Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 9 iyun — Sputnik. Ruhlan Mustafazadə qədim xalq sənətini yaşadanlardan biridir. 29 yaşlı bu gənc sənətkar hazırda Şəki şəhərdəki emalatxanasında ulu babalarından yadigar qalan və nəsildən-nəslə ötürülən, günümüzədək yaşadılan sənətlə - misgər-qalayçılıqla məşğuldur.
Atası Kamal ustanın səhhətində problemlər olduğundan Ruhlan bu çətin peşə ilə tək məşğul olur: "Uşaq vaxtından bu emalatxanadayam. Əvvəllər atamın yanında öyrənirdim, həm də ona kömək edirdim. Artıq 10 ildir ki, bu işlə sərbəst məşğul oluram".
Bu sənət Ruhlanın, ümumən Mustafazadələr nəslinin dolanışıq yeridir. Ulu babası Yusif, babası Bağır və atası da vaxtilə tanınan sənətkarlardan olublar: "Ümumiyyətlə xalq sənətkarlığı elədir ki, mütləq qanda olmalıdır. Tarixən də belə olub. Qalayçının oğlu qalayçı olub, dulusçunun oğlu dulusçu, halvaçının oğlu da halvaçı. Bu, Şəkidə ənənədir. Mən də çalışıram ki, bu ənənəni qoruyub saxlayım".
Ruhlan deyir ki, mis elə bir metaldır ki, heç vaxt alıcını aldatmaq olmaz: "Digər metalların oxşarını yaratmaq mümkündür. Amma misin yox. Son dövrlər insanlar rahatlığa qaçır. Misə üstünlük vermirlər. Lakin mis qazanda hazırlanan yemək daha dadlı olur. Biz əşyaları yalnız təmiz metaldan hazırlayırıq. Məsələn, bizim hazırladığımız samovarda qaynadılan çay digər metaldan hazırlanan samovardan dadı ilə fərqlənir. Görünüşünə və qolaylığına görə müasir dövrdə onlara üstünlük verirlər. Amma sağlamlığımız hər şeydən öndə olmalıdır. Mis samovarda kömürlə qaynadılan və həmin samovar üstündə dəm alan çayın dadını yaxşı bilirik. Tefalda qaynadılan çay heç vaxt samovarların çayı ilə eyni ola bilməz. Mütləq dadı və insana orqanizminə təsiri ilə fərqlənəcək".
"Əvvəllər alıcılarımız çox olardı. Qız köçürəndə mütləq ona samovar verirdilər, mis qazanlar verirdilər. Müasir dövrdə isə tefala, alüminiuma üstünlük verirlər. Amma zaman keçdikcə insanların sənətkarlıq məmulatlarına dəyər verdiyinin şahidi oluruq. Novruz bayramında Bakıda bulvar ərazisində sənət işlərimizi nümayiş etdirəndə, insanların qədim əşyalara marağını görürük. Alıcılarımız əsasən ərəblər və iranlılar olur. Bundan başqa, Türkiyədən də gəlib maraqlananlar olur" – deyə usta əlavə edir.
Şəki turistlərin ən çox üz tutduqları məkandır. Həmsöhbətimiz deyir ki, gələn turistlər ən çox rayonun "Yuxarı Baş” Tarix-Memarlıq Qoruğu ərazisinə və Karvansaraya gedirlər. Müsahibimiz təəssüflə qeyd edib ki, həmin ərazilər alverçilərə verilib: "Bizim alıcılarımız əsasən turistlərdir. Karvansaray və "Yuxarı Baş” qoruğu ərazisi isə alverçilərə verilib. Sanki bir monopoliya yaranıb orada. Əslində orada xalq sənətkarlığını yaşadan insanlar olmalıdır. Biz sənətkarların yerini isə alverçilər tutub. Onlar da Çin qablarını gətirib, Şəki malı adı ilə turistlərə sırıyırlar. Dəfələrlə müraciət etməyimə rəğmən cavab ala bilməmişəm. Özünüz də görürsüz ki, emalatxanam çox qarışıq yerdədir. Hərdən hansısa turistin yolu buradan düşsə, əl işlərimizi görə bilər. Yox, “azıb” gəlməsə, heç kim xəbər tutmur. Buna görə də, alıcı qıtlığı yaşayırıq".
Gənc sənətkar öz həmyaşıdlarının işsiz qalmasının səbəbini onların tənbəlliyində görür: "Baxırsan, çayxanalar işsiz insanlarla doludur. Sosial şəbəkələrdə hamı işsizlikdən danışır. Amma heç kəs - xüsusi ilə cavanlar əziyyətə qatlaşmaq istəmirlər. Əziyyət çəkmək istəmirlər. Mən demirəm gəlib mənim kimi qalayçı olsun, amma digər sənətlər də var. Tutaq ki, yaxşı bir çilingər tapmaq, bacarıqlı santexnika ustası tapmaq müşkül məsələdir. Bunlara ehtiyac var. Bu problem ən çox rayonlarda özünü göstərir. Hamısı qaçır ya paytaxta, ya da ölkədən kənara. Amma burada da adını çəkdiyim sənətləri öyrənsələr işsiz qalmazlar. Heç kəs öyrənmək istəmir. Ona görə də işsizlik baş alıb gedir".