Fuad Əlizadə, Sputnik Azərbaycan
BAKI, 01 iyul — Sputnik. Azərbaycan əhalisinin kərə yağından istifadəni azaltması həmin ərzaq məhsulunun ölkəyə idxalını kəskin surətdə aşağı salıb.
Belə ki, 2019-cu ilin yanvar-may aylarında ölkəyə 5,434 min ton kərə yağı gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 713 ton, yaxud 11,5% azdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AR Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Satınalmaların azalması hesabat dövründə yağ idxalı xərcinin 27,159 milyon dollara düşməsinə gətirib çıxarıb. Bu isə ötən ilin göstəriciləri ilə müqayisədə 9,177 milyon dollar, yaxud da 25,3% azdır. Bununla əlaqədar olaraq, idxalçılar öz itkilərini azaltmaq üçün ölkəyə gətirilən yağın qiymətlərində endirim etmək məcburiyyətində qalıblar. Əgər ötən il ölkəyə gətirilən hər 1 kq yağ 5,9 dollara başa gəlirdisə, cari ildə 5 dollara başa gəlir. Buna müvafiq olaraq, kərə yağının qiyməti də ötən ilə nisbətən aşağı düşüb.
Azərbaycanda kərə yağı istehsalının həcmi isə praktiki olaraq dəyişməyib. Cari ilin ilk beş ayının nəticələrinə görə, kərə yağı istehsalı 9,838 min ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,9% çoxdur.
Bu minvalla, ölkədə istehsal olunan kərə yağı ilə, idxal olunan kərə yağının Azərbaycanın istehlak bazarındakı cəmi 15,272 min tondur. Bu isə ötən ilə nisbətən 629 ton, yaxud 4% azdır.
2018-ci ildə ümumi istehsal 23,5 min ton, idxal isə 12,1 min ton təşkil edib. Nəticədə istehlak bazarına 35,6 min ton kərə yağı tədarük edilib.
Xatırladaq ki, orta statistik azərbaycanlının istehlak səbətinə daxil olan illik kərə yağı norması minimum 7 kq-dır. Nəzərə alanda ki, ölkə əhalisinin sayı 10 milyondur, onda ildə azərbaycanlıların 70 min ton kərə yağı qəbul etməsi lazımdır. Hazırda isə ölkədə yağ istehlakı bundan iki dəfə aşağıdır.
DSK-nın məlumatına görə, 2018-ci ilin yekunlarına əsasən, ölkəyə 12,115 min ton kərə yağı idxal edilib ki, onun da ümumi dəyəri 69,69 milyon dollar olub. Bu isə hər kiloqram yağın 5,05 dollara başa gəldiyini göstərir.
2017-ci ildə ölkəyə 13,811 min ton kərə yağı gətirilib və bu da 66,9 milyon dollara, yəni hər kiloqramı 4,84 dollara başa gəlib.