Emin Əliyev, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. Hörmüz boğazında keçən aydan bəri müşahidə olunan gərginlik nəinki səngimək bilmir, hətta əhatə dairəsini genişləndirərək region sərhədlərindən kənara çıxıb. Boğazda iyun ayında baş vermiş tanker və dron insidentlərindən sonra Qərblə İran arasında təhlükəli qarşıdurma artıq Aralıq Dənizi regionuna keçib.
Ötən həftə Britaniyanın İrana məxsus supertankeri Cəbəlüttariq sahillərində saxlamasından sonra bu gün Tehranın eyni addımı atmağa cəhd göstərdiyini iddia edən məlumatlar yayılıb. İranın isə bu ittihamlara cavabı özünü çox gözlətməyib.
Sputnik Azərbaycan “CNN” telekanalına istinadən xəbər verir ki, ABŞ müdafiə nazirliyi dünən İran silahlı qüvvələrinin beş katerinin Britaniyaya məxsus “British Heritage” neft tankerini Hörmüz boğazında saxlamağa cəhd etdiyinə dair məlumat yayıb. İran gəmilərinin tankerə yaxınlaşaraq ondan ölkənin ərazi suları yaxınlığında dayanmasını tələb etdiyi bildirilib. Lakin məlumata görə, tankeri müşayiət edən Britaniya donanmasının “HMS Montrose” freqatı tərəfindən edilən “şifahi xəbərdarlıq” və tankeri buraxmaq tələbindən sonra iranlılar gəminin yolundan çəkiliblər.
Dünya güclərindən reaksiya
Hadisə ilə bağlı RİA Novosti-yə verdiyi rəsmi açıqlamasında Pentaqon deyib ki, Hörmüz boğazında və İran ətrafındakı digər beynəlxalq dəniz marşrutlarında gəmiçiliyə qarşı təhdidlərə beynəlxalq ictimaiyyət reaksiya verməlidir.
"Dünya iqtisadiyyatı sərbəst ticarət axınından asılıdır və bütün ölkələr qlobal tərəqqinin bu təməlini qorumağa məcburdur", - ABŞ Mərkəzi Komandanlığı mətbuat xidmətinin rəsmisi Bill Urban RİA Novosti-yə deyib.
Çin isə tərəfləri təmkinli olmağa və vəziyyətin eskalasiyasına yol verməmək üçün lazımi səy göstərməyə çağırıb.
“Fars körfəzi regionu beynəlxalq sabitliyin və qlobal enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır”, - Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan vurğulayıb.
Kreml də tərəfləri təmkinli olmağa çağıraraq, vəziyyəti dialoq vasitəsi ilə həll etməyin vacibliyini vurğulayıb.
İrandan cavab
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin insidentlə bağlı reaksiyası özünü çox gözlətməyib. “Fars” agentliyi xəbər verir ki, Zərif İran katerlərinin Britaniyaya məxsus tankeri saxlamaq cəhdi haqqında məlumatları təkzib edib.
“Onların iddiaları, onların dedikləri vəziyyətin eskalasiyasına yönəlib. Bu bəyanatların heç bir dəyəri yoxdur”, - Zərif deyib.
Cəbəlüttariq insidenti
Qeyd edək ki, keçən həftə Britaniya ərazisi olan Cəbəlüttariqdə İrana məxsus neft tankeri saxlanılıb. Supertankerin Avropa İttifaqının Dəməşqə qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya neft daşıdığı iddia edilib, İran isə bu iddiaları təkzib edib.
Cəbəlüttariqin gəmini ABŞ-ın tələbi ilə saxladığı qeyd olunur.
İran artıq cavab olaraq Britaniya səfirinə etirazını bildirib. İran Xarici İşlər Nazirinin müavini Abbas Əraqçı isə tankerin Suriyaya neft daşımadığını deyib.
İrana qarşı koalisiya
Dünən ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri, general Cozef Danford Vaşinqtonun İran və Yəmən ətrafındakı suları patrul etmək məqsədilə beynəlxalq koalisiya yaratmaq planı haqqında məlumat verib.
Danford deyib ki, ABŞ bir neçə ölkə ilə əlaqə saxlayaraq Hörmüz və Bab-əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyinin təmini üçün koalisiya yaratmağın mümkünlüyünü müzakirə edib: "Güman edirəm ki, növbəti həftələr ərzində hansı ölkələrin bu təşəbbüsü dəstəkləmək üçün siyasi iradəyə malik olduğunu görəcəyik; sonra isə bu təşəbbüsü təmin etməyə yönəlmiş konkret vasitələrin müəyyənləşdirilməsi üçün bilavasitə həmin ölkələrin silahlı qüvvələri ilə əməkdaşlıq edəcəyik".
Qeyd olunur ki, Danford ABŞ Dövlət Katibi Mayk Pompeo və müdafiə nazirinin vəzifələrini icra edən Mark Esper ilə görüşərək sözügedən məsəlinin detallarını müzakirə edib.
Bir müddət öncə Pompeo BƏƏ-yə səfəri zamanı Fars körfəzi, Avropa və Asiya ölkələrindən ibarət beynəlxalq koalisiyanın yaradılmasını müzakirə edəcəyini bildirib.
Qeyd edək ki, iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub. Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib.
Tehran dronu İranın hava məkanında vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.
Dron insidentindən bir həftə əvvəl isə Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri bəlli olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb. İran qəti şəkildə bu ittihamları təkzib edir.