BAKI, 4 iyul — Sputnik. İranın az zənginləşdirilmiş uran limitini keçmək qərarından sonra ABŞ Prezidenti Donald Tramp Tehranı hədələyib.
Sputnik Azərbaycan xəbər verir ki, ABŞ prezidenti İranın qərarına tvitlərindən birində reaksiya verib.
"İran indicə yeni xəbərdarlıq verdi. (İran Prezidenti Həsən) Ruhani deyir ki, yeni nüvə razılaşması olmasa, onlar uranı "istədikləri səviyyədə" zənginləşdirəcəklər. Təhdidlərində ehtiyatlı ol, İran; o təhdidlər geri qayıdıb sənə daha öncə heç kəsin görmədiyi bir zərbəni vura bilər", - deyə Tramp tvitində deyib.
Iran has just issued a New Warning. Rouhani says that they will Enrich Uranium to “any amount we want” if there is no new Nuclear Deal. Be careful with the threats, Iran. They can come back to bite you like nobody has been bitten before!
— Donald J. Trump (@realDonaldTrump) 3 июля 2019 г.
Bir neçə gün əvvəl İran az zənginləşdirilmiş uran ehtiyatlarının nüvə razılaşmasında müəyyən edilmiş 300 kiloqram limitini keçdiyini bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın ehtiyatlarının bu rəqəmi keçdiyini təsdiqləyib.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Tehranın nüvə razılaşması çərçivəsində öhdəliklərini azaltmaq qərarını ölkəsinin bu sazişi saxlamaq niyyəti ilə izah edib.
O, vurğulayıb ki, İran müvəqqəti olaraq imtina etdiyi öhdəlikləri bərpa edəcək, lakin bunun üçün razılaşmanın digər tərəfləri də eyni addımı atmalıdırlar. Ruhaninin sözlərinə görə, bu həmçinin bir qədər əvvəl zənginləşdirilmiş uran limitinin aşılması məsələsinə də aiddir.
"İranın öhdəliklərinin azaldılması Birgə Hərtərəfli Fəaliyyət Planına (nüvə razılaşması – red.) qarşı yox, onun saxlanılmasına yönəlib. Çünki biz əminik ki, bu addımlar olmasa, Birgə Hərtərəfli Fəaliyyət Planı məhv olacaq", - deyə Ruhani bildirib.