CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir nəfərin azadlığı, yaxud dəb mədəniyyətinin qaşalma problemi

CC0 / Pixabay / eyebrowsQaş, arxiv şəkli
Qaş, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azad olun, insanlar! Başqasına zərəriniz, ziyanınız dəymədiyi müddətcə, ola bildiyiniz qədər azad olun

BAKI, 31 avqust — Sputnik. Xeyli müddətdir ki, qaşlarımla bağlı çəkdiyim video sürətlə paylaşılmaqdadır. Videoda da qeyd etdiyim kimi, bütün təhlillərə, məntiqi qənaətlərə, elmi, texnoloji və mədəni inkişafla bağlı fikirlərə cavab vermək üçün zehni və mənəvi gücü sadəcə təhqirə çatan insanlar elə təhqir etməkdə bəhsə durublar. Bu, məni təəccübləndirmədi. Məlum kütlədən başqa nə gözləyə bilərdim ki?

Ən dəhşətlisi isə odur ki, mənim məlum videoda səsləndirdiyim fikirləri “inkişafın yolu qaş almaqdan keçir” deyə anlayan insanlar var. Mən onları bir mənada bağışlayıram ki, sözdə vətən, millət sevdasında dəm vuran bu kütlə əmələ gəlincə, heç bir vətənin və millətin dilini də öyrənmir. Azərbaycan dilini o qədər bilmir ki, həm mənim videoda səsləndirdiyim fikirlərin mahiyyətini anlamır, həm də bu fikirlərə cavab verəcək söz ehtiyatı, cümlə qurmaq bacarığı, düşüncəni ifadə etmək qabiliyyətindən məhrumdur.

Məqsədim qaşlarımdan danışmaq deyil. Məqsədim başqadır.

Tatu etdirmək üçün ən ideal vaxt soyuq aylardır - Sputnik Azərbaycan
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb

Bir dəfə Türkiyədə bərbərə getdim. Lövhədə saç, saqqal təraşı və fenləmə ilə yanaşı, qaş və üz maskası xidmətləri də göstərilirdi. Bir anlıq Azərbaycandakı kişi salonlarında belə bir lövhənin asıldığını təsəvvür etdim. Kişiliyi mənəvi kateqoriya hesab edən və qaş alınmasını, üzə maska qoyulmasını, qırışların, səpkilərin estetik üsulla aradan qaldırılmasını bu mənəvi kateqoriyaya, kişiliyin əxlaqi prinsiplərinə zidd əməl kimi görən tipik azərbaycanlıların üsyanı o məkanı yerlə bir edərdi.

Məsələ qaşda da deyil. Ümumiyyətlə, dəblə geyinmək, zinət əşyalarından istifadə etmək, üzü və bədəni pirsinqlərlə bəzəmək, sırğa taxmaq, qaş almaq, saç uzatmaq kimi qorxuları olan kütlədə yaşayırıq. Bu yasaqları hər bir fərd ayrılıqda öz həyatına tətbiq edə bilər. Bu, onların şəxsi qərarlarıdır. Heç kim də “inkişaf etmək üçün qaşınızı alın” demir. Deyə də bilməz. Lakin öz şəxsi qərarlarını kütlənin ümumi qadağa etiketi səviyyəsinə qaldırmaq, başqalarının arzu və istəklərini, maraqlarını, zövqlərini mühakimə etmək ədəbsizlik deyilmi?

Avqust Strindberqin “Ata” əsərində ailənin övladı bəlli çərçivə içində böyütmək, onda öz arzularını reallaşdırmaq, onu özünün ideal fiquru kimi yetişdirmək arzusu təsvir olunub. Əsərdə ana öz qızının rəssam olmasını, dayə metodist olmasını, nənə isə babtist olmasını istəyir. Hər kəs bu uşağa öz istədiyi geyimi geyindirir, öz istədiyi yeməyi yedirir. 

