01:11 08 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Bakının gecəqondu tipli evlər, arxiv şəkli

Bələdiyyələrin saxta vergi siyasəti - Heç nədən nə qədər pulumuzu alıblar

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
1711 0 0

"Bələdiyyələr sənədsiz evlərdən, qanunsuz tikililərdən yalnız torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ala bilər. Evin sənədi yoxdursa, vətəndaşdan əmlak vergisi tələb edilə bilməz"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Bələdiyyələrlə sakinlər arasında vergi ödəməklə bağlı tez-tez mübahisələr yaranır. Bu günlərdə bələdiyyələrin vergi toplaması məsələsinə toxunan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bələdiyyələrin işləməsi üçün büdcə olmalıdır: "Bələdiyyələrin fəaliyyətini mən də daxil olmaqla tənqid edirik, ancaq bələdiyyələrin fəaliyyətində çox yaxşı hallar da var. Qanunvericilikdə bununla bağlı yaxşı işlər əks olunub. Məsələn, bələdiyyənin işləməsi üçün nə lazımıdr?! Təbii ki, büdcə... Büdcəni təşkil etməkdən ötrü əhali ilə bələdiyyə arasında əlaqə olmalıdır. Siz mənzilinizin vergisini bələdiyyəyə verirsiniz?! Vermirsiniz. Ancaq bələdiyyədən hamı nəsə tələb edir. Gərək biz də öz məsuliyyətimizi bilək və qarşılıqlı əlaqə olsun. O zaman bələdiyyənin işi daha yaxşı olacaq".

Qeyd edək ki, Komitə sədri bələdiyyələrin vergi toplamaqda çətinliklə üzləşdiyini vurğulasa da, hazırda bələdiyyələrin vergi toplamasında müəyyən anlaşılmazlıqlar da mövcuddur. Bu sahədə yaranmış əsas problem, bələdiyyələrin sənədsiz evlərə də vergi tələb etməsi ilə bağlıdır. Vəziyyət elə gətirib ki, əksər hallarda sənədi olmayan sakinlər də bələdiyyələrə torpaq və əmlak vergisini ödəmək məcburiyyətində qalırlar. Əks halda, sakinlər müxtəlif məhdudiyyətlərlə üz-üzə qalırlar. Məsələn, ərazi icra nümayəndəliyindən yaşayış yeri barədə arayış alan sakinə torpaq və əmlak vergisi ödəmədiyi halda arayış verilmir. Bu hallara paytaxtın müxtəlif rayonlarında demək olar ki, tez-tez rast gəlinir. Sakinlər ödədikləri vergi müqabilində bələdiyyələrdən hesabat tələb etdikdə isə, bələdiyyələr müxtəlif bəhanələrlə sakinləri vergi ödəməyə məcbur edir. Danılmaz faktdır ki, bu gün əksər bələdiyyələr əhali arasında torpaq və əmlak vergisi ödəməyən sakinlərə "kupça" verilməyəcəyi barədə hədə-qorxu da gəlir.

Sputnik Azərbaycan-ın əməkdaşı bələdiyyələrin sənədsiz evlərdən əmlak vergisi tələb etməyin hüquqi baxımdan düzgün olub-olmadığını araşdırıb.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyələr özünü idarətmə təşkilatı olmaqla yanaşı, həm də özünü maliyyələşdirmə təşkilatıdır. H.Hüseynov bildirib ki, bələdiyyələrin maliyyələşməsi fiziki şəxslərdən toplanan əmlak vergisi, mənfəət vergisi və sanatoriya, kurortlardan əldə etdiyi gəlir hesabına baş verir. H.Hüseynovun sözlərinə görə, bu gün bələdiyyələrə aidiyyəti qurumlar tərəfindən avtomobillərin parklanmasına görə hər avtomobilə 10 qəpik ödənilir. Eyni zamanda bələdiyyənin inzibati ərazisində olan reklamlara görə, Reklam Agentliyindən 0,1 faiz tələb olunur: "Bələdiyyələrin daha bir gəlir yeri isə öz balansında olan torpaq sahəsinin satılmasıdır ki, 2007-ci ildən bu da qanunla qadağan edilib. İndi bələdiyyələrin əsas gəlir mənbəyi, torpaq və əmlak vergisidir".

