Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Riqada Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-prisinin ikinci mərhələsindəki uğurlu çıxışı hesabına cari dünya reytinqinin ilk onluğuna daxil olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla da azərbaycanlı oyunçu öz adını dünyanın günümüzdəki on şahmat dahisinin siyahısına yazdıra bilib.
Xatırladaq ki, Məmmədyarov Latviyanın Riqa şəhərində keçirilən FİDE-nin ikinci Qran-prisinin finalına çıxıb və həlledici matçın birinci partiyasında fransalı Maksim Vaşye-Laqrav üzərində qələbə qazanıb.
Qeyd edək ki, FİDE Qran-prisinin Riqa mərhələsinə start verilməmişdən qabaq Məmmədyarov bu reytinqdə 14-cü pillədə qərar tuturdu. Lakin partiyalarda vaxta klassik nəzarət etməklə Daniil Dubov (Rusiya), Uesli So (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanması sayəsində o, yenidən reytinqin ilk onluğuna qayıdıb.
Lakin digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov planetin ən yaxşı şahmatçılarının ilk onluğunda dayana bilməyərək, 2758,2 xalla 12-ci sıraya düşüb.
Hazırda dünya reytinqinin ilk onluğunda bu şahmatçılar dayanır: 1. Maqnus Karlsen (Norveç, 2881,7), 2. Fabiano Karuana (ABŞ, 2817,8), 3. Din Lijen (Çin, 2798,4), 4. Aniş Qiri (Hollandiya, 2778,7), 5. Uesli So (ABŞ, 2776,3), 6. Yan Nepomnyaşiy (Rusiya, 2773,8), 7. Maksim Vaşye-Laqrav (Fransa, 2773), 8. Şəhriyar Məmmədyarov (Azərbaycan, 2768,5), 9. Levon Aronyan (Ermənistan, 2765,2), 10. Lenyer Dominges (ABŞ, 2763).