Balaca dəb sevərlər podiumları fəth ediblər   - Sputnik Azərbaycan
VİDEO
Balaca dəb sevərlər podiumları fəth ediblər
Hərə onu öz zövqünə uyğun, öz maraqlarına uyğun işlərə sövq edir. Qızının şəxsi azadlığının məhv olduğunu anlayan ata onu bu ailədən xilas etməyə çalışır. Lakin atanın üsyanını görən ailə azad bir fərdin formalaşması fikrindən o qədər qorxur ki, atanı ruhi xəstə adlandırır, hətta yaşlı dayə ataya ruhi xəstə paltarını geyindirir. Günahı övladının azad böyümək arzusu olan ata həqiqətən də ağlını itirir və ölür.

19-cu əsrdə İsveçdə yazılmış bu əsər bugünkü Azərbaycan toplumu üçün hələ də aktualdır. Müasir Azərbaycan ailələrində valideynlər ötən əsrin düşüncə sandıqlarından çıxardıqları paslanmış, kif atmış fikirləri övladlarına zor-bəla ilə sırıyırlar. Nəticədə kiminsə qaş almasını cəmiyyətin ümumi əxlaqi prinsiplərinə zidd hesab edən mühafizəkarlar yetişir. Nəhayət, proses fikir mübarizəsinə, azadlıq müharibəsinə, siniflərarası münaqişəyə, nəsillərarası ixtilafa qədər böyüyür.

20-ci əsrin əvvəlləri fransız cəmiyyətində Koko Şanel saçlarını kəsdiyi və şalvar geyindiyi üçün əxlaqsız hesab olunurdu. Bu gün isə Şanelin kolleksiyası dünya brendidir. Yəqin ki, öz keçmişinə boylanan fransız cəmiyyəti vaxtı ilə nə qədər avara, sərsəm işlərlə məşğul olduğunu anlayır və xəcalət çəkir. Bunu anlamasaydı və xəcalət çəkməsəydi, bu günün Fransası dünyanın mədəniyyət çeşməsi olmazdı.

Dəb və stil mədəniyyətin elə bir sahəsidir ki, bəşərin hər bir fərdinə xitab edir. Buna saç düzümündən, qaş formasından tutmuş, zinət əşyalarına qədər irili-xırdalı bütün geyim və bəzək aksesuarları daxildir. Digər mədəni sahələr kimi dəb və stil anlayışında da milli, irqi və cinsi ayrı-seçkiliyə yer yoxdur.

Модель во время презентации коллекции дизайнера Luli Fama на Неделе пляжной моды в Майами  - Sputnik Azərbaycan
FOTO
Mayamidə gözəllik yarışması - Onlara yüz dəfə baxmaq olar

Nəhayət, bu ölkədə çap olunan kitablar 20 günə heç olmazsa 70 min tirajla satılsaydı, elmi və bədii ədəbiyyata maraq və sevgi bu mühitdə heç olmazsa 70 min nəfəri əhatə etsəydi, teatr tamaşalarına 20 gündə 70 min bilet alınsaydı, ciddi sənət nümunələri, sənədli filmlər, elmi materiallar və zehnin, mənəviyyatın inkişafına təkan verən digər elmi-mədəni vasitələr 70 min nəfər tərəfindən oxunsa, izlənilsəydi, indi bu qədər barbar bir mühitin mənsubları olmazdıq! Amma mənim qaşlarımı aldığım video bütün paylaşımlarında toplamda 70 mindən artıq baxıldı. Hətta, mən bütün mənəvi dəyərlərə xəyanətkar, vətənə satqın oldum! Niyə? Çünki qaşlarımı alıram...! Gülürsünüz? Vallah, ciddiyəm. Rəylərdə belə yazırdılar.

Azad olun, insanlar! Başqasına zərəriniz, ziyanınız dəymədiyi müddətcə, ola bildiyiniz qədər azad olun. Gəlmiş-keçmiş heç bir dahi həyatda azadlıqdan daha müqəddəs olan başqa bir anlayışdan bəhs etməyib.

Xəbər lenti
0