O ki qaldı bələdiyyələrin sakinlərdən tələb etdiyi torpaq və əmlak vergisinə, bələdiyyə sədri deyir ki, torpaqdan istifadə edən hər bir vətəndaş vergi ödəməlidir: "Torpağın hər 100 kvadratmertinə görə, vətəndaşdan 60 qəpik vergi tələb olunur. Əmlak vergisi isə yalnız çıxarışı olan, sənədli evlərdən tələb olunur. Əgər evin çıxarışı varsa, mənzilin 30 kvadrat metr sahəsi güzəşt edilməklə, yerdə qalan hər kvadratmetrinə 40 qəpikdən hesablanaraq əmlak vergisi verilməlidir. Bələdiyyələr sənədsiz evlərdən, qanunsuz tikililərdən yalnız torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ala bilər. Evin sənədi yoxdursa, vətəndaşdan əmlak vergisi tələb edilə bilməz".

H.Hüseynov deyir ki, bununla belə kimsə könüllü olaraq bələdiyyəyə əmlak üçün vergi verirsə, burada da qanunsuzluq yoxdur: "Qanunda da qeyd edilib ki, bələdiyyələrə yardım edilə bilər".

H.Hüseynov bununla belə vətəndaşın ödədiyi vergi müqabilində qarşılıq tələb etməsinin qanunsuz olduğunu deyir: "Arif müəllimin (Arif Rəhimzadə - red.) sözündə haqq var ki, bəzən bələdiyyələrə vergi ödəyən də, ödəməyən də onlardan asfalt çəkmək və sair abadlıq işləri görməyi tələb edir. Qanunda qeyd edilib ki, vergi ödənildikdə dəyər tələb edilməməlidir".

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyələr yalnız dövlət qeydiyyatına alınmış əmlakdan vergi tələb edə bilər: "Bu gün bələdiyyələrin ərazisində xeyli sayda dövlət qeydiyyatına alınmamış əmlak var. Çox təəssüf ki, bələdiyyələr dövlət qeydiyyatına alınmamış tikililərdən də müxtəlif yollarla əmlak vergisi tələb edirlər. Əmlak, sahəsinə görə vergiyə cəlb olunur. Qeydiyyatı olmayan əmlakın sahəsinin nə qədər olması mübahisəli olduğundan və qeydiyyatı olmadığından hüquqi baxımdan vergiyə cəlb olunması qeyri-mümkündür. Bələdiyyələrin müxtəlif vasitələrdən istifadə edərək belə evlərdən vergi yığması qanunsuzdur. Əmlak əvvəlcə qeydiyyata alınmalı, daha sonra vergiyə cəlb olunmalıdır".

O ki qaldı vətəndaşların bəzən vergi ödəməkdən yayınmasına, R.Osmanlı deyir ki, bələdiyyələrin fəaliyyətlərində şəffalıq olmalıdır: "Bələdiyyələr öz işlərini düzgün icra etsələr, öz fəaliyyətlərində şəffaflığa əməl etsələr, yığdıqları vergini haraya xərclədikləri barədə vətəndaşlara hesabat versələr, vətəndaşlar da vergini verməkdən yayınmazlar. Bələdiyyələr paytaxt Bakıda və Bakıətrafında, eləcə də regionlarda öz fəaliyyətləri ilə bağlı ərazi üzrə vətəndaşlara hesabat vermirlər. Verdikləri hesabat isə əksər hallarda yarımçıq olur. Bələdiyyələr hesab edir ki, onlar yığdıqları vergini istədikləri kimi xərcləyə bilərlər. Bələdiyyə öz ərazisində olan vətəndaşların problemlərinin həllinə də dəstək olmaldır. Amma təəssüf ki, bələdiyyələr ərazidə yaşayan vətəndaşların bir çox problemlərindən yaxalarını kənara çəkirlər. Çünki, bələdiyyələr nəinki onlara verilmiş hüquqlardan, onlara verilmiş vəzifələrin icrasından da bir çox hallarda yayınırlar. Ona görə də, mənim fikrimcə, bələdiyyələrin səlahiyyətləri tam olaraq aydınlaşmalıdır".

Əmlak məsələləri üzrə ekspert deyir ki, bələdiyyə nümayəndələrinin vətəndaşdan qanunsuz olaraq qeydiyyata alınmamış əmlaka vergi tələb etməsinə də hüquqi baxımdan məsuliyyət nəzərdə tutulmalıdır: "Təəssüf ki, qanunvericilikdə vergi yığanın üzərinə hər hansı məsuliyyət qoyulmayıb. Ona görə də, bəzən verginin qanunsuz yığılması hallarına yol verilir. Bu məsələ də qanunla tənzimlənməlidir ki, bələdiyyələr dövlət qeydiyyatına alınmamış əmlaka görə vətəndaşın qapısını döyüb vergi tələb etməsin".

Beləcə, apardığımız kiçik araşdırmadan məlum oldu ki, bələdiyyələrin sənədsiz evlərdən əmlak vergisi tələb etməsi qanunsuzdur.

Əsas mövzular