BAKI, 16 noyabr — Sputnik, Teymur Tuşiyev. Azərbaycan millisinə qarşı matç nəinki oyunun özü, eləcə də ölkənin yerləşdiyi coğrafiya baxımından uelslilər üçün çətin olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə yetirmələri Bakıda 0:2 hesabı ilə qalib gələn Uels millisinin baş məşqçisi Rayan Giqqz oyunsonrası mətbuat konfransında deyib.
"Bu, coğrafiya nöqteyi-nəzərindən bizim üçün adi səfər olmadı, çünki uzun müddət uçmalı olduq. Bundan əlavə, oyun özü də mürəkkəb alındı, çünki Azərbaycan millisi evdə oynayırdı. Bu səbəbdən səfərdə qələbə qazandığımıza görə məmnunuq", - Giqqz deyib.
AVRO-2020-nin son oyununu Uels komandası Macarıstana qarşı keçirəcək və bu oyun onlar üçün həlledici olacaq.
"Bizdən fərqli olaraq Macarıstan yığması bu turda istirahət edirdi. Buna rəğmən, hər şey bizdən asılıdır. Bu yay təsnifat mərhələsində uğursuz oyundan sonra biz geri dönüş edə və AVRO-2020-nin finalına çıxmaq şansını qoruya bildik", - Giqqz əlavə edib.
Azərbaycan millisi 1 xalla E qrupunun lap alt pilləsində yer alır. AVRO-2020-nin seçmə turunun son oyununu Yurçeviçin yetirmələri noyabrın 19-da Slovakiyaya qarşı keçirəcəklər.