Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 11 sentyabr — Sputnik. Sabah Bakıda Azərbaycan və Rusiyanın Sverdlovsk vilayətindən hər iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, biznes forumda müvafiq memorandum imzalanacaq.
Bu gün isə Bakıda Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi ilə hər iki ölkədən olan nümayəndə heyətləri görüş keçirib, bir sıra sənədlər imzalanıb.
Görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan – Rusiya əlaqələri həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edir: "Azərbaycan və Rusiya prezidentlərinin münasibətləri, onların siyasi iradəsi bu əlaqələrin inkişafına böyük təkan verir. Azərbaycan Rusiyanın regionları ilə əməkdaşlığa da xüsusi önəm verir. Hər il Azərbaycan – Rusiya regionlararası forumu keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur və əlaqələr qurulur".
Nazir vurğulayıb ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər: "Ötən il Azərbaycan meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac ediblər. Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlillə hər iki tərəf bu qənaətə gəlib ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər. Yəni, bu həcmləri təxminən 1 milyon tona çatdırmaq imkanları var".
Sverdlovsk vilayətinin Rusiya Federasiyasının ən inkişaf etmiş regionlarından biri olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, bu vilayətin böyük potensialı var: "Azərbaycan bu vilayətlə əməkdaşlıq etməkdə maraqlıdır. Tərəflər arasında artıq əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın Rusiyanın Sverdlovsk vilayəti arasında ötən il ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən iki dəfə artaraq 95 milyon dollara çatıb".
Şahin Mustafayev vurğulayıb ki, Yekaterinburqda logistika mərkəzinin yaradılması bu rəqəmlərin reallaşdırılmasına öz töhfəsini verəcək.
Nazir, həmçinin vurğulayıb ki, Azərbaycanda Rusiyanın Sverdlovsk vilayətinin Kalinin adına zavodu ilə birgə istehsal həyata keçirilə bilər. Onun sözlərinə görə, tərəflər Azərbaycanda qaldırıcı avadanlıq və kranların istehsalının təşkili istiqamətində danışıqlar da aparacaqlar: "Azərbaycanın aparıcı şirkətləri buna çox böyük maraq göstərirlər. Bu gün və sabah keçiriləcək görüşlərdə bu müzakirələr aparılacaq".
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev isə öz növbəsində qeyd edib ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq əlaqələrimizdə başlıca istiqamətlərdən biridir: "Azərbaycanla Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasındakı ticarət dövriyyəsi 85 faiz artıb. Əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün böyük potensial var. İşgüzar əlaqələr və təhsil sahələrində birgə planlar tərtib etmək imkanı yaratdıqları üçün Azərbaycan tərəfinə çox minnətdaram. Bakıya səfərimiz zamanı elm, təhsil, mədəniyyət sahələrində də müştərək layihələrə dair bir çox sənədlər imzalayacağımıza əminəm".