BAKI, 16 noyabr — Sputnik, Teymur Tuşiyev. Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə turnirində növbəti dəfə məğlub olub.
Sputnik Azərbaycan bildirir ki, Uels yığması Bakıda 0:2 hesablı qələbə qazanıb.
Kiffer Mur və Harri Uilsonun qolları sayəsində uelslilər AVRO-2020-nin təsnifat mərhələsinin son turundan əvvəl üzərlərinə qoyulan vəzifənin öhdəsindən gələrək qitə birinciliyinin final mərhələsinə çıxmaq şansını qoruyublar.
Uelsin oyunçuları ilk dəqiqələrdən hücuma atıldılar və Azərbaycan millisinin qapısını silkələyən qol özünü çox gözlətmədi. 10-cu dəqiqədə Co Morrelin uzaqdan zərbəsini qapıçı Emil Balayev gözəl sıçrayışla dəf etdi. Ancaq bundan sonra gələn künc zərbəsi qonaqlar üçün sevindirici oldu - Kiffer Mur hava duelində qalib gələrək oyunda hesabı açdı.
Sonra oyun qarşılıqlı hücum şəraitinə istiqamətləndi. Nikola Yurçeviçin yetirmələri Ueyn Hennesinin qoruduğu qapının qarşısında bir neçə təhlükəli vəziyyət yarada bildilər, amma uelslilərin hücumları daha ciddi idi və daha çox Balayevin sayəsində Azərbaycan millisi ikinci qolu oyunun 34-cü dəqiqəsinədək ləngidə bildi. Deniel Ceymsin cərimə meydançasının kənarından güclü zərbəylə vurduğu top qapıya dəyərək geri qayıtsa da, Harri Uilson özünü yetirərək komandasını üstün duruma keçirdi.
Birinci hissənin sonuna yaxın Ramil Şeydayev təkbaşına rəqibin üç futbolçusunu keçməyi bacarsa da, zərbəsini qonaqların müdafiəçiləri dəf edə bildilər.
Ev sahibləri ikinci hissəyə də aktiv başladılar. Ancaq Azərbaycan millisinin hücumlarının əksəriyyəti qonaqların cərimə meydançasına çatanda gücünü itirirdi - uelslilərin müdafiəsi dəqiq işləyərək Yurçeviçin yetirmələrinə zərbə mövqeyinə çıxmağa imkan yaratmırdı.
Avropanın futbol çempionatı necə yaranıb>>
İkinci hissənin sonuna doğru oyunun sürəti xeyli azaldı. Hər halda 90 dəqiqə boyu oyunu yüksək tempdə davam etdirmək hətta bir neçə oyunçusu Avropanın məşhur klublarında oynayan Uels millisi üçün də asan məsələ deyildi.
Oyunun sonu əvəzlənmə ilə meydana çıxan Ağabala Ramazanovla Tom Lokayerin arasında qısa söz davası ilə yadda qaldı. Baş hakim Dəniz Aytəkin oyunçuların ikisini də sarı vərəqə ilə cəzalandırdı. Yeri gəlmişkən, rəqibin müdafiəçisinin öz cərimə meydançasında əllə oynadığını hakimə israrla sübut etməyə çalışan Dmitri Nazarov da sarı vərəqə gördü. Çünki hakim hesab etdi ki, qonaqlar qayda pozuntusuna yol verməyiblər.
Beləliklə, Azərbaycan millisi AVR0-2020-nin təsnifat mərhələsində növbəti məğlubiyyətini alaraq 1 xalla "E" qrupunun lap alt pilləsində yer aldı. Seçmə turun son oyununu Yurçeviçin yetirmələri noyabrın 19-da Slovakiyaya qarşı keçirəcəklər.