Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 21 iyul — Sputnik. Bu gün Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası başa çatıb. İyul ayının 11-dən başlanan yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilib və şəxsi-komanda xarakteri daşıyıb.
Beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sözügedən yarışda 551 nəfər şahmatçı iştirak edib: "Respublikanın 58 bölgəsindən şahmatçılar iştirak ediblər. Yarış 2 yaş qrupu üzrə keçirilib: 10 yaşadək və 16 yaşadək".
Hakim bildirib ki, yarışın Qaxda keçirilməsi heç də təsadüfi deyil: "Bu yarışın strukturu belədir ki, Federasiya tərəfindən hər il Azərbaycanın gəzməli, görməli bir yeri seçilir. Hər il də bu dəyişilir. Bu il də Qaxa nəsib olub. Rekord sayda iştirakçı yığılıb. 2020-ci ildə bu yarışın Şəkidə keçirilməsi nəzərdə tutulub. Daha öncəki illərdə Qusar, Zaqatala, Balakən, İsmayıllı kimi respublikanın turizm bölgələri yarış üçün seçilib".
Olimpiadanın yekun nəticələrinə əsasən, 16 yaşadək şahmatçılardan təşkil olunan komandaların yarışında Sumqayıt təmsilçiləri qalib gəlib. Sonrakı yerləri Quba və Gəncə komandaları tutublar. 10 yaşadək şahmatçıların komanda yarışları isə Bakı Respublika Şahmat Məktəbi təmsilçilərinin qələbəsi ilə başa çatıb. Sumqayıt və Şəki komandaları ikinci və üçüncü yerləri paylaşıblar. Qaliblər Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi və Azərbaycan şahmat federasiyasının medalları, kubokları və pul mükafatları ilə təltif olunub.