Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 sentyabr — Sputnik. Əsgər Məmmədov 1949-cu ildə Qazaxıstanın Taldıqorğan vilayətində anadan olub. Məktəbə də orada başlayıb. Beşinci sinifdə oxuyanda ailəsi ilə birlikdə doğma rayonuna - Zaqatalaya köçüb, təhsilini burada davam etdirib. Vaxtilə idman müəllimi olan Əsgər kişi keşməkeşli həyat yaşayıb.
Qəhrəmanımızın Qazaxıstanda doğulmağının səbəbi o zamanlar ailəsinin oraya sürgün edilməsi olub. Qazaxıstanda aclıq, səfalət içində yaşasalar da, əsl insanpərvərliyi orada gördüyünü söylədi müsahibimiz. Əsgər müəllim Azərbaycanın qanlı-qadalı dövründən Sputnik Azərbaycan-a danışdı: "Atam Rəsul, qardaşları Nəsir, Ramazan, Məmmədəli nənəmiz Nardanə Maqsudova ilə birlikdə sürgün olunublar. 1937-ci ildə onlar məcburən Qazaxıstana göndəriləndə atamgil azyaşlı olublar. Atamın 17, ən kiçik qardaşının 7, böyük qardaşının 22 yaşı varmış".
1931-ci ilin dekabrında Qazaxıstanın qarlı-tufanlı səhralarında islah əmək düşərgəsi yaradılıb. Qısaldılmış adı Karlaq olan (rus dilindən tərcümədə Karaqandinskiy lager) Karaqanda düşərgəsi ölkəmizin qanlı repressiya tarixində xüsusi yer tutur. Həmsöhbətimizin ailəsi də həmin düşərgəyə sürgün olunub: "Nənəm qadın həkimi olub. 40 gün vaqonda yol gediblər. Nənəm vaqondakı hamilə qadınlara, sətəlcəm olanlara və başqa xəstələrə kömək olub. Onlar birinci dəfə Karaqandaya düşüblər. Oradan da Taldıqorğan vilayətinə aparılıblar. Nənəmin orada da böyük hörməti var idi. Biz Qazaxıstandan buraya köçəndən sonra Zaqatalaya gələn yoldaşlar, ailələr nənəmi görməyə gəlirdilər. Nənəmiz rəhmətə gedəndən sonra bu əlaqələr yavaş-yavaş kəsilməyə başladı. Biz həmişə nənəmizlə qürur duyuruq".
"Azərbaycan xalqının repressiya taleyini araşdıran professor Murtuz Sadıqovun "Qan yaddaşı" kitabında azərbaycanlıların sürgündəki yaşayışı, orada baş verən hadisələr, nənəmin fədakarlıqları təfsilatla yazılıb", - deyə Ə.Məmmədov əlavə edir.
NKVD-nin (SSRİ Daxili İşlər Nazirliyinin Xalq Komissarları Soveti) qanlı siyasəti Sovetlər ölkəsində yaşayan bütün millətlərə repressiyanın acısını daddırıb. Əsgər müəllimin anası da Stalinin amansız rejiminin qurbanlarından biri olub: "Mənim anam da Bolqarıstandan Qazaxıstana sürgün olunub. 1948-ci ildə atamla anam orada tanış olublar. Anamızı 1944-cü ildə sürgün ediblər. Onun bütün nəsli məhv olub. Üç qardaşı müharibəyə gedib, qayıtmayıb. Bir bacısı Qazaxıstanda rəhmətə gedib. Beləliklə, anam və onun anası, yəni nənəm qalıblar. Xülasə, həm ana, həm də ata tərəfim sürgün bəlasını görüblər".
Əsgər müəllim deyir ki, doğmalarının o dövrdə çəkdiyi məşəqqətli günlər səhhətlərində dərin iz buraxıb: "Təsəvvür edin, onları səhər saat 6-da çöllərə qovurdular, pazı əkinində işlədirdilər. Düzdür, mən özüm bunları yaşamamışam, amma onların danışığından, bu kitabdan oxuduqlarımdan çıxardığım nəticəyə görə, onlar xeyli əziyyət çəkiblər. Atamız gələndə artıq orqanları sağlam deyildi. Çünki şaxtalı çöllərdə soyuqlamışdı. Sonra buraya gəldi, 52 yaşında da vəfat etdi".
"Yaşayış çox ağır idi, pul yox idi, ona görə də mal-qara kəsirdilər, bir-birlərinə kömək edirdilər, yığışırdılar bir yerə, çətinliklərlə başa çıxmaq üçün məsləhətləşirdilər. Orada mağazada işləyən bir nəfər var idi, ağsaqqaldı, camaata kömək edirdi. Atam kəndin anbarında işləyirdi, anbarda buğda olurdu. Elə vəziyyətə çatırdı ki, atam bəzilərinə buğda verirdi, bəzilərinə isə buğdanın altına torpaq doldururdu, məcburən onları aldadırdı. Səhər saat 6-da bizi oyadırdılar, gedirdik tarlada işləməyə, axşam saat 8-də gəlirdik. O qədər yorğun olurduq ki, hətta yemək də yadımıza düşmürdü", - müsahibimiz xatırlayır.
