlarının işinə təmənnasız fayda verməkdir. Hansı icra orqanı bundan boyun qaçırırsa, deməli, ziyanı təkcə cəmiyyətə yox, bütövlükdə dövlətin fəaliyyətinə vurur”.
Yazı "SƏLİS Jurnalist" müsabiqəsinə təqdim edilir.