Əsgər müəllimin babası İbrahim Məmmədov repressiyadan əvvəl - 1919-cu ildə vəfat edib. Onun babası həmyerlilərinin xəyanətinin qurbanı olub: "Babam rayonda hörmətli insan olub. Hakimiyyətin bolşeviklərin əlinə keçməməsi üçün mübarizə aparıb. O, heç vaxt yemək yemirdi, həmişə ehtiyat edirdi ki, birdən onu zəhərləyərlər. Lakin düşmənləri də bilirdilər ki, babam yeməklərdən imtina edərək ancaq meyvə yeyir. Bir gün babamın meyvəsinə həmkəndliləri zəhər qatırlar. Ona zəhərli armud verirlər. Babam evə gələndə zəhərləndiyini hiss edir. Həkimə aparanda yarı yolda vəfat edir".
Bu xəyanətə dözməyən Hüseyn qardaşı İbrahimin qisasını almağa qərar verir. O, qardaşını kimlərin zəhərlədiyini bilirdi. Hüseyn sui-qəsddə əli olan 61 nəfərin hamısından qisas alıb: "Babamın qardaşı 1919-cu ildən 1937-ci ilədək hamısından intiqam alıb, hamısını güllələyib. Sovet hakimiyyəti onu çox axtarıb, amma camaat onu ələ verməyib. 1937-ci ildə nəhayət onu də ələ keçirərək qardaşına görə sürgün etdilər. Sürgündən sonra nənəmgili İrana aparacağını desə də, nənəmiz getməyib. Hüseyn sürgünlükdə evlənib, 4 uşağı olub. 1956-cı ildə rəhmətə gedib".
Sürgündə Sovet ərazisində yaşayan bütün millətlərin nümayəndələri olub. Müsahibimizin dediyinə görə, millətlərin çoxluğuna baxmayaraq, bu çətinliklər onları o qədər birləşdirmişdi ki, bir-birinə düşmənçilik etmirdilər, bir-birinə çox yaxın idilər, dəstək olurdular: "Orada rus məktəbi var idi. Müəllimlərin də əksəriyyəti başqa yerlərdən gələn ruslar, almanlar idi. Məktəbin direktoru qazax idi, amma biz yaşayan yerdə qazaxlar yox idi. Səhralıq, çöllük olduğundan orada bizimkilərdən başqa yaşayış yox idi. Vəzifədə də ancaq qazaxlar olurdu. Bizimkilərin hamısı çöl adamı idi. Orada təkcə erməni və gürcü yox idi. Əgər orada erməni olsaydı belə, mehriban olacağımıza inanmıram".
Nikita Serqeyeviç Xruşşov ötən əsrin 50-60-cı illərində bəzi siyasi məhbuslara bəraət verdi. Bəraət alanların içində Məmmədovlar ailəsi də olub: "Biz Xruşşovun qərarı ilə 1961-ci il martın 17-də Qazaxıstanı tərk etdik. Mənim o zaman 12 yaşım var idi. Doğrudur, orada həyat şəraitimiz olduqca çətin idi. Lakin ora mənə həyatda yerimi tapmağa çox kömək oldu. Mən orada olanda heç kim idim, uşaq idim. Yəni orada dini, milli ayrı-seçkilik yox idi. Azərbaycana gələndən sonra anladım ki, mən azərbaycanlıyam. Buraya gələndən sonra ayrı-seçkilikləri görəndə ora üçün darıxmağa başladım. Orada birlik var idi. Buraya gəldim, gördüm ki, insanlar paramparçadırlar".
Əsgər müəllim deyir ki, baxmaraq ki, orada yaşamaq çətin idi, amma insanlar intihar etmirdilər, yaşamaq uğrunda mübarizə aparırdılar. Həmsöhbətimiz son dövrlər intiharların sayının artmasını fiziki işin az olması ilə əlaqələndirir: "Çətinliklər insanları gücləndirirdi. Uşaqlar bir-birinə kömək edirdilər, məktəbdə biri çıxıb çörək yeyirdisə, bir loxma bölüb səninlə paylaşırdı. Bacımın 4 yaşı var idi, bir baş inəyimiz var idi, otarmağa aparırdı. Başqa şey fikirləşməyə vaxt yox idi. Uşaqlar növbə ilə inək otarırdılar. Biz də balaca olmağımıza baxmayaraq, ailəmizə bu cür kömək etməyə çalışırdıq. İşimiz başımızdan aşırdı, intihar barədə düşünməyə vaxt olmurdu. İndi isə hər gün intihar xəbəri alırıq. Hamısı ona görədir ki, insanlar fiziki işlə məşğul olmurlar".
Ə.Məmmədov yenidən sürgün xatirələrinə qayıdır. Bildirir ki, yerli qazaxlar olduqca varlı yaşayırdılar: "Yerli qazaxlar varlı idilər, onların hər şeyi vardı: torpaqları, çölləri, mal-qaraları. Ona görə də hamısı imkanlı idilər. Onlar bizimkilərə heç vaxt qarışmayıblar, bir-birimizdən aralı yaşayırdıq. Amma onlarda bir xüsusiyyət var idi ki, məsələn, onların evinə gedirsənsə, gözün hər-hansı bir əşyaya toxundusa, onlar həmin əşyanı sənə bağışlayardılar. Fərqi yoxdur, bahalı, ya ucuz".
İnsanların aclıqdan yox, müxtəlif xəstəliklərdən öldüyünü deyən Məmmədov ağır xəstəliyə görə doğmalarının əksəriyyətinin orada qaldığını söylədi: "İnsanlar əsasən tif xəstəliyindən ölürdülər. Ana babamız, onun qardaşı və bacısı o xəstəlikdən orada qaldılar. Anam 40 gün o xəstəlikdən yatıb, amma sağalıb. Əmimin qızına isə it hücum edib, ürəyi partlayıb ölüb, qəbri orada qalıb".
Orada yaşanan çətinliklər, yarıac, yarıtox uşaqlıq illəri... Bütün bunlara rəğmən, o, uşaqlığının xiffətini çəkir. Qəhrəmanımız, demək olar ki, hər gün o yerləri yuxusunda görür. "Oralar üçün darıxırsınızmı?" sualına isə onun cavabı belə oldu: "Bəzən uşaqlığımı çox aydın şəkildə yuxumda görürəm, dostlarımı görürəm. Yay fəslində, istirahət günündə çaya birlikdə gedirdik. Qışda qarla oynayırdıq, siniflə birlikdə gəzirdik. Zaqatalaya gələndən sonra gördüm ki, burada hər kəs öz uşağını qoruyur, imkanlı-imkansız təbəqələşməni burada gördük. Zaqatalada mən anladım ki, azərbaycanlıyam. Orada hər şey tolerant idi. Hər kəs bir-birilə mehriban davranırdı, eyni münasibət göstərirdi. Məsələn, birinə ev tikilirdisə, hamı köməyə gəlirdi. Vahid dil rus dili idi. Hər kəs rus dilində danışırdı".
Əsgər müəllimin sözlərinə görə, oranın təhsili Azərbaycanın təhsili ilə müqayisədə olduqca yüksək idi:
"Müəllimlərimiz alman idi. Mən Azərbaycana gələndə təhsil fərqini hiss elədim, oranın təhsili güclü idi. Əgər sən zəifləyirsənsə, səni dərsdən sonraya saxlayırdılar. Müəllim səni evinə çağırırdı. Məktəbli forması yox idi, kim nə istəyirdisə onu geyinirdi, amma buna baxmayaraq, təhsil güclü idi. Buraya gələndə gördüm ki, həmyaşıdlarım mənim bildiklərimi bilmirlər. Orada oymaçılıq sənətini də öyrəndim almanlardan. Bir sözlə, unudulmaz bir uşaqlığım olub".
Əsgər Məmmədov uşaqlıq dostlarını axtarmaq üçün bir neçə dəfə cəhd etsə də, uğursuz olub: "Dostlarımı çox axtardım, tapa bilmədim. Alman idi dostlarım. Əmim qızı oraya gedəndə dostlarımın bəziləri artıq yox idi, bəziləri isə dururdu. Onlar Qazaxıstandan gec, 1970-ci ildə gəliblər, bizimkilərsə 1961-ci ildə çıxdılar. Ona görə də heç birini tapa bilmədim".
Müsahibimizin Azərbaycanla bağlı ilk təəssüratı "Arşın mal alan"la başlayıb: "Mən orada elə başa düşürdüm ki, Qazaxıstan mənim yurdumdur. Azərbaycanlı olduğumu anlamırdım, çünki balacaydım. Orada klub da var idi, həftədə bir dəfə kino göstərirdilər. Mən ilk dəfə “Arşın mal alan”ı orada görmüşəm. O da ancaq rus dilində olurdu. Salonda oturmağa yer yox idi, tamaşaçı ilə dolu olurdu. Atam hər dəfə “kinomuz gəlir” deyəndə mən onun nə demək istədiyini başa düşmürdüm".
"Atam olduqca vətənpərvər insan idi. Bir dəfə Stalinin büstünü aldım, evə gətirdim. Atam onu görüb çox əsəbləşdi. Hirslə büstü yerə çırpdı, çilik-çilik oldu. Mənə də acıqlandı ki, millətləri məhv edənin büstünə niyə pul vermişəm", - deyə həmsöhbətimiz bildirdi.